عادلی/Aran agentliyi
ZAQATALA RAYON POLIS ŞÖBƏSININ RƏIS MÜAVINI ISLAMÇILARI GÜLLƏLƏMƏKLƏ QORXUZUB
Bir neçə gün öncə, yanvar ayının 12-də Zaqatala rayon sakinləri Ağalarov İslam Əli oğlu, Balaşov Vasif Həsən oğlu, Süleymanov Kamil Rəsul oğlu sahə müvəkkili Zaur adlı şəxs tərəfindən Zaqatala rayon Polis Şöbəsinə aparılaraq orada təhqir və işgəncələrə məruz qalıblar. Beləki, şəhid ailəsindən olan Ağalarov İslam həbs olunub, digər iki nəfər isə saqqalları məcbur qırxıldıqdan sonra azad olunublar. Redaksiyamıza verilən məlumata görə, hətta rayon polis şöbəsinin rəis müavini Teymur müəllim onları güllələməklə hədələyib.
Məsələyə münasibət bildirmək üçün adıçəkilən şəxslərlə əlaqə saxladıq. Sahə müvəkkili Zaur müəllim həmin şəxsləri tanımadığını bildirdi. Polis rəisinin müavini Teymur müəllim isə, Zaqatala rayonunda heç bir şəxsə dini mənsubiyyətinə görə fərq qoyulmadığını, hər hansı bir şəxsin yalnız və yalnız inzibati və cinayət xarakterli əməlinə görə cəzalandırıldığını söylədi.
Amma bizə məlumat verən mənbənin sözlərinə görə Zaqatala rayonunda dini mənsubiyyətinə görə bir aralar səngimiş olan təzyiqlər artıq yenidən start götürüb. Beləki, təriqətinə fərq belə qoyulmadan islamçılar polisin hədəfi halına gəlmişdir. İslamçılar polis tərəfindən yerli polis şöbəsinə aparılır, sonradan orada müxtəlif təhqir və təhdidlərə məruz qalır, sonda isə ya saqqalı qırxılaraq buraxılır, ya da qondarma ittihamlarla inzibati qaydada cəzalandırılırlar. Hal- hazırda Zaqatala rayon sakinlərinin dindar hissəsi böyük təşviş içərisində proseslərin güclənəcəyindən ehtiyat edir.
Onu da qeyd edək ki, bir müddət əvvəl Quba rayon prokuroru Nazim Hacıyev də vəhabi təriqətinə məxsus müsəlmanları “güllələmək istədiyini” demişdi. Artıq dövlətin rəsmi nümayəndələri tərəfindən sayca ikinci olan bu təhdid isə vəziyyətin ciddi olduğundan xəbər verir.