Tarix : 2012 Jan 24
Kod 28161

Azərbaycanla bağlı daha bir rüsvayçı hesabat

Azərbaycan ailələrin ərzaq büdcəsinə görə 114 ölkə arasında liderdir, maaşların 73,5 faizi ərzağa gedir
/Aran agentliyi

 

 

Azərbaycan ailələrin ərzaq büdcəsinə görə 114 ölkə arasında liderdir, maaşların 73,5 faizi ərzağa gedir

Ölkədə ailələrin ərzağa əlçatanlıq səviyyəsi inkişaf etmiş ölkələrdən 6 dəfə aşağıdır

Azərbaycanda əhali istehlak mallarının alınmasına xərclədiyi vəsaitin böyük hissəsini ərzaq məhsullarına yönəldir. Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin eksperti Cavid Xəlilov bunu dünyada ən yüksək göstərici hesab edir.

ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Iqtisadi Tədqiqatlar Xidməti 2011-ci il üzrə “Cross-Price Elasticities of Demand” adlı hesabat açıqlayıb və bu hesabata görə, Azərbaycan ailələrin ərzaq büdcəsinə görə 114 ölkə arasında liderdir.

Azərbaycanda ailələr öz xərclərinin 73,5%-ni ərzaq alışına yönəldirlər. Növbəti yerləri Tanzaniya və Nigeriya bölüşür. Tanzaniyada ərzaq büdcəsinin həcmi 73,2%, Nigeriyada isə 72,9% təşkil edib. Ekspertin fikrincə, bu vəziyyət ölkədə orta statistik ailələrin gəlirlərinin ərzaq xərclərinə nisbətən az olduğunu göstərir. “Bu isə əhalinin böyük hissəsi üçün yoxsulluq riski probleminin ciddi olduğunu göstərir. Bir qayda olaraq, əhalinin ərzaq xərcləri onların ümumi büdcəsində nə qədər çox olsa, ölkə üçün yoxsulluq problemi bir o qədər aktual olar”,- o bildirib.

Azərbaycanda ailələrin ərzağa iqtisadi əlçatanlıq səviyyəsi inkişaf etmiş ölkələrdən təxminən 6 dəfə aşağıdır. Inkişaf etmiş ölkələrdə ailələrin ərzaq xərcləri ümumi xərclərin az hissəsini təşkil edir. Məsələn, ABŞ-da ailələr ərzağa öz xərclərinin cəmi 9,72%-ni yönəldirlər.

Avropa iqtisadiyyatının lokomotivi olan Almaniyada bu göstərici 13,09%-ə, Yaponiyada isə - 14,87%-ə bərabərdir.

MDB ölkələrində, o cümlədən qonşu ölkələrdə vəziyyət nisbətən yaxşıdır. Məsələn, Rusiyada əhali ərzaq alışına öz xərclərinin 34,3%-ni, Qazaxıstanda isə - 51,8%-ni sərf edirlər. Qonşu Gürcüstanda və Türkiyədə isə bu göstəricilər analoji olaraq 47,4% və 32,6% təşkil edir.

Azərbaycanda əhalinin xərclərində ərzaq xərclərinin payının getdikcə artması müşahidə edilir və bu tendensiya narahatçılıq doğurur. Çünki bu, ölkədə yoxsulluğun azaldılması və əhalinin gəlirlərinin ilbəil artması ilə bağlı statistik rəqəmlərin fonunda ziddiyyət təşkil edir. Əgər 2009-cu ildə əhali öz xərclərinin təxminən yarısını ərzağa yönəldirdisə, 2011-ci ildə bu göstərici 73,5% həddinə yüksəlib. Bu tendensiya narahatçılıq doğurur.

Ekspert çıxış yolu kimi əhalinin ərzaqla etibarlı təminatı Dövlət Proqramına yenidən baxılmasını və ailələrin ərzağa iqtisadi çıxışını artırmağa imkan verən kompleks tədbirlərin işlənib hazırlanmasını təklif edir

Turan

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Jan 24