Tarix : 2012 Jan 13
Kod 27921

Hakimiyyətin Rasputin ssenarisi

Bu çoxdan sübuta yetib ki, avropalaşma-lütləşmə-heyvanlaşmanin qarşısında əsas maneə olan İslam və müqəddəslikləri şeytan yolundan qaldırmaq üçün sınaqdan çıxmış layihələr var
/Aran agentliyi

 

Bu çoxdan sübuta yetib ki, avropalaşma-lütləşmə-heyvanlaşmanin qarşısında əsas maneə olan İslam və müqəddəslikləri şeytan yolundan qaldırmaq üçün sınaqdan çıxmış layihələr var. Bu layihələrdən birinin məğzi din təmsilçisi olan Ruhanini əyyaş kimi təsvir və təqdim etməkdir. Qoy olsun. Bir tarixçəni yada salıb keçək mətləbə.

Çar Rusiyasında saray xanımlarını “günaha batırmış” Qriqori Yefimoviç Rasputin 1869-cu ildə Tobolsk quberniyasında anadan olub. Qriqori yeniyetməlik dövrü haqqında yazır: "Mən həyatı anlamaq istəyirdim, beynimdə çoxlu suallar vardı, ancaq heç birinə cavab tapa bilmirdim. Onda içməyə başladım".

O, Kiyevin, Moskvanın, Peterburqun monastırlarında olur. İçkini, tütünü atır, ət və şirin yeməklərdən imtina eləyir. Kəndlilər dünənki sərxoş dələduzu ələ salsalar da, tənhalıqda keçirdiyi illərdən sonra özünü açıq-aydın "Tanrı adamı" adlandırır.

Bütün Rusiya cəmiyyətini ağuşuna almış dini sarsıntı İmperator ailəsindən yan ötməmişdi. Rusiyanın ən ali ailəsi də şəxsi həyatlarında və idareətmədə, əli hər yerdən üzülmüş sadə rus adamları kimi rəsmi kilsəyə deyil, gizli qüvvələrə, maqlara, görücülərə daha çox inanırdılar. Proses hələ Rasputinin Peterburqa ayaq basmadığı illərdən başlamışdı. Rasputinin peyda olmasının səbəblərini yalnız dində axtarmaq, bu olayda doğuran sosial-siyasi motivləri görməmək Çariçanın kor inamına bənzəyər. Bir tərəfdən ölkədə baş verənlər, digər tərəfdən də çar ailəsi daxilindəki problemlər və vəliəhdin səhhəti sanki Rasputinin Peterburqa gəlişini, yüksək dairələr tərəfindən qəbul olunmasını zəruri edirdi.

Peterburqa gələndə onun 33 yaşı vardı. Qriqori insanları ilk baxışda tanıyır, onların həyəcanlarını duyur, hipnotik baxışlarıyla hamıda heyrət və qorxu hissi aşılayırdı. Ancaq özünün dediyinə görə, paytaxta arzusunda olduğu kilsəni tikmək üçün ianə toplamaq məqsədilə gəlsə də, nədənsə birbaşa İlahiyyat Akademiyasının rektoru, yepiskop Sergeyin yanına gedir. Gözəl nitq qabiliyyətinə malik sadə Sibir kəndlisi yepiskopu valeh edir. Ardından onun ali Peterburq dairələri ilə tanışlığı başlayır. Bir neçə il sonra isə artıq bütün Peterburq bu qeyri-adi adamın möcüzəli qabiliyyətləri haqqında danışmağa başlayır.

O dövrdə çar ailəsinə yaxın olan mistik Feofan yazır: "Rus-Yapon savaşı vaxtı admiral Rojdestvenskinin başçılığı ilə eskadra dənizə çıxmışdı. Söhbətlərin birində Rasputindən soruşduq: "Sizcə, yaponlarla döyüş uğurlu olacaqmı?"

Rasputin cavab verdi: "Bütün varlığımla hiss edirəm ki, batacaq".

Doğrudan da, az keçmir Çusime yaxınlığında döyüşlərdə bütün eskadra sulara qərq olur...

Rasputin Feofanın vasitəsilə Çariçanın yaxın rəfiqələri olan Anastasiya və Milisiya ilə tanış olur. Rasputin haqqında söhbətlər çariçanın ürəyincə olur. Doğrudan da, Aleksandra Fyodorovnanın imperiya üçün oğul doğmağa vəsilə olmuş Filippdən sonra bu çətin günlərdə yeni bir "Tanrı adamı"na ehtiyacı vardı. Onu da xatırlasaq ki, parisli Filipp Peterburqu tərk eləyəndə "mən başqa obrazda təccəlla edəcəyəm" demişdi, o zaman həssas qəlbli, əsəbi zəif olan Çariçanın bu tapıntıdan nə qədər sevindiyini təsəvvür eləməmək mümkün deyil.

II Nikolay gündəliyində yazır: "Oktyabrın 16-da Milisiya bizi Tobolsk quberniyasından olan kəndli Qriqori Rasputinlə tanış elədi. Onun söhbətləri maraqlı, maraqlı olduğu qədər də cəzbedici idi".

Onu xəstə uşağın yanına aparırlar. Rasputin bütün qabiliyyətini işə salıb, naxoş vəliəhdin özünü yaxşı hiss etməsinə nail olur. Bu görüş barədə İmperator gündəliyində yazır: "Möcüzə, möcüzə! O, səhərisi gün əvvəlki günlərdən fərqi olaraq xeyli gümrah idi".

Bəli, Çariça qətiyyən şübhə etmirdi ki, Rasputin Rusiyanı və Romanovlar sülaləsini qorumaq üçün Tanrı tərəfindən onlara göndərilmiş elçidir...

Ancaq il ili əvəzlədikcə "Tanrı adamı" ondan narazı olan dövlət məmurlarının nəzarəti altına keçir. Rasputinin artan nüfuzu çara yaxın dairələri ciddi narahat etməyə başlamışdı. Və bu narahatlığa Rasputinin Peterburqda keçirdiyi pozğun həyat tərzi barədə sənədlərdəki faktları və şahidlərin söylədiklərini də əlavə eləmək lazımdır.

Əvvəlcə narazılığa rəvac verən pozğunluqlar haqqında təsəvvür əldə eləmək üçün 1915-ci ildə polis casuslarının təqrirlərinə nəzər salmaq kifayətdir: "1915-ci il dekabrın 1-i. Saat 19 radələrində Rasputin yaşadığı Qoroxova 64 küçəsindən çıxdı və "Villa Rade" restoranına yollandı. Gecə yarıya qədər burada oldu. Evə tam sərxoş vəziyyətdə qayıtdı". "Dekabrın 3-də gecə evə zorla gəldi, ayaq üstə dura bilmirdi". "Dekabrın 5-i. Rasputin bütün gecəni restoranda Peterburqun ən məşhur pozğun qadınlarıyla keçirdi, səhərə yaxın hamama getdi".

Bütün bu təqrirlərin üstünə zaman-zaman "Qriqori qardaş"ın adı ətrafında hallanan zorlama, pərəstişkarları ilə intim səhnələri barədə söz-söhbətləri də gəlsək, o zaman vəziyyətin ciddiliyini təsəvvür eləmək çətin deyil. Təxminən eyni vaxtda mətbuatda Rasputinə qarşı ciddi hücumlar başlayır. Daxili işlər naziri Protopov yazır: "Rasputin haqqında mətbuatda gedən yazılara qadağa qoyulması barədə birbaşa Çar ailəsindən göstəriş alırdım".

Bu arada Çariça tərəfindən baş nazir Stolıpinə tənqidi məqalələrin dayandırılması barədə xəbərdarlıq gəlir. Stolıpin demək olar ki, bu xəbərdarlığı qulaqardına vurur və casus şəbəkəsinin topladığı materiallarla Çarın qəbuluna gedir. O, qətiyyətlə Rasputinin saraydan uzaqlaşdırılmasına çalışırdı. Duma üzvlərindən birinin yazdığına görə, Nikolay, Stolıpinin "Əlahəzrət, bu adam pozğun məclislərdə olur" sözlərindən sonra "nə olsun, orada da dini moizələrlə çıxış edir" deyir və baş nazirin gətirdiyi hesabatı sobaya atır...

Belə çıxır ki, Stolıpini nə Duma, nə sağlar, nə də sollar deyil, məhz Rasputin yıxıbmış...

Sonralar çariçanın qulluqçularından Vırubova məşhur Fövqəladə Komissiyanın 13 saylı protokolunda göstərirdi ki, Rasputin Stolıpin haqqında çox danışır və deyirdi ki, baş nazirin hakimiyyəti lazım olduğundan çox genişlənib". Jurnalist Sazanov yazır: "Bir dəfə Rasputin mənə dedi ki, çar ona Stolıpinin yerinə namizəd tapmağı tapşırıb. Xeyli təəcüblənsəm də, namizəd kimi atamın dostunun – Nijeqorod qubernatoru Xvostovun adını çəkdim. Rasputin onunla tanış olmaq istədiyini dedi. Səhərisi gün ora yollandıq".

Onlar Xvostovun yanına gedirlər və Rasputin təklifdən qorxuya düşmüş qubernatora deyir: "Onsuz da, Stolıpinin axırına az qalıb".

Bu danışıqdan 10 gün sonra bütün Rusiyanı titrədən qətl baş verir: opera teatrında Stolıpin güllələnir... Bir neçə ay sonra isə Nikolayın göstərişi ilə cinayət işinə xitam verilir. Onu da qeyd edək ki, Fövqəladə Komissiya Rasputinin bu qətllə hər hansı bağlılığını sübuta yetirə bilməyib...

O da maraqlıdır ki, çar sarayından, yaxud nazirlərin arasından Rasputinə qarşı çıxanların demək olar ki, hamısı ya saraydan uzaqlaşdırılır, ya da vəzifədən çıxarılırdı.

İnqilabi hadisələr "Nikolayın istefasına" və alman casusu hesab edilən Çariçanın ölkədən çıxması tələbinə gətirib çıxaranda iğtişaşın qarşısı silah gücünə alınır. Kütlənin qarşısını alan adam Peterburq qarnizonunun rəisi, məşhur knyaz böyük Feliks Yusupov idi. Rasputinin sonu da bu adamın oğlu kiçik Feliks Yusupovla bağlıdır...

Ailə şəcərəsinə görə, Yusupovlar nəslinin kökü Məhəmməd peyğəmbərlə qohumluğa qədər gedib çıxır. Bu nəslin nümayəndələri Misirdə, Suriyada hökmranlıq, Əmir Teymurun ordusunda sərkərdəlik ediblər. Sonralar Krımda Böyük Tatar Ordasına başçılıq etmiş və Kazan xanlığının yaranmasına nail olmuş bu nəslin nümayəndələri İvan Qroznının dövründə geniş ərazilərə sahiblənmişdilər. Həmin dövrdən etibarən Yusupovlar rus hökmdarlarına yaxın olmuş, mühüm dövlət vəzifələri tutaraq, üç əsr ərzində Rusiyanın ən varlı ailəsinə çevrilmişdilər. Ancaq Yusupovların adı tarixdə daha çox Rasputinlə bağlı xatırlanır.

1916-cı ilin 16 dekabrında Rasputinə qarşı təşkil olunmuş sui-qəsdin ayrı-ayrı detalları barədə bu gün xeyli yazılı ədəbiyyat var. Qətl ideyasının müəllifi 30 yaşlı knyaz Yusupovun və Dövlət Dumasının üzvü Purişkeviçin xatirələri əsasında sui-qəsdin hazırlanmasını və həyata keçirilməsini izləmək mümkündür…

Deməyin ki, hə, nə olsun? Rasputin tarixçəsindən 5 nəticə alınır:

1. Çar (prezident) ailəsinin həmişə öz Rasputini var. Bu gün Azərbaycanda bu rolu kim ifa edir?

2. Həqiqi ruhanilər heç zaman hakimiyyətin möhürü rolunu oynamır.

3. Hakimiyyətin rasputinləri eyş-işrət, özbaşınalıq, reket fəaliyyətlərində azaddırlar.

4. Rasputinlərin hakimiyyət çevrəsi ilə müştərək xüsusiyyətlərindən biri şəhvətbazlıq, zinakarlıqdır. (bu nöqtəni anlamaq üçün Rasputinin saray eropeyası haqqında ətraflı oxumaq lazımdır)

5. Rasputinlər real müxalifət olan ruhanilərin ləkələnib sıradan çıxarılmasında laboratoriya siçovulu olurlar.

6. Rasputinlər başçılarla birgə səhnəni tərk edir.

Nə baş verib? Azərbaycanda Axund saunada yaxalanıb. Yoxsa Paşazadə? A… yox, Paşazadə Şeyxdir. Şeyxdən axunda ara çoxmu? Deyilir ki, Masazır qəsəbəsində fəaliyyət göstərən məscidin axundu Hacı Nadirin saunada yaxalanması ilə bağlı məlumat daxil olub. Gün.Az xəbər verir ki, daxil olan məlumata əsasən, axund saunada qadın ilə olub.

Verilən məlumata görə, o, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. Lakin alınan məlumatı Abşeron Polis Şöbəsində təsdiqləmək mümkün olmadı. Bundan başqa, aidiyyəti üzrə polis sahə müvəkkili və əməliyyatçı da hadisədən bixəbər olduqlarını bildirdilər.

Qəsəbə sakinləri arasında sorğu nəticəsində isə məlum olub ki, dünən Hacı Nadirin evinə polis əməkdaşları gəlib, lakin onu evdə tapa bilməyiblər. Sakinlər axtarışın səbəbini bilməsələr də, Hacı Nadiri iki gün ərzində görmədiklərini deyiblər.

Hacı Nadir özü isə məsələnin tam başqa cür olduğunu deyib.

Onun sözlərinə görə, o, öz-özünün çılpaq formada şəkilini mobil telefonu vasitəsilə çəkib.

“Allah şeytana lənət etsin. Bilmədim, niyə belə etdim. Amma sonradan kimlər isə bu şəkili mənim telefonumdan götürüblər və yayıblar. Şübhələndiyim adamlara bunu sübut edə bilmirəm”.

Maraqlıdır! Nə? Nə üçün hamı saunada min hoqqadan çıxa, qumar oynaya, istədiyi adamla zina edə bilər, amma Paşazadənin axundu yox? Məgər Azərbaycanda Allahın qanunu olan hicab yasaqlanmayıb? Əgər axund normal kişidirsə bu hicabsız mühitdə, özü də saunada, özü də YAP-ın bayrağı altında özünü necə saxlasın.

Ölkəmizdə hər şeyin saxtası əsilini ötüb keçib. Hakimiyyət əsildirmi? Nazirlər əsildirmi? Məhbuslar – 22 hicab məhbusu əsil məhbusdurmu?

Azərbaycanda damağına bir zərrə iman dəymiş insanı həmin 22 məhbusun saunada qadınla tutulması təəccübləndirərdi. Prezident, nazir, icra başçısı, polis rəisi, Paşazadənin yetişdirdiyi rasputinlərin saunada zinası, qumarı, maviliyi ağıllı adamları təəccübləndirməz, Vallah!

Bir təzə xəbər də var. Narkotika şər-ittihamı ilə tutulan dindrlardan biri “malı kimdən almısan” sualının cavabında bir adamın adını çəkib ki, müstəntiq qalstukunun düyününü boşaldıb. İndi həmin tanınmış Adam istintiqa cəlb edilməlidir. Daha dindarı dindirən yoxdur. Amma xəbər çölə çıxıb. Təsəvvür edin ki, hələ Masazır axundunun saunada kiminlə tutulduğu açıqlanmır. Açıqlansa…

Babək Təbrizli

  • Yazılıb
  • da (də) 2012 Jan 13