Mən təhsil almaq istəyirəm... Amma məni məktəbə buraxmırlar
/Aran agentliyi
Deyirlər ki, gərək başını açasan. Amma bunu eləyə bilmərəm. Hicab mənə nənəm Fatimənin (ə) əmanətidir. Direktor mənə “mənə xatir hicabını aç” dedi. Sızıldadı ürəyim, kədərləndi qəlbim... “Axı mən hicabı sənə görə bağlamamışam Hicab Allahın əmridir” dedim. Yenə də tikanlı sözlərlə qəlbimi yaraladı. “18 yaşından sonra bağlayarsan da... bəyəm indi sənə hicab vacibdir ki?” 35 ildir ki, tədrislə məşğul olan bir adamın bu sözlərindən sonra daha ona nə deyə bilərdim? Bu ki cahildir deyə düşündüm. Kərbəlada 3 yaşlı Rüqəyyə gəldi gözlərimin önünə. Atası, qardaşları, əmiləri şəhid edilən, biçarə Rüqəyyə... bütün bu dərdlər içərisində yenə hicab istəmişdi Rüqəyyə... Nənəsi Fatimənin (ə) əmanəti olan hicabı...
Yenə xəyallara daldım... bir hədisi xatırladım. Hz. Fatimənin (ə) kor kişi ilə olan əhvalatını... Rəsuli-Əkrəmdən (s) nəql edilir bu rəvayət. Hz. Fatimə (ə) evlərinə gələn bir kor kişini görən kimi hicabını bağlayır. Rəsuli-Əkrəmin (s) “qızım onun ki gözləri görmür” sözlərinə “mənim gözlərim görür” deyə cavab vermişdi Fatimə (ə). Bu qədər əhəmiyyətlidir hicab mənim üçün.
Gözlərim önünə gəldi yenə... Mənim hicabımın müdafiəsinə gələn qardaşlarım. Təhsil nazirliyinin qarşısındakı aksiya. Yerdə tapdalanan Quran, başdan açılan hicab, döyülən, söyülən Fatimə (ə) ardıcılları. Bütün bunları isə edən Azərbaycan “kişiləri”. Bir anlıq da olsa düşündüm. Rəhmətlik nənəm həmişə deyərdi ki, “bizdə kişi özünə sığışdırıb qadına əl qaldırmaz.” Bu qədər alçaldıqmı görəsən? Yoxsa öz millətinin qadınlarını vəhşicəsinə döyən Azərbaycan kişiləri deyilmidir? Yoxsa bu qədər qeyrətsizləşmişik?
Gözlərim doldu... Ağladım... Mənim bu halımı görən direktorun deyəsən ürəyi yumşaldı... “Qızım axı bizə də belə deyirlər... vallah mənlik deyil... Mənim də ürəyim ağrıyır sənin bu halından...” Doğurdanmı ürəyi ağrıyırdı onun görəsən? Xeyir bu sadəcə dildə deyilən bir sözdür. əgər ürəyi ağrısaydı... Evə qayıdıram... yol boyu düşünürəm... Mənim hicabımı kim müdafiə edəcək? Hicabın müdafiəsinə qalxan 28 qardaşım bu gün zindandadır. Görəsən mənim zindandakı qardaşlarımdan başqa qardaşım yoxdurmu? Axı Allah bütün möminləri bir-birinə qardaş adlandırıb...
P.S. Bu sözləri deməklə heç kimi ittiham etmirəm. Mən öz hicabımı özüm də qoruya bilərəm. Necə ki, Xanım Zeynəb (ə) Kərbəlada bunu etdi. Amma biz həmişə görmüşük ki, qadının namusunu kişi çəkər...
Gülşən Murad/islamazeri