Fransa Senatı yanvarın 23-də qondarma ''erməni soyqırımı''nı inkar edənlərə qarşı 1 il həbs və 45 min avro cərimə cəzalarını nəzərdə tutan qanunu qəbul edib
/Aran agentliyi
Fransa Senatı yanvarın 23-də qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı 1 il həbs və 45 min avro cərimə cəzalarını nəzərdə tutan qanunu qəbul edib. 127 senator layihənin lehinə səs verib, 86 nəfər isə əleyhinə olub.
Qanunu qəbul edildikdən sonra Fransada yaşayan 500 min erməni şadlığa başladı.
Rəsmi İrəvanda öz şadlığını gizlətmədi: Fransa Senatında qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi qəbul olunandan dərhal sonra rəsmi İrəvan Fransaya təşəkkür məktubu göndərib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan məktubunda bildirir ki, Fransa ədalətin bərqərar olmasına sadiqliyini nümayiş etdirib.
"Fransa Senatının yanvarın 23-də qəbul etdiyi qərar Fransada 2001-ci ildə qəbul edilmiş qanunun məntiqi davamıdır. Bu gün təkcə erməni və fransız xalqlarının qardaşlıq tarixinə yox, həm də insan hüquqlarının müdafiəsi tarixinə qızıl hərflərlə yazılacaq. Fransa dövləti bu dəfə ümumbəşəri dəyərlərin qərəzsiz müdafiəsində aparıcı rolunu bir daha təsdiqlədi", - Edvard Nalbandyanın məktubunda deyilir.
Türkiyə isə bildirib ki, hakim partiya prezident seçkilərində ermənilərin səslərinin əldə etmək üçün bu qanunu qəbul edib.
Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Senatının qərarı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Hər cəhətdən problemli və məsuliyyətizlik nümunəsi olan bu qərarı hiddətlə qınayır və bu qərara etirazımızı hər platformada dilə gətirəcəyimizi elan edirik. Bu, Fransa siyasəti adına son dərəcə talesiz bir addımdır. Tarixin və ədalət anlayışının başqa xalqların keçmişləri üzərindən siyasiləşdirilməsi, ifadə azadlığının bu qədər diqqətsizcəsinə zədələnməsi Fransa üçün bir itkidir".
Qeyd edək ki, Fransaya qarşı Türkiyə dəfələrlə etiraz bildirsə də, özünü Türkiyənin qardaşı hesab edən Azərbaycan Respublikası rəsmən və birmənalı şəkildə münasibət bildirməyib. Bu isə rəsmi Ankaranın qınağına tuş gəldi.
Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğana bağlı "Yeni Şafak" qəzeti yanvarın 17-də Bakının Fransada "erməni qanunu"nun qəbuluna qarşı Ankaraya yetərli dəstək verməməsini tənqid etdi.
Qəzetin manşetdən dərc etdidiyi "Azəri qardaş, sən hardasan?" başlıqlı məqaləsdə deyilir ki, Ankara Azərbaycanın etirazları qarşısında Ermənistanla münasibətlərin normallaşmasına dair protokolları ABŞ və Avropa İttifaqını önünə almaq bahasına da olsa, zibil qutusuna atıb.
Ancaq Fransada "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbulunda eyni qardaş münasibətini Azərbaycan prezidentindən görməyib.