Mehparə Səmədova: «Mövsümlə görüşmək üçün çoxsaylı müraciətlərimizə sadəcə «olmaz» cavabı verilir»
/Aran agentliyi
Gülzar Abdullayeva: «Söhbət ölüm-qalım məsələsindən getsə də, yoldaşımla görüşə icazə vermədilər»
Ötən il qondarma ittihamlarla həbs olunan və 12 il azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun və digər islamçıların ailəsilə görüşünə icazə verilmir. Bu barədə FaktXeber.com-a məhbusların ailə üzvləri bildiriblər. Dəfələrlə əlaqədar orqanlara müraciət etmələrinə baxmayaraq, Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova görüş ala, hər gün «atamı istəyirəm» - deyən 3 yaşlı qızı Nərgizi atasına qovuşdura bilmədiyindən şikayətçidir.
Xatırladaq ki, M.Səmədov Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.
Üzləşdiyi problemlə bağlı danışan M.Səmədova balaca Nərgizin, həmçinin həbsdə olan qardaşı Firdovsi Məmmədrzayevin uşaqlarının bir ildən çoxdur atalarının üzünə həsrət qaldıqlarını söylədi: «Balalarımız xeyli vaxtdır ki, möhtac qaldıqları ata qucağının hərarətini, ata nəvazişini istəyirlər. Amma bu məmləkətdə ata ilə balanı bir-birinə həsrət qoyublar. Günahsız uşaqların kövrək qəlblərini qırır, təbii hisslərinə biganə yanaşır, sanki düşmən münasibət bəsləyirlər. Fikrimcə, bunun özü də uşaqlara qarşı zorakılığın bir nümunəsidir. Deyim ki, ötən il ərzinədə Mövsümlə yalnız iki dəfə, özü də şüşə arxasından görüşə və telefon vasitəsilə danışa bilmişik. Onunla daha yaxından görüşməklə bağlı çoxsaylı müraciətlərimizə sadəcə «olmaz» cavabını almışıq.Uşaqlarımızı heç cür ovundura bilmirik. Firdovsinin 4 yaşlı oğlu da atasını görmək istədiyini, onun üçün darıxdığını deyərək, ağlayır. Onlar bu kiçik yaşlarında əsəb gərginliyi, psixoloji sarsıntı keçirirlər. Nə oyuncaqlara, nə də yeməklərinə fikir vermirlər. Böyüklər kimi daim fikirli, qayğılı görünür, bir küncə qısılıb ağlayırlar. Bu mənzərə adamın ürəyini dağlayır, bir ana kimi uşaqlarımızın halına dözə bilmirik».
M.Səmədova dedi ki, vəkil Anar Qasımlının vasitəsilə Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıxovla görüşməyə cəhd göstərsə də, müəssisə rəhbəri onu qəbul etməyib: «Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədova da müraciət etmişik. Amma o da görüşə icazə vermir. Halbuki, A.Qasımlıdan eşitmişdim ki, yanvarın 15-dən sonra məhbuslara həm evlə telefon əlaqəsi yaratmağa, həm də görüşə icazə veriləcək. Amma bunların heç biri icra olunmur, müraciətlərimizə isə saymazyana yanaşırlar. Vəziyyət nə qədər acınacaqlıdır ki,bu boyda ölkədə dərdimizi söyləmək, ona çarə qılmaq üçün adam tapa bilmirik. Axı məsum körpələrin günahı nədir? Hacı məktub vasitəsilə bizə ürək-dirək verərək, çətinliklərə dözməyi, səbirli olmağı tövsiyə edib. Böyük oğlumla qızım Allaha, atalarına xatir bu ayrılığa, üzləşdiyimiz haqsızlıqlara dözsə də, 3 yaşındakı uşağa necə başa salım ki, bəs, atan zindandadır, onu haqq sözünə görə həbs ediblər, görüşməyimizə icazə vermirlər».
Mehparə xanım sonda əlaqədar şəxslərlə yanaşı, Azərbaycandakı partiya rəhbərlərinin, dini kəsimin də çox hallarda günahsız insanların həbsinə, onların ailələrinin üzləşdiyi mövcud problemlərə biganə yanaşdığını dilə gətirdi: «Müsəlman olaraq bir-birimizin dərdinə həmişə şərik olmalıyıq. Amma təəssüf ki, bir çoxları biganəlik, ayrı-seçkilik mərəzinə yoluxublar. Və unudurlar ki, Azərbaycan reallığında heç kim bizim üzləşdiyimiz problemlərdən sığortalanmayıb.
Qeyd edək ki, AİP-in həbsdə olan rəhbərlərindən biri Vaqif Abdullayevin ailəsi də eyni problemlə üzləşiblər. V.Abdullayevin həyat yoldaşı Gülzar xanımın sözlərinə görə, bir il ərzində cəmi iki dəfə görüş ala biliblər: «Biz hər çətinliyə dözərik. Amma məlumdur ki, Vaqifin səhhətində daim problemlər olub. Hələ yeniyetməykən həkimlər ona ürək xəstəliyi diaqnozu qoyublar. Zaman keçdikcə bronxlarında da allergiya yaranıb. Lazımi və vaxtaşırı müalicə almasa, astmaya çevrilə bilər. Həbsxanada olduğu müddətdə bir neçə dəfə təcili yardıma müraciət edilib. Hətta bu yaxınlarda vəziyyəti daha da ağırlaşdığı üçün təcili yardım maşını ilə xəstəxanaya aparmışdılar».
V.Abdullayevin Penitensiar Xidmətinin Müalicə Mərkəzində 10 gün müalicə aldığını deyən Gülzar xanım bu müddət ərzində də yoldaşı ilə görüşə bilməyib: «Bu xəbəri eşidən gün Müalicə Mərkəzinə yollandıq. Orada bizə bildirdilər ki, görüş üçün icazə yalnız məhkəmədən verilə bilər. Məhkəmə isə bununla bağlı müraciətlərimizi təmin etmədi. Halbuki, söhbət ölüm-qalım məsələsindən gedirdi. Hacı 60 yaşında infarkt keçirib. Axı necə ola bilər ki, belə ağır gündə ailənin bir üzvünə belə görüşə icazə vermirlər? Artıq Hacı müalicə müəssisəsindən çıxıb. Bununla belə, həbsxanada müalicəsinin davam etdiyini bilirik. Ondan çox nigaranıq».
Faktxeber