Tarix : 2012 Jan 06
Kod 27780

Misir Mərdanovun daha bir səhfi

Attestat imtahanları testlərində ciddi səhvlər var
well/Aran agentliyi

 

Ekspert Səftər Nəhmətlı: “Təhsil Nazirliyi test kitablarındakı səhvlərə görə cavab verməlidir”

Təhsil Nazirliyinin hazırladığı dərsliklərdəki səhvlərlə bağlı növbəti faktlar üzə çıxarılıb.

Bu yaxınlarda Tələbə Qəbulıu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə orta məktəb dərsliklərində ciddi səhvlər olduğunu və bunun ali məktəblərə hazırlaşan abituriyentlərə mənfi təsir etdiyini, onların gələcəklərini risk altına aldığını qeyd etmişdi.

Ekspertlər deyirlər ki, səhvlər təkcə orta məktəb dərslikləri ilə bitmir. Bu cür səhvlərə attestat imtahanlarına hazırlaşmaq üçün şagirdlərə pulla satılan nəşrlərdə də rast gəlinir.

Orta məktəblərdə buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən həyata keçirilir, eyni zamanda buna attestat imtahanları da deyilir. Mərkəzləşdirilmiş qaydada attestat imtahanları 2010-cu ildən keçirilməyə başlayıb və imtahanlara hazırlaşmaq üçün həmin ildə nazirlik tərəfindən test kitabı hazırlanıb, satışa buraxılmışdı. O zaman Təhsil Nazirliyi tərəfindən elan edilmişdi ki, bu nəşr 5 il müddətinə hazırlanır. Lakin 2011-ci ilin sonunda həmin kitaba bir neçə düzəliş etməklə, yaxud testlərin sayını dəyişməklə nəşr olundu. Nazirliyin bütün nəşrlərində olduğu kimi, attestat imtahanlarına hazırlaşmaq üçün tərtib edilən bu nəşrdə də xeyli sayda ciddi səhvlər var.

Bunu Modern.az saytına açıqlamasında kimya elmləri namizədi, ekspert Səftər Nəhmətli də təsdiqləyib. Bildirib ki, nəşrin birinci buraxılışında müəyyən qədər səhvlər olub, lakin növbəti nəşrlərdə bu səhvlərin düzəldiləcəyini güman edib ona ciddi reaskiya verməyiblər. Amma eyni səhvlər və daha artığı ilə ikinci buraxılışda da öz əksini tapıb: “Attestat imtahanlarının keçirilməsini və bunun vahid əldən keçməsi, ümumiyyətlə müsbət haldır, amma Azərbaycanda şagirdlərə təqdim olunan testlər bir neçə dəfə süzgəcdən keçirilməlidir. Bu həm də ümumi dövlət tədbiri olduğuna görə məsələyə ciddi yanaşılmalıdır. Çox təəssüfedici haldır ki, Təhsil Nazirliyi bu məsələni biznes oyununa çevirib. Bu səbəbdən 2011-ci ildə buraxılan ikinci nəşrdə birinci nəşrdən də çoxlu səhvlər var. Hətta test kitabının əvvəlində qeyd olunur ki, suallar Təhsil Nazirliyinin təcrübəli mütəxəssis heyəti tərəfindən hazırlanıb”.

Ekspertin sözlərinə görə, belə səhvlərin ictimaiyyətə, təhsil obyektlərinə təqdim olunması yolverilməz haldır. Üstəlik, bu qədər səhvi olan kitab şagirdə 7 manata satılır:

“Şagirdlər bu suallara cavab verərək attestat almalıdır. Kitabdakı səhvlərə görə isə valideyn, yaxud şagird məsuliyyət daşımır. Məsuliyyəti daşıyan Təhsil Nazirliyidir. Bəzən bizim bu cür məsələlərə tənqidi yanaşmamızı siyasətlə yozurlar. Burada siyasət yoxdur. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına təqdim etdiyiniz, pulla satdığınız sənəd, yaxud hər hansı formalı material düzgün olmalıdır”.

Kimya üzrə mütəxəssis olan Səftər Nəhmətli 2011-ci ildə çap olunan ikinci nəşrdə kimya bölməsində olan səhvləri konkret sadalayıb: “Nəşrin 254-cü səhifəsində, 5-ci bölmədəki birinci testinin düzgün cavabı yoxdur. Həmin səhifədə 5-ci bölmədəki 5 nömrəli testin də düzgün cavabı yoxdur. 257-ci səhifədə, 7-ci bölmədəki ikinci və üçüncü test tapşırıqlarında isə ümumiyyətlə sual qoyulmayıb. Səhifə 259, bölmə 8, test nömrə 4-də iki cavab var, amma test tapşırığında bir cavab tələb olunur. Səhifə 265, bölmə 13, test nömrə 5-də verilən reaskiya tənliyi səhvdir.

266-cı səhifədə, 13-bölmədəki 21 nömrəli test tapşırığının cavabı səhvdir. 267-ci səhifədə olan 15-ci bölmədəki 2 nömrəli test tapşırığında isə soruşulan X vahidi reakiya tənliyində göstərilməyib. 269-cu səhifədə, 17-ci bölmədəki 4 nömrəli sualın da iki cavabı var. Səhifə 275, bölmə 22, test nömrə 13-də reaksiya üçün verilən sxem səhvdir. Səhifə 277, bölmə 23, test nömrə 8-də testin şərhi düzgün yazılmayıb. Belə ki, üzvi kimyada alkenlər adlanan maddədə rabitələrin sayı 20 ola bilməz. Ancaq alkenlərdə ümumi rabitələrin sayını 20 göstərən, özünü Təhsil Nazirliyinin təcrübəli mütəxəssisləri adlananlar, ümumiyyətlə təhsil sistemindən birbaşa qovulmalıdır”.

Kimya üzrə mütəxəssis qeyd edir ki, onlar belə səhvləri deyərkən bunu gah kompüterçinin boynuna yıxırlar, gah da deyirlər ilkin təcrübədir: “Xeyr, bu ilkin təcrübə deyil. Ola bilər ki, yeni formada attestat imtahanlarının keçirilməsi ilkin təcrübədir. Ancaq hər halda, kimya elmi Azərbaycanda elə də zəif inkişaf etməyib. Bu sahə üzrə ölkəmizdə kifayət qədər müətəxxəsislər, pedaqoqlar və bu fənni şagirdlərə öyrədə bilən müəllimlər var”.

S.Nəhmətli bu cür səhvlərin yaranmasının əsas səbəbini Təhsil Nazirliyində mütəxəssis hesab olunanların qohumluq, tanışlıq prinsipi ilə cəlb edilməsində görür. Onun fikrincə, bu cür səhvləri edənlər fakt qarşısında qaldıqlarından buna cavab verməlidirlər: “Əgər Təhsil Nazirliyinin rəhbərliyi təhsilin inkişafını düşünürlərsə, mütləq ciddi tədbirlər görülməlidir. Çünki attestat orta məktəb məzununun müstəqil həyata qədəm qoymasını şərtləndirən ilk və vacib sənəddir”.

 

  • Yazılıb
  • da (də) 2012 Jan 06