Tarix : 2012 Jan 24
Kod 28165

Qarabağa dair birgə bəyanat gülüş doğurur

Vəfa Quluzadə: «Ölümcül vəziyyətdə olan Minsk Qrupunu tərifləyərək yalançı dirçəltmə mərhələsindən keçirirlər
/Aran agentliyi

 

Vəfa Quluzadə: «Ölümcül vəziyyətdə olan Minsk Qrupunu tərifləyərək yalançı dirçəltmə mərhələsindən keçirirlər»

Ümidimiz onadır ki, Rusiyadakı mövcud hakimiyyətin ömrü uzun deyil

Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş üçtərəfli görüşü başa çatıb. APA-nın məlumatına görə, görüşün nəticələri əsasında Birgə Bəyanat qəbul olunub: “Prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub. Sülh sazişi hazırlanmasına keçidin mühümlüyünü nəzərə alan Azərbaycan və Ermənistan prezidentləri bu günə kimi görülmüş işlər nəzərə alınmaqla əsas prinsiplər üzrə razılaşmaların əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bəyan ediblər”.

Bəyanatda bildirilir ki, prezidentlər Ilham Əliyev və Serj Sərkisyan Rusiyanın və ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin vasitəçilik missiyasını yüksək dəyərləndiriblər: “Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər”.

Bu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyişin olması üçün heç bir şans yoxdur”. Bunu, Karneqi Fondunun eksperti, “Qarabağ: Azərbaycan və Ermənistan-sülh ilə müharibə arasında” kitabının müəllifi Tomas de Vaal münaqişənin həlli ilə bağlı açıqlamasında deyib. Ekspert bildirib ki, heç bir tərəf ötən ilin iyun ayında Kazanda təxirə salınan razılaşma layihəsinə dair mövqeyini dəyişməyə hazır deyil”.

Onun sözlərinə görə, bu il bir dəfəyə bir neçə hadisənin ildönümünün olması Dağlıq Qarabağ ətrafında sülh prosesi və münaqişə tərəfləri arasında sülhün əldə edilməsinə olan şübhələri artırır: “Bir dəfəyə bir neçə ildönümü deyəndə mən nəzərdə tuturam ki, məsələn, Xocalıda dinc əhalinin qətlə yetirilməsinin 20-ci ildönümü, eləcə də 1992-ci ildə ATƏT-in Minsk qrupunun yaradılmasından 20 il ötür. Bundan başqa, MQ-nun həmsədr olan ölkələrinin hər üçündə bu il prezident seçkisi keçiriləcək və siyasi elitanın diqqəti bu prosesdən yayınacaq. Bu isə o deməkdir ki, 2012-ci il həmsədrlər münaqişəni həll etməyə deyil, idarə etməyə ümid edəcəklər”.

Politoloq Vəfa Quluzadə isə birgə bəyanatda yer alan fikirlərin gülüş doğurduğunu deyir: “Son vaxtlar Minsk Qrupunun fəaliyyəti xeyli pislənirdi. Həm Azərbaycan, həm Türkiyə tərəfi 18 illik fəaliyyətin səmərəsiz olduğunu deyirdi. Minsk Qrupu həqiqətən də ölümcül vəziyyətdədir. Onu tərifləyərək yalançı dirçəltmə mərhələsindən keçirdilər. Halbuki qrupun işində heç bir irəliləyiş yoxdur. Ikincisi, düz 18 ildir deyirlər ki, tərəflərin mövqeləri bir-birindən çox uzaqdır, onları yaxınlaşdırmaq lazımdır. Ara-sıra deyirlər ki, deyəsən birbalaca yaxınlaşdırmışıq. Sonra mövqelər yenidən uzaq olur. Ondan sonra yenə deyirlər yaxınlaşdırmışıq. Yenə təkrar edirəm ki, Qarabağ münaqişəsi yoxdur, bu işğaldır, arxasında da Rusiya dayanıb. Abxaziya və Osetiyanı işğal edən Rusiya Azərbaycanın Qarabağını və ətrafındakı 7 rayonu da işğal edib. Amma bizimlə bağlı Rusiyanın manevri daha uğurludur. Çünki ortada Ermənistan var, hamısını onların boynuna yıxıblar. Bütün məsələ bundadır. Rusiya Abxaziya və Osetiya kimi Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək fikrində deyil”.

V.Quluzadə deyir ki, Rusiyanın mövqeyi Putinin mövqeyidir. Bu mövqe də ondan ibarətdir ki, Rusiya dirçələnə qədər tərəflər atəşkəs vəziyyətində qalmalıdır: “Bizim də ümidimiz onadır ki, Rusiyadakı mövcud hakimiyyətin ömrü uzun deyil. Mart seçkilərindən sonra Rusiyada demokratik proseslər gedəcək, başqa dağıdıcı proseslər də gedə və Rusiya parçalana bilər. Bizim bütün ümidlərimiz bunadır. Danışıq yolu ilə nəyəsə nail olmaq boş söz-söhbətdir”.

  • Yazılıb
  • da (də) 2012 Jan 24