«Azadlıq» Isgəndər Həmidovun açıqlamaları bağlı ilə araşdırma apardı; ortaya ilginc faktlar çıxdı
/Aran agentliyi
“Bakıya rus qoşunlarını dəvət etmək üçün göndərilən şifrəli teleqramın altında indiki baş nazir Artur Rəsizadənin imzası var. Sonradan onu baş nazir təyin etdilər. Daxili Işlər Nazirliyində 10 nəfər azərbaycanlıya vaxtından əvvəl rütbə vermişdilər. Sonradan onlara vəzifələr verildi”. Bu sözləri sabiq daxili işlər naziri Isgəndər Həmidov “Bizim Yol” qəzetinə Rusiya hökumətinin 20 yanvarda Bakıda silahsız insanları qətlə yetirən rus hərbiçilərinə veteran statusu verilməsinə münasibət bildirərkən deyib. Isgəndər Həmidov əlavə edib ki, həmin hadisələrə görə mükafatlandırılma SSRI daxili işlər naziri Bakatinin əmrilə olub: “Özü də əmrdə yazılmışdı ki, sovet qoşunlarının Bakıya girərkən göstərdiyi misilsiz xidmətlərinə görə, bu şəxslərə hərbi rütbələr verilsin.
Indi onlardan polisdə işləyəni də, təqaüdə çıxanı da, səfir işləyəni də var. Bəziləri isə daxili işlər nazirinin müavini, respublika prokuroru oldu”.ÿ
Apardığımız araşdırmalar zamanı öyrəndik ki, həmin hadisələrə görə, mükafatlandırılan şəxslərdən biri sabiq baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov olub. O zaman sabiq baş prokuror Bakı Şəhər Baş Polis Idarəsində işləyib. Rütbəsi polkovnik-leytenant olub. 20 yanvar hadisələrindən sonra ona polkovnik rütbəsi verilib. Heydər Əliyev hakimiyyətə gələndən sonra isə Eldar Həsənov baş prokuror vəzifəsinə təyin edilib.
Bakatinin əmrilə mükafatlandırılan başqa bir şəxs isə Həsən Əliyevdir. Bu şəxs həmin vaxt “OBXSS”də çalışıb. Rütbəsi polkovnik-leytenant olub. Mükafat olaraq rütbəsi bir pillə artıb: polkovnik. Sonradan daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.
Həmin dövrdə Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışan Barannikov və Babkov soyadlı şəxslər də mükafatlandırılıb. Barannikov DIN-də müavin postunu tutub. Həmin vaxt polkovnik olan bu şəxs 20 yanvar hadisələrinə görə general rütbəsi alıb. Bobkova gəlincə, o, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində (DTK) çalışıb. Həmin vaxt DTK-nın sədri Vaqif Hüseynov olsa da, qurumu faktiki olaraq Bobkov idarə edib.
Bundan başqa, o zaman xeyli sayda kapitan, mayor rütbəli hüquq-mühafizə orqanlarının əməkdaşları olub ki, onlar mükafatlandırılıb. Araşdırmalarımızı davam etdirib həmin şəxslərin adlarını və hazırda hansı vəzifədə çalışdıqlarını öyrənməyə çalışacağıq.
Bir məqamı da qeyd edək ki, indiki hakimiyyət onlardan əvvəl AXC-nin iqtidarda olduğunu əsas gətirərək adıçəkilən şəxslərin mükafatlandırılması məsuliyyətini üzərindən ata bilər. Lakin məsələ burasındadır ki, AXC hakimiyyətə gələndə 20 yanvar hadisələri ilə bağlı araşdırmalar başlanılıb və şəxslərin əksəriyyəti istintaqa cəlb edilib. AXC devrildikdən sonra isə onlar toxunulmaz olaraq qalıblar.
azadliq.az