Rövşən Ağayev: «Hökumətin yoxsulluq göstəricisinə istinad etmək və onu ölkədə obyektiv olaraq yoxsulluq göstəricisi kimi qəbul etmək olmaz»
g/arannews
Dövlət Statistika Komitəsi yoxsulluğun səviyyəsi ilə bağlı son illərin statistikasını açıqlayıb. Belə ki, rəsmi məlumata görə, ötən il ərzində yoxsulluq səviyyəsi 1,5 faiz bəndi azalaraq 7,6%-ə enib. Yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7%, 2004-cü ildə 40,2%, 2005-ci ildə 29,3%, 2006-cı ildə 20,8%, 2007-ci ildə 15,8%, 2008-ci ildə 13,2%, 2009-cu ildə 10,9%, 2010-ju ildə isə 9,1% təşkil edib. Beləliklə, son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalıb. Bu, rəsmi məlumatdı. Lakin son illərə nəzər salanda, ölkədə həyat səviyyəsində ciddi dəyişikliyin olmadığını görmək olar. Əmək haqları artsa da, inflyasiya səviyyəsi də durmadan artıb. Bəzi hallarda bu göstərici əmək haqqı artımını da üstələyib. Belə olan halda yoxsulluğun səviyəsinin azaldığını demək olarmı? Beynəlxalq metodologiyadan istifadə olunsa, ölkədə yoxsulluğun səviyyəsi neçə faiz göstəricisində olar?
Iqtisadçı-ekspert Rövşən Ağayev Azərbaycanda yoxsulluğun alternativ ölçülməsinin həyata keçirilmədiyini deyir. Lakin bir şey aydındır ki, hökumətin istifadə etdiyi metodika beynəlxalq metodikadan çox uzaqdır.
Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda yoxsulluğun ölçülməsinin hüquqi metodoloji bazası demək olar ki, yox səviyyəsindədir: “Yaşayış minimumu haqqında qanunda deyilir ki, bu həddə yaşayan əhali aztəminatlı hesab olunur. Ancaq bizdə bilavasitə yoxsulluğun ölçülməsi qaydası, Nazirlər Kabinetinin metodoloji sənədi yoxdur. Bizdə yaşayış minmumu hər il parlamentdə büdcə paketi ilə birgə təsdiqlənir. Əgər bu ötən il 93 manat idisə, bu il 107 manat civarında təsdiqlənib. Növbəti ildə bunu hesablamaq üçün ev təsərrüfatlarının büdcə müayinəsini aparırlar. Bu da hardasa 8 min ev təsərrüfatını əhatə edir. Toplanmış məlumatlar əsasında orta göstərici çıxarırlar ki, tutaq ki, ölkədə 8% ev təsərrüfatlarının gəlirləri hökumətin təsdiqlədiyi yaşayış minimumundan aşağıdırsa, bu sayda əhali olur yoxsul. Qalan əhali yoxsul deyil”.
Ekspert bunun qüsurlu yanaşma olduğunu deyir. Çünki əvvəla adambaşına düşən gəlirlərin nə qədər obyektiv hesablandığı bəlli deyil. Ikincisi, yaşayış minimumun dəyəri obyektiv hesablanmır. Azərbaycanda yaşayış minimumunun dəyəri, xüsusilə də onu əmələ gətirən ərzaq səbəti, onun tərkibi və normativlər çox aşağı səviyədə götürülür: “Hökumət yaşayış minimumunun dəyərini 107 manat hesablayır. Amma müstəqil qiymətləndirmələrimiz göstərir ki, Azərbaycanda ərzaq normativləri keçid ölkələrindən xeyli geridə qalır. Inkişaf etmiş ölkələrlə ümumiyyətlə, müqayisənin yeri yoxdur. Ərzaq səbətinin tərkibi dəyişdirilsə və beynəlxalq standartlara uyğunlaşdırılsa, Azərbaycanda yaşayış minimumunun dəyəri ən azı 165-170 manat olmalıdır. Obyektiv, daha real yaşayış minimumunun dəyərini hesablamış olsa, indikindən azı iki dəfə çox artacaq. Təsəvvür edin, o dairəyə nə qədər insan düşəcək. Artıq bu hökumətin elan etdiyi kimi 8% yox, qat-qat çox olacaq”.
Ekspert beynəlxalq metodologiyanın xeyli fərqli olduğunu da qeyd etdi: “Avropa Birliyi ölkələrində gəlirləri median gəlirlərin 60%-dan aşağı olursa, bu şəxslər yoxsul sayılır. Orta əmək haqqından aşağı olan, amma əhalinin daha çox hissəsinin qazanclarının toplandığı nöqtəyə median gəlirlər deyirlər. Median gəlirlər bir qayda olaraq Avropada və Amerikada orta aylıq əmək haqqının təxminən 75-80%-nə yaxın olur. Avropa ölkəsində orta aylıq əmək haqqı 3 min avrodursa, median gəlirinin 60% 1500 avrodur. Bundan az qazancı olan insanlar olur yoxsul. Metodologiya budur. Azərbaycanda isə tamamilə havadan götürülmüş rəqəmlər açıqlanır. Çox qüsurlu metodologiyadan istifadə olunur. Ona görə də hökumətin yoxsulluq göstəricisinə istinad etmək və onu ölkədə obyektik olaraq yoxsulluq göstəricisi kimi qəbul etmək olmaz”.
Ekspert yoxsulluğun təkcə gəlirlərlə ölçülmədiyini də vurğuladı: “Müasir dünyada yoxsulluq həm də insanların keyfiyyətli baza xidmətlərinə əlçatanlığı ilə ölçülür. Azərbaycanda əhalinin 50%-dən çoxu kənddə yaşayır. Onun da ən 70-75%-nin keyfiyyətli suya çıxışı yoxdur. Halbuki dünyada keyfiyyətli suya çıxışı olmayan insan yoxsul sayılır. Yaxud da başqa baza xidmətləri, təhsil, yanacaq təchizatı nəzərə alınır. Bu baza xidmətlərinə görə insanları yoxsulluq kateqoriyasına aid etsək, Azərbaycanda yoxsulluq göstəricisi hökumətin elan etdiyi göstəricidən bir neçə dəfə çox olacaq. Bunun üzərinə az gəlirli əhalini pensiyaçıları, qaçqınları gələndə, görün yoxsulların sayı nə qədər olur”.