İslam Partiyası sədrinin müavini Arif Qəniyev Milli Təhlükəsizlik Nazirliyinin ..
/Aran agentliyi
İslam Partiyası sədrinin müavini Arif Qəniyev Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından Sumqayıt Şəhər Polis İdarəsinin təcridxanasına köçürülüb
İslam Partiyası sədrinin müavini Arif Qəniyev Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından Sumqayıt Şəhər Polis İdarəsinin təcridxanasına köçürülüb. Vəkil Anar Qasımlının sözlərinə görə, köçürülmə Arif Qəniyevin yanvarın 17-də başlayacaq məhkəməsi ilə bağlıdır.
Proses Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək.
2011-ci ilin avqust ayında tutularaq Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunur. Azərbaycan Respublikasında son bir ildə həbs olunan islamçılar və hicab müdafiəçiləri oxşar ittihamlarla həbs olunublar. Vəkillər və müttəhimlər bu atılan ittihamları şər-böhtan və qara-yaxma adlandırırlar.