well/Aran agentliyi
Nardaranda həbslər davam edir. Ötən həftə qəsəbənin daha bir sakini - Əli İslaməli oğlu həbs olunub. Bu barədə “Yeni Müsavat”a Kənd Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov məlumat verib.
N. Kərimovun sözlərinə görə, kənd sakini Əli İslaməli oğlunu 3-4 gün əvvəl “Bandotdel”in əməkdaşları həbs edib: “Əlini evində həbs ediblər və başına torba keçirərək ”Bondotdel"ə aparıblar. Deyilənə görə, axtarış zamanı onun üzərindən 33 qram heroin çıxıb. Məndə olan məlumata görə, məhkəmə Əlinin barəsində həbs qətimkan tədbiri seçib və hazırda Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır".
Məşədi Natiq bildirdi ki, Əli uşaqlıqdan oruc tutub namaz qılan adam olub: “Əvvəllər kənddə fəaliyyət göstərən ”Bitəmənna və Biminnət" xeyriyyə cəmiyyətinin rəhbərlərindən idi. Həmişə kasıba əl tutub. Ziyana düşəndən sonra sakit şəraitdə öz işi ilə məşğul idi".
Məşədi son iki ayda kənddə narkotik ittihamı ilə bir neçə hacının da həbs edildiyini diqqətə çatdırdı: “Hazırda Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan hacılar barəsində məlumatsızam. Tutulanların vəkili olmadığından onların taleyindən xəbərsizik. İndiyədək kənddə xeyli din adamı həbs olunub. Bundan öncə isə kənd sakini Məşədi İmranı həbs etmişdilər. Bu azmış kimi hazırda kənddə xeyli adamın izləndiyi söylənilir. Eşitdiyimə görə, tez-tez onların evlərində axtarış aparılır. Bütün bunlar kənddə xof yaradıb. Hacıların həbsi dinimizə, İslama qarşı təxribatdır”.
Nardaranda narazılıqların son həddə çatdığını söyləyən N. Kərimov Hacı Dilavərin də başına torba keçirilərək həbs olunduğunu söylədi: “Hacı Dilavəri Maştağadakı ”Xəyal" ticarət mərkəzinin yanında kürəkəni ilə bir yerdə tutublar. Amma sonra kürəkənini Maştağa idman kompleksinin yaxınlığında buraxıblar. Hacı Elçini isə ziyarətdən qayıtdıqdan sonra evində həbs ediblər".
Qeyd edək ki, ötən ayın sonlarında xüsusi təyinatlı dəstələr Nardaran qəsəbəsində əməliyyat keçiriblər. Belə ki, onlar gecə saatlarında bir neçə evə daxil olaraq axtarış aparıblar. Qəsəbə fəalı Hacı Hikmətin evində də axtarış həyata keçirilib. Xatırladaq ki, kənd ağsaqqalı Hacı Əli də bir neçə il öncə narkotik maddə saxlamaqda suçlandırılaraq həbs edilmişdi.
Musavat