Tarix : 2011 Dec 29
Kod 27627

İlham Əliyevin kosmos sənayesi yaratması

Mixail Qusmana verdiyi yeni müsahibədə Ilham Əliyev Azərbaycanda kosmos sənayesi yaratmasından danışıb
well/Aran agentliyi

 

Mixail Qusmana verdiyi yeni müsahibədə Ilham Əliyev Azərbaycanda kosmos sənayesi yaratmasından danışıb. Müsahibənin niyə bu məqamına diqqət ayırmağımız səbəbsiz deyil. Biz bu müsahibələrin hər məqamına xüsusi diqqət yetiririk. Çünki ölkə prezidenti yalnız hərdən xarici mətbuata, əsasən də rus mətbuatına müsahibələr verir. Yerli mətbuata isə müsahibələr bir qayda olaraq plandan çıxarılıb.

Biz bunun əsl səbəbini yaxşı anlayırıq, yerli jurnalistlər ona kosmosdan sual verməyəcəklər, yerli suallar verəcəklər. Bəlkə də həmin suallar haqda belə demək olar: ayağı Yerdə olan suallar. Onlar deyəcəklər ki, cənab prezident, kosmosa görə sağ olun, amma bizim yerdəki işlərimiz niyə bu gündədir. Sənaye bir yana qalsın, heç kənd təsərrüfatını düzəldə bilmirik.

Azərbaycanda bircə qatıq-süd problemi yox idi, onu da bir-iki oliqarx zavodu açıldıqdan sonra daha baha almağa başladıq. Yumurtanın əhvalatı da heç kimə sirr deyil. Dünyanın hər yerində 5-7 qəpiyə olan yumurta bizdə yalnız prezidentin sərəncamı ilə ucuzlaşır və sonradan yenə də qalxır.

Kosmos sənayesi yaratmaqla çox-çox uzağa baxdığını deyən dövlət başçısı deyəsən yaxına baxmır. Ölkəmizdə corab istehsal edə bilmirik. Ölkə iqtisadiyyatının 70 faizi cəmi 70 min adamın işlədiyi neftin payına düşür. Normal orta məktəbimiz yoxdur. Universitetlərimiz rüşvət yuvasıdır və ən geridə qalmış standartlara cavab verə bilmirlər. Elmi indekslər reytinqinə görə dünyadan Şri-Lanka ilə birlikdə ən son qrupda dayanırıq.

Əhalimizin bir hissəsi Rusiyaya çörək dalınca düşüb, bir hissəsi Türkiyədə və Avropada özünə yer eləməyə çalışır. Burada isə inkişaf və rifah üçün yaltaqlıq növbəsidir.

Ilham Əliyev deyir: “Yaxın onilliklərdə dünyada kimlər üstünlük təşkil edəcəkdir? Kimin biliyi çoxdursa onlar. Yalnız onlar.”

Amma bu ölkədə biliyə görə ən aşağı işlərə belə götürmürlər, üstəlik, bunun üçün yalançı və məddah olmalısan. Ümumiyyətlə, bilik nədir bizim ölkədə? Bu günlərdə orta məktəb kitablarının birinə baxdım. Məsələdə deyilir ki, maşının spidometri 35 km/saniyəni göstərir. Deməli, bizim maşınlar da artıq kosmik sürətə keçiblərmiş. Eyni məsələdə 4-5 səhv vardı. Üstəlik, bərabərtəcilli düzxətli hərəkətdə təcilin yanlış olaraq iki düsturu var. Baxın, 7-ci sinif fizika dərsliyinə (səh.83).

Son vaxtlar yeni tibb müəssisələrinin reklamı TV-ləri, radioları başına götürüb. Nədən ibarətdir bu reklamlar: xaricdən həkim gəlib, xaricdən həkim gələcək. Əhalinin çox qismi müalicə üçün Irana üz tutur. Onlar bizim kosmos sənayemizdən çox məmnun olsalar da, əlac tapmaq üçün olan-qopanını xaricdə xərcləyir. Bu da bizim kosmos dövrümüzdəki tibbimiz və bizim uzağa baxan strategiyamız.

Rəsmi rəqəmlərə görə, yoxsulların sayı da kosmik sürətlə azalıb. Amma görək o yoxsulluğun daşını atan adam evini-eşiyini satıb normal bir universitetdə uşağını oxutdura bilirmi? Onun ciddi bir xəstəlikdən müalicə olunmağa pulu varmı? Keyfiyyətli suyu, ərzağı varmı? Yolu-izi yerindədirmi?

Necə bəyəm, varlıyıq, amma dərddə boğuluruq? Bu nə cür yoxsulluğun daşını atmaqdır? Bu nə kosmos əsridir bizə?

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə bu günlərdə kosmos mövzusunda unudulmaz bir fikir söylədi. Dedi ki, süni peyk buraxmağımız Azərbaycanın KOSMIK HƏYATINDA mühüm hadisə olacaq. Əsl ədəbiyyat söhbətidir.

Şahvələd Çobanoğlu

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 29