Tarix : 2012 Jan 17
Kod 28007

İctimai Palata mitinqlərə hazırlaşır

İctimai Palatanın rəhbərliyində kütləvi etiraz aksiyalarına start verilməsi barədə müzakirələr başlayıb
well/Aran agentliyi

 

 İctimai Palatanın rəhbərliyində kütləvi etiraz aksiyalarına start verilməsi barədə müzakirələr başlayıb. Əldə etdiyimiz xəbərlərə görə, kütləvi aksiyalar keçirməklə bağlı ümumu razılıq əldə olunub. Həll olunmamış yeganə məsələ aksiyaların fevral və ya mart-aprel ayında keçirilməsidir. İctimai Palatanın rəhbərliyində iki mövqe var. Bir tərəf ilk mitinqin fevralın birinci yarısında keçirilməsinin, digər tərəf isə vəziyyətdən asılı olaraq mart və ya aprel ayında aksiyalara start verilməsinin məqsədəuyğun olduğunu hesab edirlər.

Xatırladaq ki, kütləvi aksiyaların vaxtının çatdığı barədə İP-in 8 yanvar sessiyasında liderlər öz çıxışlarında da bildiriblər. Əldə etdiyimiz daha bir xəbərdə isə deyilir ki, ölkədə mülkiyyət hüququnun pozulması hallarının miqyasının sürətlə genişlənməsi, on minlərlə taksi sürücüsünün Nəqliyyat Nazirliyinin qərarı ilə faktiki olaraq işsiz qalması, maddi imkansızlıq üzündən elektrik enerjisi borcunu ödəyə bilməyən minlərlə insanın işığının kəsilməsi prosesinə başlanması-bir sözlə, incidilən sosial təbəqələrin heç vaxt görünməmiş həddə çatması İctimai Palatanın aksiyalara tezliklə başlaması ehtimalını artırıb. İctimai Palata mitinq keçirəcəyi halda yuxarıda adını çəkdiyimiz narazı insanların kütləvi şəkildə həmin mitinqə qatılacağı gözlənilir. Artıq həmin hüququ pozulan sosial təbəqələrin nümayəndələri İctimai Palata rəhbərliyi ilə görüşüb mitinq məsələsini müzakirə ediblər. Məlumatda deyilir ki, onlar hətta liderlərdən mitinqlərə başlamağı xahiş ediblər. Bildiriblər ki, İctimai Palatanın mitinqi narazı sosial təbəqələrin pərakəndəliyini də aradan qaldırmış olacaq. Ayrı-ayrı lokal etiraz aksiyalarının nəticə vermədiyinə əmin olan insanlar etirazlarını bir yerdə ortaya qoymaq üçün İctimai Palatanın mitinqini fürsət biləcəklər. Nəticədə pərakəndə narazılığın vahid mərkəzə cəmləşməsi baş verəcək.

Aparılan təhlillər də müxalifətin elektoratının artmasına əsasən bir neçə dövlət qurumunun həyata keçirdiyi “islahatlar”ın səbəb olduğunu söyləməyə əsas verir.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Hüquq idarəsinin rəisi Eldar Orucov jurnalistlərə açıqlamasında deyib ki, ARDNŞ-ə məxsusu ərazilərdə inşa edilmiş qanunsuz tikililərlə bağlı məhkəmələrdə hazırda 12 min iddia var. İndiyədək həmin işlərdən 4 mini üzrə qətnamə qəbul olunub və icraya yönəldilib, 8 minə yaxın işə isə məhkəmələrdə baxılmaqdadır. Eldar Orucovun sözlərinə görə, sənədsiz evlərlə bağlı yeni addımlar atılacaq. E.Orucov bununla faktiki olaraq bəyan etmiş olub ki, ARDNŞ indiyə qədər sökdürdüyü evlərlə kifayətlənmək niyyətində deyil, azı 12 min ailə də evsiz-eşiksiz qoyulacaq. Bu isə 50 mindən yuxarı vətəndaşın avtomatik olaraq hökumətə qarşı nifrətə köklənməsi deməkdir.

Daha bir böyük miqyaslı sosial narazılığı Nəqliyyat Nazirliyi artıq yaradıb. Ölkə əhalisinin böyük hissəsinin maddi ehtiyaclarını qarşılamaq üçün ağır əziyyətlərə qatlaşdığı bir vaxtda nazirlik ailəsini dolandırmaq üçün son ümid yeri şəxsi avtomobilindən taksi kimi istifadə edən on minlərlə insanı “islahat” adı altında çörəksiz qoyub. Sərnişindaşıma sahəsində “islahatlar” adı altında “xidmət keyfiyyəti”nin yaxşılaşdırılması təşəbbüsünü irəli sürərək taksi sürücülərini işləməyə qoymamaq on minlərlə ailəni aclıq təhlükəsi ilə üz-üzə qoymaqdır. Artıq taksi sürücüləri hansısa müxalifət qurumunu gözləmədən aksiyalara başlayıblar. Bu narazı kütləni müxalifətin mitinqlərinin potensial iştirakçıları hesab etmək olar.

Daha böyük bir narazılar ordusunu sabahdan “Bakıelektrikşəbəkə” ASC yaradacaq. Belə ki, borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı sabahdan dayandırılacaq.

ASC bəyan edib ki, elektrik enerjisinin verilməsi 18 yanvar saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq. Bu da abonentlərə soyuq qış fəslində müəyyən problemlər yaradacaq. Əksəriyyəti maddi imkansızlıq üzündən borclu düşmüş insanların elektrik enerjisinin qışın oğlan çağında kəsilməsinin sosial narazılar ordusunu bir qədər də artıracağı şəksizdir.

 

İctimai Palatanın rəhbərliyində aksiyalara tezliklə başlamağın tərəfdarları da sadalananlara əsaslanırlar.

musavat.com

  • Yazılıb
  • da (də) 2012 Jan 17