Azərbaycan İslam Partiyası qurultayın vaxtını Baş Məclisin növbəti iclasınadək müəyyənləşdirəcək
well/Aran agentliyi
Baş Məclisin iclası fevral ayında keçiriləcək. Partiyanın sədr əvəzi Elçin Manafovun açıqlamasına görə, Baş Məclisin 7 yanvar iclasının gündəliyinə qurultayla bağlı hər hansı məsələ daxil edilməyibmiş: “İclas zamanı belə qərara alındı ki, qurultay keçirilsin. Qurultayın 2012-ci ildə də keçirilməməsi nizamnamənin yenidən pozulması demək ola bilər. O səbəbdən də məclis üzvləri qurultay keçirilməsi məsələsini qaldırdılar və qərar qəbul olundu”.
Partiyanın sonuncu qurultayı 2007-ci ildə keçirilib. Nizamnaməyə görə, iki ildən bir qurultay olmalıdır.
Elçin Manafov bildirib ki, qurultay partiyanın icra strukturundakı dəyişikliklərə, həbs edilmiş bəzi sədr müavinlərinin əvəzinə yeni şəxslərin seçilməsinə görə də vacibdir: “Eyni zamanda partiyanın qeydiyyatla bağlı problemi var və biz istər-istəməz qurultaya getməliyik”.
Qurultay İslam Partiyasının sədri Mövsüm Səmədovun və onunla birgə məhkum olunan digər islamçıların apelyasiya instansiyasında keçirilən məhkəməsindən sonra olacaq. Elçin Manafov ümid edirik ki, apelyasiya məhkəməsi məhbusları azadlığa buraxacaq, beləliklə də, qurultay hazırda həbsdə olan islamçıların, eləcə də sədrin iştirakı ilə keçiriləcək: “Biz bu partiyanın sədrliyində yenə də Mövsüm Səmədovu görürük. Onun azadlığa buraxılmasını arzulayır və buna ümid edirik”.
Baş Məclisin növbəti toplantısında qurultayın gündəliyinə hansı məsələlərin salınması barədə müzakirələrin də keçiriləcəyini söyləyən Elçin Manafovun bildirdiyinə görə, hazırkı durum gündəliyə sədr seçkisi məsələsinin daxil olunmasını tələb edir: “Çünki nizamnaməyə əsasən, hər iki ildən bir qurultay keçirilməli, sədr, rəhbərlik, Baş Məclis, komitə sədrləri yenidən seçilib təsdiqlənməlidir”.
Qurultayın təşkili zamanı müəyyən əngəllərin olacağını proqnozlaşdıran partiyanın sədr əvəzi əlavə edib ki, onlar bütün proseslərin qanuni yolla həyata keçirilməsində maraqlıdırlar: “2011-ci ildə həm dindarların, həm də demokratik qüvvələrin, ziyalıların təşkil etdiyi tədbirlərə əngəllər oldu. Bunu biz də müşahidə etdik. Buna baxmayaraq sivil və qanuni yollarla qurultayın təşkilinə çalışacağıq. Qurultayın keçirilməsinə maneə olarsa, bunu təxribat kimi dəyərləndirəcəyik”.“Media forum”
islamazeri.az