Konstitusiyasının 48-ci maddəsində də qeyd olunub ki, hər kəsin vicdan azadlığı, dinə münasibətini müstəqil müəyyənləşdirmək və dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ var
well/Aran agentliyi
Hicab bağlayan qadınlar digər qadınlar kimi bərabər hüquqlara malikdirlər və onların da Konstitusiyada nəzərdə tutulan bütün hüquqları – təhsil, səhiyyə, işlə təmin olunma və s. hüquqları qorunmalıdır.
Bunu Gün.Az-a “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, fəlsəfə doktoru Hacı Elşən Mustafaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində də qeyd olunub ki, hər kəsin vicdan azadlığı, dinə münasibətini müstəqil müəyyənləşdirmək və dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ var.
Yeri gəlmişkən, Prezident İlham Əliyev də bu yaxınlarda Rusiya telekanalına verdiyi müsahibəsində ölkədə hicaba heç bir qadağa tətbiq olunmadığını və hər kəsin istədiyi kimi inkişaf etmək hüququna malik olduğunu deyib.
“Heç bir vəchlə insanların din və vicdan azadlıqları məhdudlaşdırıla bilməz”- deyən E.Mustafaoğlu bildirib ki, dində heç bir şey, o cümlədən hicab bağlamaq məcburi həyata keçmir. Bu, inanclı xanımların öz seçimi ilə gerçəkləşir, zorla yox. Bu, Qurani-Kərimin Bəqərə surəsinin 256-cı ayəsində də öz əksini tapıb. Yəni, hicab geyinmək hər bir insanın şəxsi əqidəsi ilə bağlı olan bir məsələdir.
“Qadınların başını bağlaması hələ qədim dövrlərdə səmavi dinlərdə – xristianlıqda, yəhudilikdə, zərdüştlükdə mövcud olub. Bu gün də müxtəlif dinlərə sitayiş edən din xadimləri, eləcə də sadə insanlar başlarını bağlayırlar. İslamda da bu haqda ayələr mövcuddur. Allah-Təala qadınlara baş örtükləri örtməyi buyurur. Bu etiqadı qəbul edən, öz həyatını Qurani-Kərimə, Allah-Təalanın buyruqlarına uyğun quran hər bir qadın könüllü şəkildə, öz seçimi ilə başını örtür. Hicab – Allahın buyruğu və vətəndaşın konstitusion hüququdur.”- deyə, E.Mustafaoğlu qeyd edib.
Gün.Az