Tarix : 2012 Jan 02
Kod 27691

Ölkə başçısına açıq məktub

Cənab Prezident! Mən 1970-ci ildə Bakıda doğulmuşam. İndi bəziləri deyir ki, təmizlik də, dindarlıq da sovet dövrü ilə getdi. Bu adamları başa düşmək olar
well/Aran agentliyi

 

Cənab Prezident! Mən 1970-ci ildə Bakıda doğulmuşam. İndi bəziləri deyir ki, təmizlik də, dindarlıq da sovet dövrü ilə getdi. Bu adamları başa düşmək olar. Əsil həqiqətdə isə həmin dövrdə dini qadağaların arxasında ideologiya, qanun dayanırdı. Kommunist Partiyasının tanınmış adamları gizlində ibadət edir, ehsan paylayır, müqəddəs yerlərin fotolarından albom düzəldirdilər. Çünki din fitri istəkdir, onu boğmaq olmaz. Təəccüblüdür ki, bugünkü nazirlərin, məmurların fitrəti necə dəyişib?

Sovet rejimi devrilib, guya müstəqil olmuşuq. Sovet vaxtı qanunlar qadağa qoyurdu, məmurlar gizli xeyir-dua verirdi, ini isə qanunlar icazə verir, məmurlar gizli qadağa qoyur.

Mənim iki qızım – biri 9-cu, o biri 10-cu sinifdə oxumalıdır. Ona görə oxumalıdır deyirəm ki, hicab qadağasına görə məktəbə buraxılmırlar. Ona görə həmin məktəbin adını çəkmirəm ki, özüm həmin məktəbdə müəlliməyəm və direktorun son xəbərdarlığı bu olub ki, bir də hicab adı tutsan ərizəni yaz. Qırx yaş kamillik yaşıdır deyirlər. Açığı mənim özümü qızlarım hicaba həvəsləndirib. İndi çantamda həbs olub yaylıq. Məktəbə daxil olmamış açıb qoyuram çantama. Qızlarım isə təslim olmur. Sən məcbursan deyirlər, bizsə məcbur deyilik. İman təhsildən qabağadır, nə təhsil verirlər ki, ondan ötrü Allahın əmrini yerinə yetirməyək – deyirlər.

Cənab Prezident! Əjdərbəy məscidində çıxışınız məni heyrətə gətirdi. Siz deyirsiniz: “Bəzi hallarda İslam dininə qarşı ədalətsiz hücumlar, islamofobiya meyilləri baş verir, bəzi kütləvi informasiya vasitələrində İslam dininə qarşı böhtan kampaniyaları aparılır. “Əlbəttə, biz bütün bu xoşagəlməz hallara dərhal reaksiya verməliyik və veririk, sübut edirik ki, İslam dini sülh dinidir, qardaşlıq dinidir, xeyirxahlıq dinidir, mərhəmət dinidir. Bizim dini bayramlarımız mərhəmət ideyalarını təcəssüm etdirir. Bizim dini ənənələrimiz ondan ibarətdir ki, kasıblara əl uzadılmalıdır, kömək göstərilməlidir. Bu, ümumbəşəri dəyərlərdir. Bu ümumbəşəri dəyərlərin hamısı İslam dinində təmsil edilir”. Doğrudanmı, bu sözləri 22 dindarın hicabdan dolayı şərlənərək həbsə alınmasına xeyir-dua verən şəxs deyir? Rusiyanın “Rossiya” telekanalının “Vesti v subbotu” proqramında hicab qadağasını inkar edirsiniz: “Biz heç bir yerdə qadağa tətbiq etmirik. Bizdə qadağa yoxdur. Hər kəs istədiyi kimi inkişaf etmək hüququna malikdir. Və bu istənilən adamın hüququdur”.

Məni Sizə “cənab prezident” deyə müraciətimə görə qınasalar haqları var. Allah-taala buyurur:

-Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!

-(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!

-Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir!..

Siz necə yalan danışırsınız? Siz 22 günahsız dindarı həbsə atıb “qadağa tətbiq etmirik” deyirsinizsə Sizin nazirlər, icra başçıları, başqa vəzifəliləriniz nə etməlidir?

Mən bu gün Kərbəla havasında yaşayıram. Mən bu gün yaylığımı çantamda gəzdirirəm. Deyirlər ki, Yezidin əmri ilə İmam Hüseyn və yaxınları qətlə yetirildikdən sonra onların ailələri əsir götürüldü. Əsir qadınların, o cümlədən xanım Zeynəbin (s.ə) hicabı, libasları paralanmışdı. Əhli-beytdən olanlara sədəqə almaq haramdır. Peyğəmbər övladı sədəqə qəbul etməz. Amma xanım Zeynəb və onunla olan qadınlar Şam əhlinin verdiyi hicabı sədəqə olsa belə alırdılar ki, Allahın əmrini yerinə yetirsinlər.

Hicab məhbusu Hacı Taleh haqlı olaraq deyir ki, dindarlar hökumətdən yox, hökumət dindarlardan əfv, üzr istəməlidir. Amma xanım Zeynəbi yada salıb Sizə müraciət edirəm: Qaytarın bu xalqın hicabını!

Səfurə xanım (ad şərtidir)

  • Yazılıb
  • da (də) 2012 Jan 02