well/Aran agentliyi
Azərbaycan İslam Partiyasının (AİP) üzvlərinin apellyasiya şikayətinə baxış günü bəlli olub. Vəkil Anar Qasımlı bildirib ki, islamçıların Ali Məhkəməyə müraciətinə bu il fevralın 29-da baxılacaq. Prosesə hakimi Hafiz Nəsibov sədrlik edəcək.
Qeyd edək ki, AİP lideri Mövsüm Səmədovun yanvar ayında hakimiyyətin əleyhinə tənqidi çıxışından sonra AİP funksionerlərinə qarşı kütləvi həbs dalğası başladı.
Əsassız ittihamlarla həbs olunan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 il, müavini Vaqif Abdullayev 11 il, Ruhulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə, 11 illik şərti cəzaya məhkum olunub.
Bundan əlavə “Media forum” saytı xəbər verir ki, Azərbaycan İslam Partiyası sədrinin müavini Arif Qəniyevin işinə Sumqayıt Şəhər Məhkəməsində baxılacaq. Məhkəmə günü və hakim hələ bəlli deyil.
2011-ci ilin avqust ayında tutularaq Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunur.
Arif Qəniyevin istintaqı 2011-ci ilin sonlarında yekunlaşıb.
FaktXeber