well/Aran agentliyi
“İndiki situasiyada hakimiyyət yol ayrıcındadır və iki seçimi var. Ya müəyyən məsələlərdə güzəştə getməlidir. Ancaq hakimiyyət hesab edir ki, güzəştə gedərsə, tələblər arta bilər. Ona görə də bu yolu tutmaq istəmir. Bu mənada ikinci, ənənəvi və daha asan görünən yolu seçir. Bu da zorakılıqla bütün tələblərin qarşısını almaq, bütün etirazları yatırmaqdır. Ona görə də aqressivlik artır”.
Bunu “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu real situasiyanı şərh edərkən bildirdi. Qeyd edək ki, son vaxtlar ölkədə “qanunsuz tikililər” adı ilə vətəndaşlara məxsus evlərin dağıdılması, minlərlə insanın mənzil hüququnun pozulması adi hala çevrilib. Evləri dağıdılan yüzlərlə vətəndaş vaxtaşırı aksiyalar keçirməkdədir. Taksi sürücülərinə qarşı tətbiq olunan sanksiya isə ölkədə daha bir təbəqənin sərt etirazlarına səbəb olub. Ancaq hakimiyyət gündən-günə aqressivliyini artırır və narazılıqlara stimul verən addımlara gedir. Məntiqlə dünyada cərəyan edən proseslərdən dərs götürülməli və vətəndaşların durumuna sarsıdıcı zərbə vuran addımlardan imtina olunmalı idi. Bəzi ekspertlər deyir ki, hakimiyyət Azərbaycanda inqilabla bağlı ehtimalların aradan qalxması səbəbindən daha da arxayınlaşıb və aqressiyanı artırıb.
Ancaq Ə.Oruclu deyir ki, hakimiyyət real vəziyyəti çox yaxşı bilir: “Hakimiyyət bilir ki, əhali arasında ciddi narazılıqlar var. Ona görə də o narazılıqları aradan qaldırmağın yolu kimi ancaq zorakılıq yolunu seçir. Aqressivliyin əsasında bu dayanır”. Ekspert deyir ki, bu yol müəyyən mərhələdə effektlidir. Ancaq istənilən rejimdə və ölkədə bu yolun sonu çatır: “Bu yolun sonucunda hakimiyyətin əlavə özünümüdafiə mexanizmləri qalmır. Çünki güc siyasətdə axırıncı amildir. Azərbaycan hakimiyyəti isə onu birinci işə salır”. Ə.Oruclu deyir ki, indiki situasiyada müxalifət hüququ pozulan bütün təbəqələrin hüququnu qorumalıdır: “Çünki birincisi, nə qədər çox əhalinin hüququ pozulursa, o, cəmiyyətdə gərginliyi də artırır və gələcək üçün problemlər yaradır. Deyək ki, 10 min taksi sürücüsünə qarşı müəyyən addımlar atılırsa, bu, yoxsullaşan, işsiz əhalinin artması deməkdir. Bu, həm də gələcək üçün yaranan problem olduğu üçün müxalifət bu problemlərin qarşısını bu gündən almalıdır. Digər tərəfdən isə narazı kütlə təbii ki, onu müdafiə edənin tərəfində olacaq. Bu baxımdan da müxalifət sırf siyasi maraqları nöqteyi-nəzərindən hüquqları pozulan bütün əhali təbəqələrinin yanında olmalıdır”. Politoloq müxalifətin də aksiyalara qərar verəcəyinə və kütləvi tədbirlərin mart ayından başlayacağını bildirdi: “Digər tərəfdən unutmaq olmaz ki, hüquqları pozulmuş insanlarla görüşlərin özü, də bir aksiyadır”.
musavat.com