Tarix : 2011 Dec 30
Kod 27644

Tarixi təkrarlamaq yox, yazmaq lazımdır!

الَّذِینَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِیمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِیلُ
well/Aran agentliyi

Allahın adı ilə!

 

الَّذِینَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِیمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِیلُ

O kəslər ki, camaat onlara: "Camaat (Əbu Süfyan və tərəfdarları, yaxud yezid və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" - deyə cavab verdilər.” (Ali İmran -173)

Hacı Taleh Bağırov məhkəmə zalından: “Bu gün özünü müsəlman sayan hər bir kəsin vəzifəsidir ki, canı və malı ilə dinimizə və xalqımıza qarşı bu xəyanətin qarşısını alsın.”

Allah-Taala varlıq aləmini yaratdıqda ona bir “Ol!” – dedi və o da yarandı. Sözün varlıq aləminin yaranışından bu günə kimi çox böyük təsir qüvvəsi var. Quranda oxuyuruq: “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar.” (Yasin surəsi, 82)

Bir kəlmə haq sözə görə tarixdə çox pak insanların qanı axıdılıb. Tarixdə bir neçə illik hakimiyyət kürsüsündə qalmaqdan ötrü çoxları onlara sözlə etiraz edən oğulları və yaxınlarının belə başlarını kəsməyə hazır olub. Səmimi qəlbdən deyilmiş bir kəlmə pak söz ən çirkin bir insanı mənəvi cəhətdən paka çıxarar (məsələn, Kəlmeyi şəhadət). Həmçinin, bir kəlmə nahaq söz mənəvi cəhətdən pak olan bir insanı napak və nəcis edər və Allah dərgahında heyvanlardan da aşağı səviyyəyə endirər.

Allah-Taala pak insanların pak sözlərinin müştərisidir. Onun dəyəri yalnız, Allaha məlumdur və mükafatın da Allah bilir nədir! Quranda oxuyuruq: “Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar.” (Fatir surəsi 10) Bəzən insanların sözlərini daha doğrusu, onların rəylərini almaq üçün ələ alırlar. Onlara sərf edən söz gəzirlər. Bəzən bir sözə görə insanı qətlə yetirirlər. Quran, Tövhid kəlməsinə görə zalım hakimlər tərəfindən minlərlə peyğəmbərlərin qətlə yetirilməsini xəbər verir. Yenə də Quranda oxuyuruq: “Onlar (zalımlar) Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər.” (Ali İmran surəsi, 112)

Tarix boyu cəmiyyətdə haqsızlıq və ədalətsizliyə qarşı mübarizə aparan insanlar həmişə incidilmiş, əziyyət olunmuş və ya qətlə yetirilmişdir. Bəzən özlərini tanrı sayan tüğyan etmiş zalım hakimlər taxt-taclarını qorumaqdan ötrü bütöv bir tayfanın, yaxud xalqın qəhrəman oğullarının başlarını belə kəsməkdən çəkinməmişlər. Quran belə hadisələrə də işarə edir və Misir fironları haqqında buyurur: “Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarının başını kəsir, qızlarını isə (kəniz etməkdən ötrü) sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi!” (Qəsəs surəsi, 4)

Belə zülmə məruz qalmış insanlar tarix boyu olub və olacaq. Zalım hakimlər hər zamanda özlərinin taxt-taclarını qorumaqdan ötrü belə zülmlərə əl atıblar. Allah-Taala Quranda bu qədər tarixi faciələri və hadisələri yada salır ki, bəşər övladı bu hadisələrdən ibrət alıb heç bir cəmiyyətdə bir də belə bir hadisənin baş verməsinə imkan və şərait yaratmasınlar. Kərbəla səhrasında İmam Hüseyndən (ə) bir kəlmə söz tələb olunurdu. Öz rəyinlə bizim zalım Yezidin hakimiyyətini qəbul et və bizi təsdiqlə! Amma Allahın yer üzündə Höccətinin cavabı nə oldu hamı yaxşı bilir.

Bu arada bir mühüm sualla qarşılaşırıq. Nəyə görə digər məsum imamlırımız (ə) bəzən susmuş, bəzən sülh etmiş, bəzən də nəyəsə görə səbr etmişlər?!

Bəziləri bilərəkdən yaxud da bilməyərəkdən, bəzən öz əməllərini məsum imamlarımızın (ə) hansısa şəraitdə sakit qalmasına və ya susmasına əsaslandırır. Biz imamlarımızın (ə) bütün rəftarlırının bizim üçün örnək və əsas olmasını heç bir vəchə inkar etmir və bunu təsdiq edirik. Amma, bu arada bir məsələni araşdırmaq daha mühüm nəzərə gəlir.

Nəyə görə bəzən, məsum imamlar (ə) sakit dayanmış, bəzi zülmkarlıqlar və haqsızlıqlar müqabilində səbr etmişlər? Bu səbəblər haqqında bir an da olsa fikirləşmişikmi?! Əgər fikirləşmiriksə, onda İmam Zamanın (əc) zühurunu gözləməyimizin heç bir mənası yoxdur. Çünki İmam Zaman (əc) o zaman zühur edəcək ki, Onun intizarını çəkənlər səmimi qəlbdən zühura hazır olsunlar və bu zühurun müqəddəməsini hazırlaya bilsinlər. Belə mühüm sualın cavabını tapmaq çox da çətin deyil. Məsum imamlarımızın (ə) sözlərini axtarmaqla hər şeyi başa düşmək olar. Amma, bir şey var ki, bu mövzuda təfəkkür edib, möhkəm iman və şücaət əldə etməklə məqsədə çatmaq olar.

Əvvəlcədən qeyd etdiyimiz kimi tarixi təkrarlamaq lazım deyil, onu yazmaq lazımdır. Bu mənada ki, əgər hansısa imamın (ə) hansısa “səhabələri” və “dostları” Onları meydanda tək qoyubsa, onların evdə oturmalarına, zindana düşmələrinə, sülhə imza atmalarına, məcburi və imkansızlıq üzündən səbr etmələrinə şərait yaradıblarsa, bu heç də bizə əsas vermir ki, biz də belə “səhabələr” və ya “dostlar” kimi zəmanəmizdə zülm, haqsızlıq və ədalətsizliklə razılaşıb, ona qarşı mübarizədən çəkinməliyik və ya səbr etməliyik. Hər kəs belə fikirləşərsə, İslam və Əhli-Beyt (ə) məktəbindən lazımınca bəhrələnə bilməmişdir. Bu mövzuda dəlilsiz söz deməyin özü çaşqınlıqdır. İndi də bu sahədə dəlillərimizi təqdim edək: Əvvəla, bütün ağıllardan və məntiqdən üstün, bəşəriyyətə səadət və xoşbəxtlik üçün göndərilimiş ilahi kitab və vəhydir. Qurani-Kərimdə iki minə yaxın ayadə Allah-Taala yuxarıdakı nümunələrindən zikr etdiyimiz kimi tarixdən yaxşı və faciəvi hadisələri olduğu kimi nəql edir və sonda insanları və iman əhlini belə hadisələrdən ibrət götürüb, özlərini islah etmələri, zülm, haqsızlıq və ədalətsizliklə mübarizədə möhkəm olmağı tövsiyə edir. Allah-Taala Quranda belə tarixi və ibrətamiz hadisləri vəhy olaraq nəql etdikdən sonra iman əhlinə belə buyurur:

Ey bəsirət sahibləri! İbrət alın!” (Həşr surəsi, 2);

Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir” (Ali-İmran, 13)

“(Peyğəmbərlərin) Hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır.” (Yusif surəsi, 111)

Həqiqətən, bunda (keçmiş ümmətlərin giriftar olduğu müsibət və fəlakətlərdə) ağıl sahibləri üçün ibrətlər vardır!” (Taha surəsi, 128)

Bu ayələrin sayını çoxaltmaq olar. Amma, ağıl sahiblərinə və irfan əhlinə bu qədər də kifayət edər. Quranda bu mövzuda gələcəkdə olan hadisələrdən də xəbərlər verilir. Məsələn, cəhənnəmdə günahkarların vəziyyəti haqqında. Oxuyuruq: Onlar: "Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!" - deyəcək. (Mülk surəsi,10) Bununlada insana hələ Qiyamət çatmamışdan xəbərdarlıq olunur ki, sən indidən öz mənəviyyatını düzəltməsən sabah belə bir vəziyyətə düşənlərlə birgə olmaq ehtimalın var. Budur, Allah-Taalanın bəndəsinə olan lütf və mərhəməti. Keçmiş hadisələr də həmin minvalla bizlərə ibrət olmalıdır və cəmiyyətin səhvlərini təkrarlamaq olmaz. Yəni məlum olur ki, əgər tarixdə hansısa bir peyğəmbəri və İmamı (ə) kimlərinsə onun ətrafından qaçması nəticəsində qətlə yetiriblərsə, bu hadisədən xəbərdar olan iman əhli və ağıl sahiblərinin bir daha belə bir hadisəyə bənzərinin təkrar olmasında rolu olmalı deyildir. Çalışmalıdır ki, öz zəmanəsində belə hadisəyə oxşar hadisə qarşıya çıxsa, heç vaxt susmaq və meydandan qaçmaqla, oxşar hadisənin baş verməsində rolu olmasın. Başqa sözlə, əgər bu gün Vətənimizdə İslama qarşı iqtidar tərəfindən rəsmi və qeyri-rəsmi müharibə elan olunubsa, heç kim də bilməsə, sən iman əhli, sən ziyalı bir dəstə mübariz alim və inanclı qardaşlarımızın şərlənərək zülm aparatında əziyyət çəkdiyini bilirsənsə, Quran ayələrinə əsasən, iman və ağıl sahibləri bir an da olsa, belə halla razılaşmamalı və son nəfəsə kimi Haqqın müdafiəsinə və mübarizəyə qalxmalıdırlar.

İkincisi, Qurandan və ya ilahi vəhydən sonrakı dəlilimiz batini yolgöstərənimiz olan əqli dəlildir. Məsum imamlarımızın (ə) öz kəlamlarına müraciət etdikdə, tamamilə bizə aydın olur ki, imamın (ə) ətrafındakı “iman əhlinin” xəyanəti üzündən Allahın yer üzündəki höccətləri ya şəhid olmuş, ya susmağa məcbur olmuş, ya da zindanlara düşmüşlər. İndi də bu mövzuda Məsum İmamların (ə) buyurduqlarına müraciət edək:

a) Əmirəlmöminin Əlinin (ə) Qədir-Xum hadisəsindən sonra “iman əhlinin” O Həzrəti meydanda tək qoymaları və bir dəstənin qorxusundan, bir dəstənin anlaşılmazlıqdan və digər bir dəstənin isə xəbərsizlikləri üzündən Əmirəlmöminin Əlinin (ə) 25 il evdə oturub ömrünü tənhalıqda keçirməsinə səbəb olur. O Həzrət bu haqda buyrur: “Elm və maarif mənim feyz bulağımda çağlar, bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra (Əbu Quhafənin oğlu xəlifəlik köynəyini haqsız yerə geydiyinə və camaat onu təbrik etdiyinə görə) xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri əzən və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim? Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim” (Nəhcül-Bəlağə; 3-ü Xütbə)

İmamın (ə) bu ağrılı sözlərini oxuyan hər bir iman və irfan əhlinin ilk arzusu bu olar ki, kaş o anda Əmirəlmöminin Əlinin (ə) yanında olaydım və meydanda köməksiz qalan O Həzrətə kömək edəydim. Yoxsa bu gün iqtidarın İslamın və islamçıların başlarına açdığı müsibət və mübarizə meydanından kənara çəkilməkdən ötrü bu cansıxıcı hadisəni bəhanə gətirib, minlərlə fədakar mömini susdurub sazişə dəvət etmək məntiqi addım deyildir. Ağlımız bizə hökm edir ki, belə tarixi hadisələri təkrarlamağın özü böyük zülmdür və çalışmaq lazımdır ki, alimlər və cavanlar həmişə zülm və haqsızlığa qarşı bir olsun.

b) Tarixdə ikinci imamımız, İmam Həsənin (ə) Müaviyə ilə (razılığa yox) müvəqqəti sülh bağlamsına diqqət etsək, orda da həmin “iman əhlinin” və “irfan əhlinin” İmamı (ə) meydanda tək qoymasını görürük. İmam Həsən (ə) o həddə tək qalır ki, xeyməsindəki həsirini də oğurlayırlar. Bu məsələ tarixçilərə aydındır. İmam Həsən (ə) təkliyi haqqında buyrur:

“والله ما سلمت الامر الیه الا انى لم اجد انصاراً، ولو وجدت انصاراً لقاتلته لیلى و نهارى حتّى یحكم الله بینى و بینه

 

Yəni  - “Allaha and olsun ki, köməklərimin olmaması üzündən Müaviyə ilə sülhə getdim. Əgər (iman əhli) olan köməkçilərim olsaydı, Allah-Taala mənimlə onun arasında hökm verəcəyinə qədər onunla gecə-gündüz vurşardım!”

Görəsən, bu gün hansı ağıl sahibidir ki, məsum və pak imamın (ə) bu vəziyyətini dəlil kimi gətirib, cəmiyyətimizdə baş alıb gedən zülm, haqsızlıq, ədalətsizlik, pak alim və cavanların şərlənməsi, bir sözlə, islamofobiyaya qarşı mübarizə aparmaq istəyən, mübariz və möminləri İslamı və islamçıları qorumaqdan saxlayar?! Məgər ağıl və iman sahibi belə bir vəziyyətdə olan İmamın (ə) bu halətinə qan ağlayıb, Ona kömək və yardımçı olmağı arzulamırmı?!

v) İmam Hüseynin (ə) Kərbəlasından danışmağa ehtiyac yoxdur. Çünki, artıq bu hadisədə 72 yaxud, 100 nəfərə yaxın iman və ağıl sahibi ayıldı və sayları az da olsa, qəlbən İmamın (ə) yanında qərar tutdular və tarixi, İmam Həsənin (ə) “səhabələri” kimi təkrarlamadılar. Onlar yeni tarixi öz pak qanları ilə yazdılar. Amma bu hadisələrdə də müsəlmanların süstlük və qorxaqlıqlarına görə zalımlar cürət edib ayağa qalxdılar. Übeydullah ibn Ziyad Kufəyə əlli nəfərlə daxil oldu. Bu əlli nəfər qaniçən bir həftədən sonra imansız alimlərin, münafiqlərin köməyi ilə, qorxu yaratmaqla və bir iki nəfərin boynunu vurmaqla 18 min nəfərlik qoşunu Müslüm ibn Əqilin ətrafından öz tərəfinə keçirir. Həmin qorxaq qoşunu silahlandırıb Kərbəlaya, elə bu qoşundakıların qiyama dəvət etdiyi İmam Hüseynin (ə) mübarək başını kəsəməkdən ötrü yollayır. Qorxaq, imansız, dilində Allaha ibadət olan millətin axırı budur.

q) İmam Hüseyndən (ə) sonra İmam Zeynəlabidin (ə) ata-babaları kimi yenə də meydanda tək qaldı. Sonda 35 il imamətdən sonra zəmanəsinin zalım hakiminin hiyləsi ilə zəhərlənərək şəhadət məqamına çatır. Həzrət bu illərdə tək-tənha, nəzarət altında köməksiz qaldığına görə öz siyasi və ictimai mübarizəsini dua və minacatla keçirir.

Yenə də ağıl və iman sahibləri heç vaxt cəmiyyətdə İslam və islamçıların belə vəziyyətə düşməsinə şərait yaratmağa imkan verməməlidirlər.

d) Sonuncu imamımız, İmam Zamanın (əc) dövrünə kimi zalım hakimlərlə mübarizə aparmağa cürət etməyən müsəlmanların susmaları səbəbindən pak və məsum İmamalarımız (ə) ya şəhid olur, ya da zəhərlənərək dünyalarını dəyişirlər.

Mövzunu çox uzatmamaqdan ötrü İmam Sadiqin (ə) zəmanəsinə və O Həzrətin də ətrafında xalis və şücaətli iman əhlinin az olması üzündən qəlbiyanan halda buyurduqlarını qeyd etmək istərdim. İmam Sadiq (ə) ondan nəyə görə bu vaxta kimi sakit dayanması haqqında soruşulduqda, cavabında həyətində olan bir neçə qoyuna işarə edərək buyurur: “Əgər bu qoyunların sayı qədər köməyim olsaydı, bir gün də oturmazdım.” Ravi nəql edir ki, həyətdəki qoyunları saydım, on yeddi başdan çox deyildi.

Nəticədə, bir şeyi qeyd etmək lazımdır ki, əgər imamlar (ə) hardasa məcburi şəkildə sakit, evdə, zindanda və ya şəhadətə yetibsə bütün bunların ilk səbəbi ətrafındakı əksər müsəlmanların zülmü, ədalətsizliyi, haqsızlığı və zülmə baş əyməsi üzündən olub.

Quran ayələri və ağıl da bu gün bizə təkidlə əmr edir ki, istər indiki zəmanəmizdə əliyevlər rejimində, istər gələcəkdə hansı rejimdə oluruqsa olaq, cəmiyyətimizin alimlərini, ziyalılarını və cavanlarını zülm və ədalətsizliklə barışmamağa çağırmalı, onlarda cəmiyyətdə haqsızlığa və qanunsuzluğa qarşı mübarizə ruhiyyəsini İslam və Quranın gözəl və tərbiyəvi qaydaları ilə möhkəmlətməli, hər hansı sahədə olmasından asılı olmayaraq, xalqa xəyanəti qəbul etməmək, müstəqillik və vətənpərvərlik ruhiyyəsini onlarda ən ali şəkildə qorumaq lazımdır.

Bizim gənclərimiz şücaətli, imanlı, aqil, oyaq, mübariz və qorxmazdırlar. Onları, hazırkı iqtidarın qolçomaqları, dəyənəkləri, şərləmələri, qarayaxmaları, zindanları, işdən, univerisitetdən çıxarmalı və s. təzyiqləri ilə qorxutmaq və zülmə qarşı mübarizə ruhiyyələrini zəiflətmək ən böyük cinayətdir. Bunu bizə nə Allah, nə də gələcək nəslimiz bağışlamaz!

Allah-Taaladan müharibə şəraitində yaşayan müsəlman xalqımıza tam müstəqillik, azadlıq, demokratiya və ən başlıcası mənəvi paklıq arzulayıram!

Əl-Müstəfa Beynəlxalq İslam Akademiyasının

Quran və Hüquq fakultəsinin doktorantı

Faiq Vəlizadə

2011-12-28

  • Yazılıb
  • da (də) 2011 Dec 30