well/Aran agentliyi
Rüstəm İbrahimbəyov: "Dövlət nədir? Beş-altı "julik" oturub orda, böyük şeylərdən danışırlar, əslində isə öz maraqlarını güdürlər"
Rafiq Əliyev: “Əsil kişi gərək iki yerdə əyilsin.”
Əkrəm Əylisli: “O, şəxslərin üzünə qapı bağlamısız ki, dünyada onlar üçün açılmayan qapı qalmayıb.”
Rüstəm İbrahimbəyov: “Dövlət nədir? Beş-altı "julik" oturub orda, böyük şeylərdən danışırlar, əslində isə öz maraqlarını güdürlər.”
Bir neçə müddət bundan öncə ölkənin tanınmış ziyalıları tərəfindən yaradılan Ziyalılar Forumu, yarandığı gündən etibarən hakimiyyətin müəyyən təzyiqlərinə məruz qaldı. Belə ki, ilk toplantıdan sonra dünya şöhrətli alim Rafiq Əliyevin əsassız ittihamlarla vəzifəsindən azad edilməsi, iqtidar sözçüləri tərəfindən ziyalıların kəskin tənqid olunması və nəhayət dünən forumun toplantısının süni əngəllərlə qarşısının alınması bu təzyiqlərin məntiqi sonluğu idi. Eyni halda iqtidar nümayəndələri ziyalıları siyasi proseslərə qarışmaqda və ölkədə olan sabitçiliyi pozmaqda ittiham edirlər. İqtidar nümayəndələrinin ittihamlarını cavablandıran forum üzvləri professor Rafiq Əliyev, Azərbaycanın xalq yazıçıları Rüstəm İbrahimbəyov və Əkrəm Əylisli maraqlı fikirlər səsləndirdilər.
Professor Rafiq Əliyev çıxışında hakimiyyətin arzulamadığı tədbirlərin işıqların söndürdüyünü qeyd edərək, “hakimiyyət bu işi ilə xalqı sanki qaranlıqda görmək istəyir. Lakin bunun heç bir faydası olmayacaq. Çünki Azərbaycan və dünya artıq bir il əvvəlki deyil. Hazırki cavan nəsil internet vasitəsilə formalaşır.”, - deyə bildirdi.
“Biz müxalifətlə iqtidar arasında 0,5 dərəcədə durmaq istəyirik. Lakin iqtidar bizi özünə tərəf çəkmək istəyir. Amma həqiqi Azərbaycan kişisi gərək iki yerdə əyilsin. Övladının və ya nəvəsinin beşiyində və Şuşa bulağından su içərkən.”
Yazıçı Əkrəm Əylisli isə Ərəb inqilablarının Azərbaycanda təkrarlanmasına tərəfdar olmadığını bildirərək, bunun Azərbaycanda da yaşanmasını istəmədiyini qeyd etdi. “Ölkədə sabitlik mövcuddur. Lakin bu sabitlik zor gücü ilə saxlanmamalıdır. Dünən işıqları söndürməklə qapıları ziyalıların üzünə bağlayan şəxslərdən soruşmaq istərdim ki, kimlərin üzünə qapı bağlamısız. O, şəxslərin üzünə qapı bağlamısız ki, dünyada onlar üçün açılmayan qapı qalmayıb. Məgər dünyada Rafiq Əliyevin və Rüstəm İbrahimbəyovun üzünə açılmayan hər hansı qapı vardırmı?”
Rüstəm İbrahimbəyovun mövzu ilə bağlı çıxışı isə digər həmkarlarından sərtliyi ilə fərqləndi. “Dövlət nədir? Beş-altı "julik" oturub orda, böyük şeylərdən danışırlar, əslində isə öz maraqlarını güdürlər. Uşaq bağçasından, məktəbdən biz əxlaq uşaqbazlığı ilə məşğuluq. Uşaq 3-4 yaşında bilir ki, anası rüşvət verməlidir. Hakimiyyət siyasi pedofiliya ilə məşğuldur. Uşaq bağçasından tutmuş bütün strukturlarda rüşvətlə bağlı ciddi problemlər mövcuddur. Vətəndaşların fikir və fəlsəfələri uşaq yaşlarından etibarən korlanır.”
"Amma mən nəyə təəccüblənirəm. Neçə ildir işləyirlər, gör nə primitiv, səviyyəsiz adamlardırlar ki... Biz uşaqlıqda qonşuların işıqlarını söndürürdük. Uşaq səviyyəsində siyasət aparırlar. İşıq söndürürlər, qapı bağlayırlar, nə bilim daş atırlar. Özü də 20 ildir bununla məşğuldurlar, inkişaf yoxdur. Xaricdən professional gətirsinlər ki, bunlara mübarizəni aparmağı öyrətsin. Biz onları tənqid edəndə, məncə, konkret ünvanlarını da göstərmək lazımdır, adlarını da demək lazımdır. Mütləq onlar özlərini yığışdıracaqlar. Çünki qorxacaqlar. Bizim məqsədimiz ölkədə ictimai rəy yaratmaqdır. Bunlar bilsin ki, xalq bunları izləyir. Hər bir cinayət açıla bilər."
"Bizim məqsədimiz öz nümunəmizlə ziyalıların başqa qismini cəlb etməkdir. Onların fəal ictimai mövqe nümayiş etdirmələrini istəyirik. İnqilaba yox, sui-qəsdlərə yox! Çünki bizdə belədir - ya hakimiyyətdəyik, ya da hakimiyyət uğrunda mübarizə aparırıq. Bu hakimiyyət bizə lazım deyil. Biz ondan iyrənirik. Biz özümüzü vətəndaş saya bildiyimiz ölkədə yaşamaq istəyirik. Mən şəxsən bu ölkədə özümü qıraqlanmış sayıram."
Sonra İbrahimbəyov ziyalılara çağırış edib. O, Rusiyadakı son proseslərdən dərs götürməyi çağırıb. “Ölkədə ən çox ziyalılar etiraz səslərini qaldırmalıdırlar. Belə olanda hakimiyyət etiraz səslərini eşitməyə məcbur olacaq. Ziyalılar prosesə qoşulmalıdır ki, hakimiyyətin etiraz edənlərə qarşı səsləndirdiyi ittihamların heç bir əsası olmasın.
"ÖLKƏDƏ HƏYATA KEÇİRİLƏN İŞLƏR YALAN ÜZƏRİNDƏ QURULUB" - (Ziyalılar Forumu)