well/Aran agentliyi
Ailəsi Turac Zeynalovun meyitinin ekshumasiya olunmasını istəyir
Ötən ilin avqust ayında Naxçıvan MTN-də öldürüldüyü bildirilən Turac Zeynalovun ailəsi və mərhumun vəkili Əsabəli Mustafayev dünən mətbuat konfransı keçiriblər. Mərhumun həyat yoldaşı Gülnar Zeynalova deyib ki, son damla qanına qədər mübarizə aparacaq: “Naxçıvan MTN-də İlqar adlı şöbə rəisi əvvəlcə bizə demişdi ki, Turac nazirlikdə ölüb. Sonra dedi ağırlaşmışdı, apardıq xəstəxanaya, orada öldü. Halbuki xəstəxana ilə oranın arasında heç bir dəqiqəlik yol yoxdu. Turacı xəstəxanaya apara bilərdilər. Görüblər səs-küy çoxdur, salıblar qaraja, orada saxlayıblar. Sonra da Diaqnostika Mərkəzinə aparıb yarıblar. MTN-də Seymur adlı şəxsə ”ölümüzü veri" deyəndə “çağırın silahlıları, gəlib bunları biçsin töksün” dedi".
Atası Şuriyyə Zeynalov deyib ki, oğlunun meyitini güclə ala biliblər: “Məlahət xanımın (Naxçıvandakı hüquq müdafiəçisi Məlahət Həsibova-red.), camaatın sayəsində güclə aldıq. Başından vurmuşdular, boğazını kəsmişdilər, bədəninin hər tərəfi göm-göy idi. Məcburən meyiti iki xalata bükdük. Biz qəbiri açmağa razıyıq. İstənilən vaxt ekspertlər gəlsin, meyiti ekspertizadan keçirsin. Bir şərtlə ki, Naxçıvanın ekspertləri olmasın, onlara inanmırıq. MTN-də İlqara dedim ki, sizdən şikayət edəcəm. Dedi, hara istəyirsən şikayət elə”.
Vəkil Ə.Mustafayev dedi ki, iş üzrə Turac da daxil olmaqla beş nəfər həbs olunmuşdu: “Hamısı da Naxçıvan hava limanında sürücü işləyirdi. Onlardan üçü sonradan azad olundu. Birinə də iş kəsdilər. Əvvəl 10 il verdilər, apelyasiya şikayətindən sonra 6 ilə endirdilər. İş materiallarını əldə edə bilmirik ki, orada Turacın adının keçib-keçmədiyini bilək. Məhkəmə prosesi qapalı keçirildi.
6 il cəza alan adamın valideynləri bu gün də bilmirlər ki, işin içində nə var, övladları neyləyib? Heç nəyi bilmirlər, ortada heç bir sənəd yoxdur".
Vəkil deyib ki, işi hüquqi müstəvidə davam etdirmək və bu günə qədər müəmmalı qalan məqamlara aydınlıq gətirmək istəyirlər. Lakin Naxçıvan MTN-i qanunsuz olaraq qərarın surətini təqdim etmir.
Ə.Mustafayev məsələ ilə bağlı ombudsmana da şikayət etdiyini, lakin oradan gələn cavabın da MTN-in cavabından fərqlənmədiyini bildirib. Vəkil deyir ki, əgər Naxçıvandan bir şey çıxmasa, baş prokuror Zakir Qaralova şikayət edəcək.