Tarix : 2012 Jan 24
Kod 28156

İslam Ağalar M-a şöhrət gətirdiyi vaxt...

Mən yaponları da görməmişəm. Amma bizim ordunun yaponlarla vuruşduğunu bilirəm
/Aran agentliyi

 

Bir gün ateist-lektor kəndlidən soruşur:

-Allaha inanırsan?

-İnanıram – deyir kəndli.

Lektor:

-Görmədiyin şeyə necə inanırsan?

Kəndli başını qaşıyıb:

-Mən yaponları da görməmişəm. Amma bizim ordunun yaponlarla vuruşduğunu bilirəm. Əgər Allah yoxsa nə üçün onunla vuruşan, öz həyatını zəhərə döndərən ordu var? Axı olmayan şeylə nə üçün vuruşmalıdırlar?!

Bəndeyi-həqir heç zaman didişmədən ləzzət almamışam. Pul qazanmaq üçün də didişməmişəm desəm yalan olmaz. Xaraktercə barışdırıcı, aramlıq gətirən mövzulara meylliyəm. Amma dünya başqadır. Qışda soyuq suyu xoşlamasan da baş-ayaq edilib çaya atılanda üzməyə məcbursan. Bu vəziyyətdə kənardan baxan düşünə bilər ki, bu adam buzlu suda çimməyi sevir. Bu məni yandırmaz. Yandıran odur ki, səni baş-ayaq edib suya atan özü həmin sözləri deyir!

Azərbaycan məkanında artıq kifayət qədər məşhurlaşmış Ağalar Məmmədovla aramızdakı fərq təkcə din məsələsi deyil. Daha mühüm fərq didişmək həvəsidir. Diqqətlə oxuyun “Din həyat üçün təhlükəli maddədir” yazısının “bismillahını”: “Madam, ortada bu qədər hədə var və nəyin hardan, haçan, necə gələcəyi bəlli deyil, indi gərək hər yazını son söz kimi və həzzlə yazasan.” Həzz alır Məmmədov didişməkdən, oturuşmuş həyatı, inancı, düşüncəni söyməkdən. Azərbaycanda kim də tanımasa əksər dindarlar onu tanıyır. Bir məzə var: “Siz o qədər tanış gəlirsiniz ki - mən sizi nə vaxtsa söyməmişəm?” – bu sözlər Məmmədova çox yaraşır.

Cənab Məmmədova (elə bəndəyi-həqirə də) meydan açan odur ki, Azərbaycanın məhz Cəfəri məktəbindən olan tanınmış simaları (küsəgənliklərinə bələd olduğumdan adlarını çəkmirəm) əlinə qılınc alıb müsəlman torpaqlarında cəngavərlik edən biri ilə debat məsuliyyətini buraxıb kəsərsiz məntiqli və dini mətnlərlə tanış olmayan Fazil Mustafanın öhdəsinə. Məmmədov haqlıdır, o F. Mustafanın hər ifadəsinə daha yuxarıdan cavab verə bilər. Haradasınız, ay bizim tükü-tükdən seçən hacılarımız? Siz “adını çəksək məşhurlaşar” – deyib özünüzə təsəlli verin, Məmmədov da favoritliyi alsın ələ... Amma siz ömür boyu sussanız da Allah hiylələri puça çıxaracaq. Onun əsrarəngiz qanunları var. Küfr su üzərində qabarcıq kimidir. Cənab Məmmədov heç bir əzası ilə göyə dırmana bilməyəcək. Yaxşı deyiblər: “Ateistı razmnojatsya ne umeyut, oni prosto vımrut, kak mamontı!”

Ateistlər öz yuvalarından çıxır” – deyən astrofizik doktor Jeyson Lesli (Kolorado Universiteti) “Ateizm: İrrasional dünyagörüşü” məqaləsində çox maraqlı bir məsələyə toxunur. Ateizmlə din arasındakı dartışma daha çox məntiq üzərində qurulub. Ümumiyyətlə məntiq bütün mübahisələrdə həlledicidir. Kim daha məntiqlisə o da uğur qazanır. Leslinin mövzusu məntiqdən istifadə istedadı deyil. Aydın məsələdir ki, məntiq aləti güclü tərəf yalanı cəmiyyətə rahatca sırıyır. Cəmiyyətimizdə ateistə dil verən dini kəsimin bu mövzuya lazımınca diqqət ayırmamasıdır. Leslinin mövzusu bu deyil. O öz məqaləsində ateizmin köklü şəkildə məntiqsiz olduğunu və dini məntiq üzərində hücuma keçdiyini qabardır. “Yeddi oğul istərəm”də Kələntər dayının Cəlala “sənin atınla gəldim” cavabı yada düşür. Məqalədən bir neçə sitat:

- Materialist ateizm sadəliklə rədd edilə bilən cərəyandır. Onlar düşünür ki, təbiətdən, maddiyatdan kənarda heç nə yoxdur. Bu isə rasionallıq iddiasını alt-üst etdi.

-Yalnız fiziki dünyanı qəbul edən ateistin məntqi ola bilməz – məntiq qanunları fiziki qanunlar deyil.

-Allahın varlığı ilə bağlı mübahisə havanın varlığı ilə bağlı mübahisəni xatırladır. Ateistin əlində “möhkəm” dəlil var ki, hava yoxdur. Amma o həmin hava ilə nəfəs alır.

- Məntiqdə uduzan ateist dərhal məntiq şərtidir deyir. Hansı ki məntiq şərti olsaydı müxtəlif mədəniyyətlərdə məntiq qanunları fərqlənərdi.

-Ateistlər materialist baxışda rüsvayçı məğlubiyyətə uğradı və taktikanı dəyişdi. Onlar yuvalarından çıxdılar. Qəbul etdilər ki, qeyri-maddi varlıqlar və universal qanunlar var. Çünki ateizmə ciddi suallar cəmiyyətdən gəlirdi və bu sualların əksəri cavabsız qalırdı. Ateizmin qarşısında “maddi dünya qeyri-maddi qanunlarla necə idarə olunur” kimi ciddi suallar dayanırdı. Beləcə din ateizmin köməyinə gəldi...

Cənab Məmmədovun eynən digər axundovçulr kimi heç bir konsepsiyası yoxdur. Onun “konsepsiyası” din üzərində manevrdən başqa şey deyil. Məmmədov dinsiz keçinə bilmir. İslam olmasaydı Axundovu, Salman Rüşdini, cənab Məmmədovu heç Azərbaycanda tanıyan olmayacaqdı. Bu insanların ictimai varlığı İslam üzərində qurulub. Bu insanlar tarix boyu mövcud istibdad rejimi yox, kimsəsiz gördükləri dinə ağız atıb. Deyən lazım ki, İslam bu qədər puçsa Öz İçli İdeologiyanızı yaradın. Hanı sizin əsrlər boyu yuxusuz gecələrinizin meyvəsi?! Hanı ortaya qoyduğunuz həyat kitabı?

 

Yoxdur perpetuum mobile, cənab Məmmədov. Hər birimizin ən kiçik tərpənişi arxasında təkan var, stimul var. Nədir sizi tərpədən? Bütün düşmənlərinizdən qaçdığınız bir zaman düşməndən düşmən saydığınız Dindən niyə qırılmırsınız? Üç səbəb ola bilər: pul, eşq, divanəlik. Desəniz nifrətdir sizə təkan verən, ağıllı kimsə qəbul etməz. Nifrətin tələbi uzaqlaşmaq, üz çevirməkdir. Eşqdən söhbət gedə bilməz – bu sizin təbirinizcə biz fanatların amilidir. Qalır pul və divanəlik. Opponenti pulla fəaliyyətdə ittiham etmək təbiətimə yaddır. Sizin dinlə savaşı ən güzəştli halda divanəlik sayıram. Nifrət etdiyinin ardınca sürünmək divanəlik deyil, nədir?!

Cənab Məmmədovun “Din həyat üçün təhlükəli maddədir” məqaləsindən dolayı...

Müəllif: Adama deyərlər, ay evin tikilsin, bunlar heç özləri 1400 ildən çoxdur öz aralarında əsl islamın nə olduğuna qərar verə bilmirlər, biz nəmənəyik ki, islamın mahiyyətini üzə çıxaracağıq... Azərbaycan islamçılara qalası olsa, bunlar bir-birini elə “Sən düz islam deyilsən!” deyibən qıracaqlar.

 

Qeyd: Parçalanma bəşərin heyvani istəkləri üzərində qurulmuş təbii hadisədir. Üç bacanaq (bəziləri üç qardaş deyir) lal-dinməz yanaşı yol gedirdi. Biri sükutu pozdu ki, bir adam olsaydı söhbət edərdik! Cənab, Məmmədov sizinlə yüzdə-yüz eyni düşünən tərəf varmı? Özünü filosof adlandıran birinin belə bir sadə həqiqəti dərk etməməsi qərəzsiz görünmür. Zavodun istehsal etdiyi maşınlar arasında qısa müddət sonra nə qədər fərq yaranır. Amma din maşın deyil. Məzhəblər davasında Quran hakimdir. Amma nə var sözü fırlatmağa. Fırlatmamaq üçün iman lazım, Böyük İman. İmanı itaət mənasında götürməyin. İman nuru deyilən nur metafizik bir cərəyandır və hazırkı vəziyyətinizdə bunu dərk etməyiniz mümkünsüzdür. Quran: “Allah iman gətirənlərin dostudur – onları zülmətdən nura çıxarar...”

Müəllif:Bizim məlum Bəyanatımıza “Haqq yolu” saytının mövqeyinə baxın və vəziyyəti özünüz görün: “Azərbaycanda İran aşağılananda şiələr, Türkiyə aşağılananda sünnilər, Ərəbistan aşağılananda vəhabilərin qıcıqlanması təbiidir. Ölkədə sabitlik istəyən fərd və ya qurum hansısa təbəqəni qəsdən qıcıqlandırmamalıdır”. Şərhə gərək varmı?

Bu yerdə soruşan gərək, bəs, Hindistanı aşağılasaq, hansı məzhəb qıcıqlanacaq? Bəs Uruqvayı? Onda mən təklif edirəm, islamın təhrif olunmamış mahiyyətini ifadə edən kodekslə yanaşı, bir də “islamın nevroloji qıcıqlanma xəritəsi” hazırlansın, biz də işimizi bilək.

Qeyd: Şərhə gərək varmı soruşur və şərh verirsiniz. Necə də ziddiyyətli düşünürsünüz. Söhbət Azərbaycanın strateji maraqlarından gedir, Hindistanın yox!

Müəllif: Buna görə də, bizim üçün ən optimal yol sekulyarizm yolunu izləməkdir. İnsanlara dinin yerinin qəbiristanlıq, iman, ibadət kimi məsələlərin də hərkəsin şəxsi vicdan məsələsi olduğunu başa salmaqdan başqa yolumuz yoxdur. Və sekulyarizm də dinin tamamilə yox edilməsi yox, onun minimal həddə saxlanması deməkdir.

Qeyd: Budur sizin konsepsiyanız? Harada qaldı demokratiya? Bu məqamda daha çox azad filosofa yox, Taleyran, hətta Napoleona bənzəyirsiniz. Zorakılıqda ittiham etdiyiniz dindən fərqiniz budurmu?!

Müəllif:İslamçının psixologiyasında, görün, nələr qovuşur: mövhumi qorxu; seksual aclıqdan əziyyət çəkən insanların cənnətdə huri intizarı; itaət həzzi; cəhalətdən gələn təkəbbür; dinlə özünə mənsubiyyət və şəxsiyyət yaratmaq cəhdi; dinlə özünütəsdiq; dindar imici ilə insanlar arasında nüfuz qazanmaq arzusu...

Qeyd: “Mən Sənə nə cəhənnəm qorxusu, nə behişt ləzzətinə görə, yalnız layiq olduğun üçün ibadət etdim” – deyir Allaha Təqvalılar Mövlası Əli (ə). Bilirsinizmi təqva nədir? “Zərəbə”ni hallandırmaqla işi başa çatmış sayırsınız? Təqva hara, sizin sadaladığınız bu çirkin sifətlər hara! Övliyaların həyatını oxuyun, Məmmədov.

Müəllif: Monoteizmdə hamı özünü bircə dənə olan xeyirin yanında sayır və qarşıda dayanan da dərhal şər ordusunun əsgəri durumuna düşür.

Qeyd: Necə böyük yanlışlıq! Haqlı olmağı özünə rəva bilən Məmmədov nə üçün Aləmlərin Rəbbinə bunu rəva bilmir? Əsas yanlışlıq qarşıda dayananın şər sayılmasıdır. İslam bəşəriyyəti azad yaradılmışkən qul olmamağa çağırır. Cəmiyyəti azdırmayan kafirə belə toxunmur. Evində günaha qərq olub, zibilini küçəyə atmayana göz yumur. Bu sizsiniz ki, fərli düşünənləri şər sayır, budamaq istəyirsiniz.

 

Ağrılı cümlə:

Müəllif: Sonra da belə kitabı (Quranı) müqəddəs, islam əxlaqını ən gözəl, islam hüququnu da İnsan Haqları ilə bir tuturlar, utanmırlar. Nə isə.

Cənab Məmmədov, İslam sizi qoruduğu bir zaman ona təpik atmağınız nankorluq sayılsa inciməyin. Necə qorudu – soruşub heyrətlənirsiniz? Yalnız İslamda “xəbərdarlığın sona çatdırılması” prinsipi qanuni qüvvədədir. Dilinizə gələn çirkin sözlərə görə mühakimə edilməyiniz zəruridir. İslam siz deyən qaranlıq olsaydı həmin sözlərdən sonra yuxunuz ərşə çəkilərdi. Bəlkə də elə çəkilib. Çünki İslamı barış yox, hərb dini sayırsınız. Siz ən yaxşı halda solub ləçəkləri tökülmüş gül şaxəsinə baxıb təbiəti söyməkdə ittiham edilməyə layiqsiniz. Sizin nəzərdə tutduğunuz, hədəfə aldığınız, təsəvvürünüzdə yaratdığınız qaranlıq, İslam deyil, İblisin təlqinidir.

İslam sizə şöhrət gətirdi. Bu dinin kölgəsində tanıdılar cənab Məmmədovu. Nədən yazacaqdınız, nə yazacaqdınız?!

Deyiləsə çox söz qaldı. 30-cu illərdə Volqaboyunda (rusdilli müsəlman tatarların məskunlaşdığı ərazi) lektor-ateist “Din xalq üçün tiryəkdir” mövzusunda çıxışından sonra salondakılara sual verir:

-Yəqin başa düşüdünüz ki, “boq” uydirmadır, eləmi?

Salon xorla cavab verir:

-Biz bunu elə əvvəldən bilirdik, Allah onu bağışlasın!..

Arzu Eyvazov

  • Yazılıb
  • da (də) 2012 Jan 24