/Aran agentliyi
Bismilləhir-Rahmənir-Rahim!
Məhərrəm-Səfər əyyamının axır günləridir. Dünyanın hər bir güşəsində, hər bir məmləkətində İmam Hüseyn (ə) əzadarları bu əyyamı yaşadır, Əba Əbdillaha (ə) əzadarlıq məclisləri təşkil edir. İmam Hüseynin (ə) əzadarları yalnız Aşura, İmamın (ə) üçü, yeddisi mərasimlərini keçirməklə kifayətlənmirlər, davamlı olaraq bu şəhidlik məktəbinin yaşadılması və tanıtdırılması üçün əllərindən gələnləri edirlər.
ŞƏHİDLƏRİMİZİ XATIRLAMAQLA BORCUMUZU YERİNƏ YETİRƏK
Bu il də Məhərrəm-Səfər əyyamında hər birimizin, xüsusilə də orta və yaşlı nəslin həyatında çox önəmli günlərdən biri yaşanır. İyirmi iki il öncə Sovet imperiyasının dağılması və aradan getməsi üçün ən ciddi hadisələrdən biri baş verib. Yetmiş ildən sonra, xalqımızın zülmün qabağında dayana bilməsini bir daha sübut etdiyi bir gün tarixə qanlı hərflərlə yazıldı. Artıq bu hadisədən iyirmi iki il keçir. Bu, o deməkdir ki, indi 22-23 yaşı olan cavanlar o faciə baş verəndə, hələ dünyaya təzəcə göz açmışdılar. İyirmi beş yaşlılar isə o vaxt nələrin baş verdiyini hələ dərk etmirdilər. O zaman gənc olanların indi qırx yaşları var. Bu qədər vaxt keçib. Bizi bu hadisədən zaman baxımından ayıran illərin sayı artmaqdadır. Bu artım, kəmiyyətdən keyfiyyətə keçə bilmək təhlükələrini ortaya qoyur. Ola bilər ki, yeni gələn nəslin bu hadisələrdən tam mahiyyəti ilə xəbəri olmasın. Ola bilsin ki, insanları Bakı küçələrində imperiya tanklarının önünə əliyalın çıxaran, xırıltılı səslə “Yaşasın müstəqil Azərbaycan!” hayqırdıran duyğular, bugünün unsanı üçün artıq nəzəri bir məsələyə çevrilir. Ola bilər ki, komendant saatında güllə-baranlar, 40 günlük ümumi etiraz tətili artıq ölkə insanı üçün tarixin səhifəsi statusuna keçməkdədir. Bu baxımdan hamımızın üzərində böyük məsuliyyət var. Bizlər bu hadisəni yada salmaqla yaşatmalıyıq və bununla istiqlal şəhidlərimizin qarşısında borcumuzu yerinə yetirmiş olmalıyıq. 20 yanvarın növbətçı tarixlərdən birinə, sadəcə rəsmi qeyd etməyə çevrilməsinə imkan verməməliyik.
20 YANVARDAN SONRA İNSANLAR İSLAMLA DAHA YAXINDAN TANIŞ OLDU
Baş vermiş hadisəyə bir neçə istiqamətdən toxunmaq olar. Birinci budur ki, 20 yanvar hadisəsi baş verəndə və bunu dünyaya təqdim edəndə, Sovet imperiyasının başında dayananlar baş verən hadisəni belə çatdırdılar ki, guya, Azərbaycanda İslam fundamentalizmi baş qaldırmışdı və buna görə onlar bu cinayətə əl atmalı oldular. Əlamətdardır ki, o zaman camaatın əksər hissəsi İslam fundamentalizminin nə olduğunu bilmirdi. Ümumiyyətlə, “İslam nədir?”dən az-çox xəbərləri olsa da, İslam fundamentalizminin nə olduğu barədə heç kəsin xəbəri yox idi. Necə ki, bir neçə il bundan öncə islamofobiyanın nə olduğunu çoxları bilmirdi və indi də bunu bəziləri başa düşmür, elə də o zaman bu ifadə başa düşülmürdü. Bu, əslində Azərbaycan xalqını damğalamaq cəhdi idi və xalqımıza böhtan atmaq sxeminin işə salınması təşəbbüsü idi. Bununla Sovet imperiyasının başında duranlar törətdikləri cinayətlərə dünyada baş verə biləcək etirazların qarşısını almağa çalışırdılar. Bu gün İraqda, Əfqanıstanda, Yəməndə yenə həmin ifadə başqa imperiyalar tərəfindən öz cinayətlərinə bəraət qazandırmaq üçün istifadə edilir. Yenə həmin əldəqayırma sxemlər işə salınır. Bəşərin gözü qarşısında qətliam baş verir. Amma səsini çıxaranı fundamentalistlərin havadarı deyərək, damğalayırlar. Artıq adət edilmiş variantdır: insanların bilmədikləri, aid olmadığı məsələləri onların boyunlarına qoyurlar və sonra rahat öz işlərini görürlər. Amma burada bir önəmli nöqtə var. O dövrün yeniyetmələri məhz həmin ibarəni eşidəndən sonra İslam və fundamentalizm haqqında araşdırma aparmağa başladılar. İnsanlar düşünməyə başladı ki, İslam fundamentalizmi nədir ki, Sovet kimi bir imperiya bundan narahatdır, qorxur və bunu heç biz bilmədən boynumuza qoyur?
Təbii ki, bolşevik ideologiyası apologetlərinin planlaşdırdıqlarının tam əksi baş verdi, onların layihəsi tam əks nəticələri ortaya qoydu. Belə demək olar ki, 90-cı ildə baş vermiş həmin hadisə minlərlə insanın İslam dininə gəlmə dalğasına təkan verdi. Bu, çox önəmli məsələ idi.
SOVETDƏN ÇIXAN BİR TOPLUM ŞƏHİD ADI İLƏ TANIŞ OLDU
İkinci ən mühüm məqamlardan biri də budur ki, yetmiş il Sovetin olmazın təzyiqi altında yaşayan, Sovetin təsiri ilə istiqamətləndirilən, Allahsızlıq mühitində yaşadılan, heç bir formada şəhid və şəhidlik haqqında məlumatı olmayan bir toplum, birdən-birə yanvarın 20-dən sonra tam şəkildə şəhid sözü ilə tanış olur. Bəzən biz bu məsələyə diqqət edilmir və yaddan çıxarılır. Yanvarın 20-dən sonra və şəhidlərin qırxına qədər Azərbaycan ərazisində, bütün məmləkət boyu şəhid anlamı oturuşmiş bir məsələ oldu. Yəni 20 yanvarda fədakarlıq edərək canlarından keçən insanları hamı şəhid ünvanı ilə çağırır. Bu, Sovetin yetmiş il ərzində heç nə edə bilməməsinin və öz qarşısına qoyduğu məqsədlərə çata bilməməsinin ən gözəl nümunələrindən biridir. Yetmiş il Sovet əlindən gələn hər bir şeyi edir ki, insanların dinlə heç bir bağlantısı olmasın. Amma xalqımız üçün bir köklü imtahan baş verir və insanlar o imtahanı verərkən onların zatında olan duyğular ortalığa çıxır. Şəhid ünvanı, şəhidləri anma mədəniyyəti ortalığa çıxır.
İNSANLAR ŞƏHİDLƏRİNİ NÖVHƏ VƏ MƏRSİYƏLƏRLƏ DƏFN EDİB
Həmin hadisələri bu və ya digər formada yaşayan insanlar bunu dəqiqliyi ilə xatırlayırlar ki, yetmiş ildən sonra milyonlarla insan şəhidlərin dəfninə, üçünə, yeddisinə gedəndə bütün Bakıda mərsiyələr, növhələr, rövzələr səslənir, əzadarlıqlar keçirilirdi. Səs hər yerə yayılırdı. Bu gün bunların bizim mədəniyyətimizə aid olmadığını, yaxud bu gün insanlar Şəhidlər xiyabanını ziyarət edərkən Allah bəyənən tərzdə ziyarətlərini həyata keçirəndə bunun bizə aidiyyatının olmadığını iddia edənlərin 20 yanvar 1990-cı ildə şəhidlərin dəfnindən ya xəbəri yoxdur, ya özlərini bilməməzliyə vururlar. Millət öz fədakar övladlarını şəhid kimi tanıyır, şəhid kimi dəfn edir və o mərasimləri keçirdəndə, Kərbəla mövzusu gündəmə gəlir. Məhərrəm-Səfər əyyamına xas əzadarlıq mədəniyyəti bu hadisənin anmasında özünü göstərir. Və insanların həmin anda ən çox anlaya biləcəyi məsələ bu olur. Yəni, insanların o hadisələrin anma vaxtı rahat qavradığı və başa düşdüyü məsələ - qan yaddaşlarında olan məsələlərdir. Bu, təsadüfi deyil. Bu, əsrlər boyu həmin mədəniyyətin xalqın içərisində yaşamasının bərəkətidir. Əsrlərdən gələn mədəniyyətin nəticəsidir ki, birincisi, düşmən də məmləkətimizə zərbə vuran zaman İslami kimliyimizi yada salır, ikincisi, o hadisədən sonra xalq fədakar oğul və qızlarına Qurani anlayışla, şəhid adı ilə müraciət edir. Üçüncüsü də budur ki, xalq öz şəhidlərini anma mərasimlərini əzadarlıq məclisləri ilə təşkil edir. Bunlar müasir tariximiz üçün həddən artıq önəmli məsələdir. Xalqın ən fövqəladə vəziyyətində üz tutduğu mənəvi mənbə, müraciət etdiyi yer - Əhli-beyt (ə) mədəniyyətidir. Bu gün ola bilər ki, yeniyetmə nəsil o zamankı baxışla bunun əhəmiyyətini olduğu kimi dərk etməsin.
20 YANVAR QƏDƏR TARİXİMİZDƏ ƏHLİ-BEYT (ə) MƏDƏNİYYƏTİNƏ YAXIN İKİNCİ HADİSƏ YOXDUR
20 yanvar şəhidləri – tam doğma şəhidlərimizdir. Onlar xalqın içindən gələn, xalqın ruhiyyələrindən qaynaqlanan şəhidlərdir. Və Əhli-beyt (ə) mədəniyyətinə bu hadisə qədər yaxın olan ikinci bir hadisə tariximizdə yoxdur. Neçə milyon insan neçə həftə ərzində öz şəhidlərini Əba Əbdillah (ə) yolçusu kimi yola salır. Bu, insanların yaddaşına birbaşa həkk olunub. İndi ziyarət vaxtı müxtəlif hüznlü mahnılar səsləndirilir. Amma o zamanlar ziyarətlər mərsiyələr, növhələr ilə müşayiət olunurdu. Bəzən deyilir ki, bu, yalnız hüzndürmü? Bəli, bu hüzndür. Amma bunun yanında qəhrəmanlıq da var. Həmin gün İslami marşlar da, vətənpərvər marşlar da səsləndirilməlidir. İnsanların qəhrəmanlıq hisslərini qaldıran məsələlərə də yer verilməlidir. Amma bunu toy-bayram etmək lazım deyil. Əgər lazımınca xatırlamaq olmasa, necə ki, 1918-ci ildə özlərini qurban vermiş şəhidlərimiz unutdururlub, eləcə də bu şəhidlərimiz də unutdurulacaqlar.
İNSANLARIN BAŞI QARIŞAN ZAMAN, ŞƏHİD ÖZÜNÜ FƏDA VERİR
Şəhidlik mövzusu İslam mətnlərində çox ciddi şəkildə qeyd olunur. Məsumlardan (ə) şəhidlik barədə çox ibrətli buyuruşlar nəql edilib. Allahın Peyğəmbəri (s) buyurur: “Cənnətə daxil olan birinci şəxs şəhid və öz Rəbbinə yaxşı, ixlasla ibadət edən kimsədir”. Yəni, şəhid – cənnətə daxil olan ilk şəxsdir. Allah Təala şəhidə belə bir məqam verir. Çünki, digərlərinin dünyaya başı qarışan vaxt, şəhid bu dünyadan qırılıb canını haqq yolunda, dəyərlərinə görə fəda edə bilib. Ona görə də həmin şəxsin Allah yanında məqamı budur.
Şəhidin ən önəmli xüsusiyyətlərindən biri – şəfaət etməsidir. Allah Peyğəmbəri (s) buyurur: “Allah yanında üç dəstə şəfaət edər və şəfaətləri qəbul olunar: Peyğəmbərlər, sonra alimlər, sonra da şəhidlər”. Şəhidə belə bir müstəsna fürsətlər təqdim edilir ki, şəfaət kimi imkanlar vasitəsilə insanlara yardım etməyi, insanların hayına gəlməyi əbədi dünyada da davam etdirsin.
İslam Peyğəmbəri (s) ölümləri təsnifat edəndə, bölgü edəndə buyurur ki, “Şərəfli ölüm -şəhadətdir”. Yəni, ölümlər içərisində ən şərəflisi – şəhadətdir. Peyğəmbərin (s) bir buyuruşu da var ki, əgər insan o buyuruşa diqqət etsə, haqq yolunda fəda olmağın, şəhidliyin nə qədər önəmli olduğu onun üçün üzə çıxar.
Peyğəmbərimiz (s) buyurur: “İstəyirəm ki, Allah yolunda vuruşum və öldürülüm, yenə vuruşum və öldürülüm, yenə də vuruşum və öldürülüm”. Yəni, əziz Peyğəmbərimiz (ə) bizə bunun nə qədər gözəlliyinin, nə qədər nuraniyyətinin olduğunu göstərmək istəyir. Yəni, camiəni, toplumu diri saxlayan amildir şəhidlik. Şəhidlər – toplumun oksigenləridir. Toplumun diriliyi şəhidlərin qanı ilədir.
KİMLƏR ŞƏHİDLƏ EYNİ MƏQAMDA TUTULAR?
Əziz Məsumlarımızdan (ə) bizlərə praktik əhəmiyyəti olan xeyli sayda dərslər gəlib çatıb. İslam Peyğəmbəri (s) buyurur: “Doğru danışan və doğru əməl sahibi olan müsəlman tacir Qiyamətdə şəhidlərlə birgə olar”. Şəhidin məqamı çox yüksəkdir. Amma gündəlik həyatımız da var. İslam təkistiqamətli bir din deyil. İnsanlar həyatlarının hər səhnəsində ali məqamlara yetişə bilər. Bu da bir məsələdir ki, şəhidliyin məqamı o qədər yuxarıdır ki, insanlar üçün yüksəklik etalonu kimi təqdim edilir. İnsanların düz danışması, doğru əməllər etməsi bu məqamla ölçülür.
Bəzən şəhid anlamının tərifi ilə bağlı suallar verilir ki, ümumiyyətlə şəhid kimdir? İslam Peyğəmbəri (s) bununla bağlı buyurur: “Özünü zülmdən qorumaq yolunda öldürülən şəxs - şəhiddir”. Bir adam zülmə məruz qaldığı halda, özünü bu zülmdən qoruyarsa və bu yolda öldürülərsə, şəhid sayılar. Digər bir hədisdə İslam Peyğəmbəri buyurur: “Öz eşqini gizlətdiyinə və paklığını saxladığına görə ölən aşiq - şəhiddir”. Bu mübarək buyuruş şəhidliyin tərifini daha da genişləndirir. Bəzən bir şəxsin qəlbində eşqin alovu şölələnər, amma həmin eşq onu günaha apara, iffətsizliyə gətirib çıxara bilər. Həmin eşqini gizlədərək ölən aşiq şəhid hesab olunar. Həmin insan nəfsi ilə müharibədə ölüb.
ƏHLİ-BEYTƏ (Ə) MƏHƏBBƏTLƏ ÖLƏN – ŞƏHİDLİK ZİRVƏSİNDƏ YER ALAR
Şəhidliklə bağlı İslam Peyğəmbərinin (s) daha bir mübarək buyuruşu var. Rəsulallah (ə) buyurur: “Muhəmməd (s) Əhli-beytinin (ə) məhəbbəti ilə dünyadan köçən - şəhiddir”. Bu, çox böyük bir lütfdür. Əhli-beytə (ə) məhəbbət hər qəlbdə özünə yer tapa bilmir. Bu məhəbbətin daşıyıcısı olaraq dünyadan köçən şəxslər isə şəhidə bərabər tutulur. İmam Səccaddan (ə) buyurulur: “Kim bizim Qaimimizin (ə.f) qeybi dövründə qəlbində bizə dostluq və məhəbbətlə ölərsə, Allah Təala Bədr və Ühüd şəhidləri kimi min şəhidin mükafatını ona bəxş edər”. Yəni, Zəmanə Sahibinin (ə.f) qeybi dövründə yaşayan bir kəs qəlbində Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) dostluqla, sevgi ilə ölərsə, qəlbləri onlarla həmahəng olarsa, belə bir mükafat alar.
Bəzən də olur ki, bir insan Allah yolunda canını fəda etmək istəyir, amma ölmür, yaralanır. İslam Peyğəmbəri (s) buyurur: “Kim Allah yolunda yaralanarsa, Qiyamət günündə müşk ətrinə bənzər bir ətir saça-saça, rəngi zəfəran rəngində və üzərində şəhidlərin nişanəsi ilə gələr. Kim ixlasla Allahdan şəhidlik istəsə, yataqda ölsə belə Allah Təala ona şəhidin mükafatını verər”. O gün ki, ümmətin müsəlman kişiləri ölməkdən qorxar, ölməyi özlərinə çətin bilər, lazım olan vaxtda fədakarlıqdan imtina edərlər, həmin ümmət məhv olar. Şəhidlik bir toplumda dəyər olmasa, bu toplumun insanları düşmənləri qarşısında süst olarlar. Torpaqları işğal altında qalan məmləkətimiz üçün bu mətləblər xüsusi əhəmiyyət kəsb edir.
Mühüm bir haşiyə çıxaq ki, bütün bunlara Kərbəla məktəbi müstəvisində baxmaq lazımdır. Kərbəla məktəbində olduğu kimi, şücaət ilə tədbirlilik yanaşı olmalıdır. Hər hansı özbaşınalığın, hansısa məntiqsiz, mənasız işlərin şəhidlik məktəbinə aidiyyatı yoxdur. Şəhidlik budur ki, insan fədakarlıq edərkən, onu düşünülmüş, ağıllı şəkildə, yeri gələn zaman etsin. Fədakar insan yalnız hər hansı məqamlarda deyil, gündəlik həyatda fədakar olmalıdır.
Allahım, bizlərə şəhidlərin məqamını doğru dərk edib, onları daim yad etməyi nəsib et! Allahım, məmləkətimizin bütün şəhidlərini Kərbəla şəhidləri ilə məşhur et! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər «Cümə» məscidinin imam-camaatı