Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasında üzvlüyü ilk nəticəsini verib
/Aran agentliyi
Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasında üzvlüyü ilk nəticəsini verib; rəsmi Bakı Afrikanın problemlərinə həsr olunmuş beynəlxalq konfransa ev sahibliyi edəcək!
Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayımlanmış nazir Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasında "BMT və Afrika İttifaqı arasında əməkdaşlıq" mövzusunda keçirilən müzakirələrdəki çıxışının mətnindən bu məlum olub.
Məlumatına görə, Elmar Məmmədyarov deyib ki, son onillikdə Afrika İttifaqının və subregional təşkilatların rolu xeyli artıb: "Son illər ərzində biz BMT ilə Afrika İttifaqı arasında sülh və təhlükəsizlik sahəsində strateji münasibətlərin inkişaf etdirilməsi istiqamətində əldə olunan nailiyyətin şahidi olmuşuq. Eyni zamanda qəbul etməliyik ki, çağırışlar hələ də mövcuddur və Afrikanın kollektiv təhlükəsizlik məsələlərinin effektiv şəkildə həll edilməsi məqsədilə bu strateji münasibətin möhkəmləndirilməsi üçün çox iş görülə bilər."
Nazir Elmar Məmmədyarov qeyd edib : "Afrika İttifaqında müşahidəçi statusu ölkəmə bu qarşılıqlı faydalı münasibətləri və dialoqu inkişaf etdirməyə imkan yaradıb. Azərbaycan Afrika üçün müxtəlif yardım proqramlarının tətbiqində fəal iştirak edir. Biz Afrika ölkələrində baş vermiş humanitar böhranın aradan qaldırılması məqsədilə təcili yardımın təmin edilməsi üçün ayrı-ayrı hökumətlərin və beynəlxalq təşkilatların çağırışına cavab verdik. Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməyə ümid edərək Azərbaycanda Afrikanın problemlərinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etməyi planlaşdırırıq."
Qeyd etmək lazımdir ki, rəsmi Bakı BMT Təhlükəsizlik Şurasında üzvlüyündən yaratdığı mülahizələrə görə, BMT Baş Assambliyasına Dağlıq Qarabağ probleminə dair təqdim etdiyi qətnaməni geri götürüb!