Bakı Dairəvi Yolunun çəkilişi ilə bağlı mülkləri dağıdılmış nardaranlılar Nəqliyyat Nazirliyinin qarşısında yenidən aksiya keçirmək qərarına gəlib
g/arannews
Bu barədə “Yeni Müsavat”a qəsəbə sakini Rasim Əlizadə məlumat verib.
Onun sözlərinə görə, yolun çəkilişi ilə bağlı obyektləri sökülmüş sakinlər hələ də kompensasiya ala bilməyib: “Məsələ ilə bağlı dəfələrlə Nəqliyyat Nazirliyinə və Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilib. Hər dəfə də müxtəlif bəhanələrlə kompensasiyanın verilməsini ləngidiblər. Amma bugünlərdə aldığımız məlumata görə, ABŞ-ın keçmiş səfiri Eskuderoya yol çəkilişi zamanı dəymiş ziyana görə kompensasiya verilib. Halbuki keçmiş səfirə verilmiş torpaq sahəsi kənd camaatına məxsus olub. Qanuna görə, o ərazi sakinlər arasında bölünməli idi. Amma dəniz sahilində yerləşən Səfixani ərazisi sonradan qanunsuz yolla keçmiş səfirin gəlininin adına sənədləşdirilib. Bu səbəbdən də bizə kompensasiya vermirlər. Deyirlər ki, əlinizdə sənədiniz yoxdur”.
R.Əlizadə yol çəkilişi ilə bağlı qonşu kəndlərin sakinlərinin kompensasiya aldığını, Bilgəh və Buzovna sakinlərinə pul ödənildiyini dedi: “Amma məsələ ilə əlaqədar Sabunçu RİH-də yaradılmış komissiyanın sədri hər dəfə deyir ki, yalnız sənədi olan mülklərə və torpaq sahələrinə görə pul ödəniləcək. Nardaranda isə heç kəsin belə sənədi yoxdur”.