Tarix : 2012 Jan 19
Kod 28046

Artur Rasizadə: ''Azərbaycan hərb yolu ilə torpaqlarını azad etməyə qadirdir''

Azərbaycanın baş naziri Artur Rasizadə yanvarın 18-də Moldova Respublikasının baş naziri Vladimir Filat ilə görüşmüşdür. Əvvəlcə təkbətək keçirilən görüş sonra geniş tərkibdə davam edib
ali/aran agentliyi

 AzərTAc-ın məlumatına görə, Azərbaycanın baş naziri Azərbaycan ilə Moldova arasında həmişə isti münasibətlərin olduğunu, ikitərəfli əlaqələrin yeni mərhələsində münasibətlərimizin inkişafının zəruriliyini önə çəkib. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini deyən baş nazir iqtisadi sahədə də əməkdaşlığı genişləndirməyin vacib olduğunu deyib. Artur Rasizadə hazırkı iqtisadi münasibətlərin hər iki ölkənin potensialını əks etdirmədiyini bildirib.
Baş nazir Artur Rasizadə Moldovanın Baş nazirinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsinə təkan verəcəyini də deyib.
Artur Rasizadə Azərbaycanın artan iqtisadi potensialı barədə məlumat verərək deyib ki, ölkənin əsas gəlir mənbəyi hələ də neft-qaz sahəsidir: “Lakin bu sahədən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu iqtisadi-siyasətin nəticəsidir ki, respublikada iri infrastruktur layihələri həyata keçirilir, yollar, xidmət obyektləri tikilir, turizm sürətlə inkişaf etdirilir, təhsil və səhiyyə müasir səviyyəyə çatdırılır. Təkcə yola saldığımız ildə qeyri-neft sektorundan daxil olan gəlir 11 faiz artmışdır. Bunlarla yanaşı ölkədə enerji təhlükəsizliyi nəzarətdə saxlanılır, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün işlər davam etdirilir”.
Baş nazir Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara məlumat verib. O, bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox insan doğma el-obasından qaçqın və köçkün düşüb: “BMT-nin işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması barədə qəbul etdiyi 4 qətnaməyə də Ermənistan tərəfi bu günədək əməl etməyib. Azərbaycan hökuməti münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdır, lakin nəticə olmayacağı halda hərb yolu ilə torpaqlarını azad etməyə qadirdir. Bunun sübutu ölkənin ildən-ilə güclənən hərbi potensialıdır”.
Moldovanın baş naziri Vladimir Filat da öz növbəsində Azərbaycana ilk səfərindən məmnun olduğunu söyləyib. O, Azərbaycanın baş nazirini BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik edərək əlavə edib ki, bu hadisə respublikanın dünyada artan nüfuzunun bariz göstəricisidir. 

  • Yazılıb
  • da (də) 2012 Jan 19