well/Aran agentliyi
Artıq xəbər verdiyimiz kimi yanvar ayının 16-sı səhər saatlarından etibarən Azərbaycanın dövlət qurumlarının, hökumət strkturlarının və bir sıra informasiya resurslarının saytına haker hücumu başlayıb.
Azadxeber.az saytının "Haqq-Yolu" saytına istinadən verdiyi xəbərə görə, yanvar ayının 16-sı, təxminən saat 18:30 radələrində Azərbaycan Prezidentinin rəsmi saytı da eyni haker qrupu tərəfindən dağıdılıb. Dağıdılan Prezident saytında bu yazı yerləşdirilib:
Bu günlərdə yaşadıqlarınız və yaşayacaqlarınız sizin üçün bir mesajdır, Böyük Mesaj - diqqətli olun!
Biz din adamları olaraq alicənablıq göstərməyə, elmli və düşüncəli olmağa borclu olduğumuzu başa düşürük. Vətənimizi, xalqımızı, müstəqilliyimizi, dünya nüfuzumuzu qorumağa bütün vücudumuzla hazırıq. İslamın ötən 1400 ildə verdiyi şəhidlər iddialarımıza sübutdur.
Qarabağın işğalını şərəf və ləyaqətimiz üçün ləkə sayırıq, bu yolda eynən İmam Hüseyn (ə) kimi olanlarımızı fəda etməyə hazırıq. Azərbaycan Dövlətçiliyi hər bir dini rütbəli və sıravi dindar üçün müqəddəs və toxunulmazdır. Biz quldur hakimiyyətin düşməniyik, dövlətçliyin yox. Biz yırtıcı canavarlara qarşıyıq, təbiətə qarşı deyilik. Bu gün özünü dövlətçilik adı ilə xalqa sırıyan və ona qan udduran quldur dəstə İslam və müqəddəsliklərə qarşı müharibə aparır. Hansı ki bu səmavi din Millətimizin, Dövlətçiliyimizin, Şərəf və Ləyaqətimizin iftixarı, namusu, kimliyidir.
Prezident aparatı şeytan yuvasına çevrilib. Burada məkrli insanların çürük beyinlərindən süzülən çızmaqaralar parlament komissiyalarına ötürülür. Milli mənafelər üzərində gedişi kübar həyatı üçün qazanc mənbəyinə çevirmiş Fəzail Ağamalılar, Qənirə Paşayevalar, Nizami Cəfərovlar, Asim Mollazadələrin, Sabir Rüstəmxanlıların ağzı isti yerdədir. Onlar hamam akustukasında öz ulaq səsindən vəcdə gəlmiş manislar kimi hər gün səsini bir az da qaldırır.
Diqqətli olun cənablar! Hər gün yeni bir iblisanə layihə və qanunla müsəlman xalqın səsini boğmağa, onu dünya imperializmi qarşısında qula çevirməyə çalışırsınız. Konstitusuon hüquqları anti-konstitusion fəaliyyətləriniz, cinayətlərinizlə alçaldır, ayaqlayırsınız.
Biz despotizm və korrupsiya, fəsad və əxlaqsızlıq, alkoqolizm və narkomaniya burulğanında məhvə sürüklənən vətən övladlarının milli-mənəvi tərbiyəsi yolunda çalışır, xalqın səadətini İslamda görürük. İstəklərimizi məkrli siyasət, hoqqabazlıq, yalanla həyata keçirmək qərarında deyilik. İslam pakdır və onun ali məqsədlərinə yalnız pak yollarla çatmaq olar. Biz qılınc yox, qələm əhliyik. Amma bütün qanuni, insani yollar üzümüzə bağlanan zaman şeytanın dəmir darvazalarını, zəncirlərini qırmaqdan çəkinməyəcəyik. Sözümüzü eşidin, qoy qılınclar qınında qalsın. Bizi əynimizə zireh geyib, əlimizə ağır qılınc alıb bütün maneələri uçurub-dağıtmağa vadar etməyin. Belə olsa oda çəkdiyimiz günahlarınızın tüstüsündə boğulacaqsınız.
Haqq Din İslamı müdafiə etməyən, milli adət-ənənlərə arxa çevirən, namus-qeyrətini biganələrə satan hər kəsin qapısını döyəcəyik. Bir ovuc erməni qarşısında Böyük Xalqa diz çökürən rejimin karton sütunlarına od vuracağıq.
Eşidin ey İblisin məmurları! Gündə bir şeytənət, bu gün də Eurovision adı altında xalqın namusunu satışa çıxarmaqdan, Bakı küçələrini pozğunlarla doldurmaqdan vaz keçin. Haqqın yoluna dönün, ölüm barədə düşünün. Haram milyardlarınız sizi gözləyən qəbir evini işıqlandırmayacaq, cəhənnəm əzabına sipər olmayacaq. Geri dönün...
Hücüm nəticəsində dağıdılan saytların tam siyahısını təqdim edirik
Azərbaycan Prezidentinin rəsmi saytı,
Bakı şəhər icra hakimiyyəti,
Azərbaycan Dövlət Gömrük Komitəsi,
Azərbaycan Təhsil Nazirliyinin qurumlarından,
Daxili İşlər Nazirliyi, Konstitusiya Məhkəməsi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi,
Yeni Azərbaycan Partiyası,
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası,
Abşeron Rayon İcra Hakimiyyəti,
AzərTacın və Trend inforamsiya agentlikləri.