Tarix : 2011 Dec 29
Kod 27617

“Fransa məsələsində Azərbaycandan gözləntilərimiz var”

Türkiyə “Ermənistanla sərhədləri açın!” tələbini qəbul etsəydi, Fransa bu qərarı qəbul etməzdi
well/Aran agentliyi

 

AKP-li millət vəkili rəsmi Bakını Fransadakı səfirini geri çağırmağa səslədi

Mustafa Kabakçı: “Türkiyə “Ermənistanla sərhədləri açın!” tələbini qəbul etsəydi, Fransa bu qərarı qəbul etməzdi

Fransa Milli Assambleyasının 1915-ci ildə Osmanlıda yaşanan hadisələrin soyqırımı olduğunu inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etməsinə münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan üzvü Mustafa Kabakçı ölkəsinin Azərbaycandan gözləntiləri olduğunu söyləyib.

Media forum”a danışan Mustafa Kabakçı deyib: “Əlbəttə, Azərbaycanın bizim üçün özünü oda atmasını istəmirik və heç bir zaman da istəmərik. Amma gözləntilər sadəcə Türkiyənin deyil, həm də Azərbaycanın maraqlarından irəli gəlir. Fransa parlamentinin alt qanadının bu layihəni qəbul etməsi yalnız Türkiyəyə qarşı addım deyil. Həm də torpaqları işğal olunan, 20-ci əsrin əvvəlində və sonunda qətliama məruz qalan, minlərlə şəhid verən Azərbaycana qarşı bir adımdır.

Fransa hər zaman ermənipərəst mövqedə olub, amma son addımı ilə bitərəf olmadığını, erməni iddialarının və Ermənistanın mövqeyinin yanında olduğunu rəsmən elan edib. Bu halda Fransanın ATƏT Minsk qrupunun həmsədri olaraq fəaliyyətini davam etdirməsi absurddur. Tarixi mübahisələrlə bağlı danışmağı, fərqli fikir söyləməyi belə qadağan edən bir ölkə Dağlıq Qarabağ probleminin həlli prosesində bitərəf vasitəçi ola bilməz. Bu səbəbdən Azərbaycan Fransanın Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması tələbini səsləndirməkdən çəkinməməlidir”.

Mustafa Kabakçıya görə, Türkiyə beynəlxalq birlikdən gələn “Ermənistanla sərhədləri açın!” tələbini qəbul etsəydi, Fransa bu qərarı qəbul etməzdi: “Türkiyə hər zaman Azərbaycanın yanında olub və hər zaman Azərbaycanın mənafelərinə zidd olan, Azərbaycanla razılaşdırılmayan addım atmayacağını bəyan edib və bu sözünün də üstündə durub. Bu gün də bütün dünyadan gələn təzyiqlərə baxmayaraq protokolları ratifikasiya etməməklə həmin sözünün üstündə durur və duracaq. Çünki Türkiyə Azərbaycanın məsələlərini özünün məsələləri kimi görür. Fransanın belə əsassız qərarı qəbul etməsinin səbəblərindən biri də budur.

Fransa bu gün sürətlə inkişaf edən və dünyada söz sahibi olan Türkiyənin Dağlıq Qarabağ məsələsində və bütün məsələlərdə qeyd-şərtsiz Azərbaycanın yanında olmasından narahatdır və bu cür addımlarla həm Türkiyəyə, həm də Azərbaycana gözdağı vermək istəyir. Azərbaycan da bunu görməli və lazım gələn adımları atmalıdır. Qardaş Azərbaycandan ilk gözləntimiz Fransanın Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması tələbini səsləndirməsi, Türkiyənin bu tələbinə dəstək verməsidir. Və ya uzaqlaşdırma tələbi yerinə yetirilməzsə, Azərbaycan Minsk qrupunun dəvətlərinə qatılmaya bilər.

Bundan əlavə, Azərbaycan məsələyə nə qədər həssas yanaşdığını nümayiş etdirmək üçün Fransadakı səfirini məsləhətləşmə məqsədilə geri çağıra bilər. Eyni zamanda Azərbaycan Fransa ilə iqtisadi münasibətlərinin yenidən gözdən keçirilə biləcəyinə dair mesaj verə bilər”.

  • Yazılıb
  • da (də) 2011 Dec 29