Tarix : 2012 Jan 17
Kod 28020

İNTERNETDƏ YENİ AKSİYA BAŞLAYIR

Aksiyanın məqsədi 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasıdır
/Aran agentliyi

 

 

20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur.  Artıq 1990-cı il 20 yanvar hadisələrindən 22 il keçir. FaktXeber.com-un verdiyi məlumata görə, bu münasibətlə Gənclər üçün Təhsil Mərkəzi də faciənin 22-ci ildönümü ilə əlaqədar olaraq “22 ildir unutmuruq!” adlı internet aksiyaya başlayır.

18-20 yanvar 2012-ci il tarixində keçiriləcək aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 22 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.

Mərkəzin mətbuat xidmətinin rəhbəri İnqilab Fərzəliyev bildirmişdir ki, aksiya nəinki Bakı şəhərində, eyni zamanda Mərkəzin regional ofislərində də keçiriləcək. Aksiya çərçivəsində müəyyən edilmiş qrafikə uyğun olaraq gənclər növbəli şəkildə internet vasitəsi ilə 20 Yanvar faciəsinə həsr olunmuş məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrə, əcnəbi qəzet və jurnallara göndərəcəklər.

Qeyd edək ki, aksiya yalnız Azərbaycanda deyil, paralel olaraq dünyanın müxtəlif ölkələrində təhsil alan Mərkəz üzvləri tərəfindən də həyata keçiriləcək.

 

  • Yazılıb
  • da (də) 2012 Jan 17