Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, bu gün partiyanın Baş Məclisinin növbəti toplantısı olub
well/Aran agentliyi
Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, bu gün partiyanın Baş Məclisinin növbəti toplantısı olub. Toplantıda partiya funksionerləri, partiyanın rayon komitə sədrləri və media nümayəndələri iştirak ediblər.
Baş Məclisinin gündəliyində müxtəlif məsələlər salınıb. İlk olaraq çıxış edən AİP-in sədr əvəzi Elçin Manafov partiyanın keçən bir il ərzindəki fəaliyyəti haqqında məlumat verib. Bu günə qədər partiyanın müxtəlif təzyiq və repressiyalarla qarşılaşdığını qeyd edən E.Manafov, bu müddət ərzində partiyanın fəaliyyətinin bir an da olsun belə dayanmadığını bildirib.
Daha sonra çıxış edən AİP funksioneri Akif Heydərli, “hazırki iqtidarın idarəçiliyinin sonu Azərbaycanın qaranlıq gələcəyindən xəbər verir. Ölkə iqtisadiyyatı yalnız neft gəlirləri üzərində qurulub. Digər sahələrdə isə heç bir irəliləyiş yoxdur. Hazırda ölkə böyük bir mənəviyyatsızlığa tərəf yuvarlanır”, - deyə bildirib.
AİP-in təşkilatı məsələlər üzrə müavini Rövşən Əhmədli isə bu il partiyanın rəsmi qeydiyyatının 20 ilinin tamam olunduğunu söyləyib və bu yubileyin respublika səviyyəsində qeyd olunması üçün planların hazırlanmasının vacibliyinə toxunub: “AİP fəaliyyətinə 1990-ci illərin əvvəlindən etibarən başlayıb. Çalışacağıq ki, bu il partiyanın 20 illik yubileyini regionlardan başlayaraq, mərkəzdə geniş formada həyata keçirməklə tamamlayaq.”
Daha sonra AİP funksionerlərinin həbsi, hicab qadağası, ölkənin sosial durumu və son günlər Azərbaycan ordusunda baş verən acınacaqlı hadisələr müzakirə olunub. Baş Məclisdə həmçinin 20 Yanvar faciəsi və 26 fevral Xocalı Soyqırımı günü ilə bağlı bəyanat qəbul edilib. Bəyanatda rus və erməni hərbi birləşmələrinin törətdiyi bu bəşəri cinayətlər pislənilib.