Tarix : 2012 Jan 16
Kod 27963

AĞ EV RƏSMİSİNİN BAKI SƏFƏRİNİN GİZLİNLƏRİ ÜZƏ ÇIXIR

ABŞ Rusiyanın Qəbələ RLS-in yerində daha modern stansiya quraşdırmaq planından narahatdır; Vaşinqton iqtidarı sövdələşmədən çəkindirmək üçün hərəkətə keçib
well/Aran agentliyi

 

 

Azərbaycan yenidən Rusiya və ABŞ arasında geostrateji çəkişmənin episentrindədir. Bu dəfə Qəbələ RLS-in icarə müddətinin artırılmasına dair Azərbaycanla Rusiya arasında gedən danışıqlar Birləşmiş Ştatların narahatlığına səbəb olub.

Hərbi-diplomatik qaynaqlardan redaksiyamıza məlum olub ki, ABŞ əvvəlcə Rusiyanın stansiyanın icarə müddətini artırmaq planlarından və bu məsələ barədə Azərbaycanla danışıqlara başlamasından narahat görünmürdü. Ancaq Rusiya tərəfinin danışıqların gedişində yeni şərtlər irəli sürməsi və Azərbaycan tərəfinə Qəbələ RLS-i söküb onun yerində daha müasir, geniş imkanlara malik RLS quraşdırmaq planlarını çatdırması vəziyyəti dəyişib. Xəbər verildiyi kimi, ötən ilin dekabrında Rusiya tərəfi bildirib ki, artıq köhnəlmiş hesab edilən və ötən əsrin texnologiyalarına əsaslanan Qəbələ RLS-in tamamilə sökülərək yerində zavod şəraitində hazırlanan daha modern RLS quraşdırmaq planı var.

Rusiyanın Qəbələ RLS-i söküb yerində yeni RLS quraşdırmaq planlarının ABŞ-ı nədən narahat etməsi aydındır. Moskva bununla Birləşmiş Ştatların Avropada raketdən müdafiə sistemi elementlərini yerləşdirməsini balanslaşdırmağa çalışır. Prezident Dmitri Medvedyev ötən ilin dekabrında ABŞ-ın raketdən müdafiə sistemlərinə qarşı sərt bəyanatla çıxış etdi. Daha sonra Rusiya komandanlığı elan etdi ki, Azərbaycan ərazisindəki Qəbələ RLS də daxil olmaqla bir sıra radiolokasiya sistemləri və ballistik raketlər Amerikanın planlarını neytrallaşdırmaq üçün səfərbər olunacaq. Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair Rusiya ilə Azərbaycan arasında danışıqlar xeyli intensiv keçirdi. Ötən ilin sonlarında Azərbaycan müdafiə naziri bu məsələ ilə bağlı dalbadal iki dəfə Moskvaya səfər edib. Habelə Prezident Administrasiyasının rəhbərinin dekabrda Moskvaya səfərində də Qəbələ RLS məsələsinin müzakirə edildiyi xəbər verilirdi. Danışıqların gedişinə dair Rusiya Müdafiə Nazirliyi rəsmilərinin verdikləri açıqlamalara əsasən, Azərbaycan tərəfi Qəbələ RLS-in yerində daha az ərazi tutan modern stansiya quraşdırılması planına qarşı deyil və əsas tələbi icarə haqqının artırılması barədədir.

Lakin belə görünür ki, Rusiyanın Azərbaycan ərazisində ABŞ-ın Avropada raketdən müdafiə sistemlərini neytrallaşdırmaq üçün modern RLS yerləşdirmək üçün hərəkətə keçməsi Vaşinqtonu qayğılandırıb. Çünki bu, stansiya ilə bağlı indiyədək mövcud olan oyun qaydalarının dəyişməsidir. Məlumata görə, Birləşmiş Ştatlar Azərbaycanı bu sövdələşmədən çəkindirmək üçün hərəkətə keçib. Ötən il dekabrın 20-də ABŞ müdafiə nazirinin kəşfiyyat məsələləri üzrə müavini Maykl Vikkers Bakıda oldu və ehtimal edilirdi ki, onun səfərinin əsas məqsədlərindən biri də Qəbələ RLS-ə dair danışıqların detallarını, Rusiyanın stansiya ilə bağlı yeni planlarını öyrənmək olub. Bu həftə isə ABŞ dövlət katibinin Avropa və Avrasya işləri üzrə köməkçisinin müavini Erik Rubin Bakıya səfər edəcək. “Regnum” agentliyi xəbər verir ki, səfərin məqsədi Qəbələ RLS-in sonrakı taleyinə dair müzakirələr aparmaqdır.

Bildirilir ki, Amerika tərəfi stansiyanın icarə müddətinin uzadılmayacağı təqdirdə onun idarə edilməsi üçün Bakıya köməyini təklif edir. Ehtimala görə, Vaşinqton stansiyanın Rusiyaya verilməyəcəyi təqdirdə onun modernləşdirilməsinə hazırdır. Stansiyanın ABŞ-ın nəzarətinə keçməsi strateji əhəmiyyətli bölgədə, İranın qonşuluğunda Vaşinqtona ciddi üstünlük vəd edərdi.

Bəs Azərbaycan tərəfi bu mürəkkəb situasiyada necə hərəkət edəcək? Belə görünür ki, rəsmi Bakı, ölkə rəhbərliyi Qəbələ RLS məsələsində yeni situasiyanın yarandığını nəzərə alaraq onun Rusiyaya icarəyə verilməsində tələsməməyi qərara alıb. Dekabrın 30-da prezident İlham Əliyev stansiyaya dair Rusiya ilə danışıqlar aparan işçi qrupunun tərkibini təsdiqləyib. Qrupa müdafiə naziri və digər bir sıra dövlət qurumlarının rəhbərləri daxildir. Rusiya danışıqların ən uzağı yanvarda yekunlaşmasını gözləyirdi, ancaq görünən odur ki, danışıqlar hələ uzanacaq. Azərbaycan Qəbələ RLS məsələsindən dünyanın iki böyük dövləti qarşısında öz maraqlarını təmin etmək üçün maksimum faydalanmağın yollarını axtarır.

 

  • Yazılıb
  • da (də) 2012 Jan 16