Tarix : 2012 Jan 15
Kod 27948

İmam Hüseyn (ə) əzadarlığının həyəcanı

Həqiqətən Hüseynin (ə) öldürülməsi nəticəsində möminlərin qəlbində bir yanğı yaranacaqdır ki, heç vaxt sönməyəcək
well/Aran agentliyi

 

 

İmam Sadiq (ə) buyurur: “Nəbiyyi-Əkrəm (s) qarşısında olan Hüseynə (ə) nəzər saldı. Onu qucağında əyləşdirib, buyurdu: “Həqiqətən Hüseynin (ə) öldürülməsi nəticəsində möminlərin qəlbində bir yanğı yaranacaqdır ki, heç vaxt sönməyəcək””.

O zaman ki, Məhərrəm gələr, hətta o başlamazdan əvvəl belə Əba Əbdullahın (ə) aşiqləri arasında bir şövq yaranar. Bu şövq ildən-ilə artar. Bu məsələdə bir sirr vardır, sanki insanı maqnit kimi özünə cəlb edir. Möminlər o Həzrət (ə), onun övladları, səhabələri üçün matəm keçirtməyə can atır və əzadarlıq edərlər. Bəs bu qiyamda nə var ki, insanı özünə cəlb edir? Əgər bəndə Allah Təalanın yoluna qədəm basarsa, İlahi əməli qarşılığında Allah insanların qəlbinə onun məhəbbətini salar. Necə ki, Hüseyn ibni Əlinin (ə) məhəbbətini insanların qəlbinə salmışdır.

Əməlin keyfiyyətinin xalisliyi onun Allah üçün olmasını niyyət etməkdədir. Hər bir əməlin dəyəri onun niyyətindən asılıdır. Əmirəl-möminin (ə) buyurur: “Ən yaxşı iş niyyətin xalisliyidir”.

Həzrət Peyğəmbər (s) də buyurmuşdur: “Həqiqətən əməllər niyyətlərlədir”. Yəni, əməldə əsas amil niyyətdir.

Əməlin çətin olması da onun qalıcı olması üçün mühüm amildir. Savabı da çoxdur. Əmirəl-möminin (ə) buyurur: “Mükafat çətinliyin səviyyəsinə görədir”. O əməl də çətinlik çox olar, savabı da çox olar. Başqa bir hədisdə oxuyuruq: “Əməlin ən fəzilətlisi onun ən çətinidir”. İnsan dünyada hər nə əməl edərsə - istər yaxşı olsun, istərəsə də pis əməl olsun - təsir qoyur. Onun təsiri bir daha insanın əlində deyildir. Bəlkə əməl insanın ixtiyarındadır. Məsələn: İnsanlar bir-birinə məhəbbət göstərmədən həqiqi məhəbbətdən dəm vurmaqları yersizdir. Ancaq əgər bu məhəbbət ikitərəfli olarsa, tərəflərdən biri mütləq müsbət reaksiya verər. Ona görə də Allah buyurur: “Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır” (“Məryəm” 96(.

Bəli, o əməlin ki, kəmiyyət və keyfiyyəti böyük olar, o cavidan və qalıcı olar. İmam Hüseyn (ə) qiyamı da həm kəmiyyət və həm keyfiyyət baxımından əzim olduğundan cavidan və qalıcıdır. Ona görə də Məhərrəm gəlməmiş insan ixtiyarsız olaraq, həyəcana gəlir. Məscidlər, hüseyniyyələr, zeynəbiyyələr qara libas geyinir. Hər il bu məclislər daha təmtəraqlı və həyəcanlı keçir. Çünki bu, Allahın istəyidir. Heç kim Onun istəyi qarşısında bir şey edə bilməz.  erfan/deyerler.org

  • Yazılıb
  • da (də) 2012 Jan 15