Tarix : 2012 Jan 25
Kod 28183

İbadətə qadağalar var

TURAL ABBASLI ƏDLİYYƏ NAZİRİNİ HƏBSXANAYA DƏVƏT ETDİ
/Aran agentliyi

 

Vicdan məhbuslarının saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsinə iki həftədir su verilmir, inanclı dustaqların ibadətinə məhdudiyyətlər yaradılır

Dünən Baxşıxanım Abbasova 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan oğlu, vicdan məhbusu Tural Abbaslıya baş çəkib. B.Abbasova həmin müəssisədə cəza çəkən Müsavat Gənclər Təşkilatı sədrinin müavini Əhəd Məmmədli ilə də görüşüb. Bu barədə redaksiyamıza B.Abbasova özü məlumat verib.

B.Abbasova vicdan məhbuslarının saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində dəhşətli şəraitsizliyin hökm sürdüyünü bildirib. Müsahibimiz Binəqədidə yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların 14 saylı həbsxanaya köçürüldüyünü deyib: “14 saylı cəzaçəkmə müəssisəsində dəhşətli sıxlıq yaranıb. Əvvəllər Turalgilin saxlandığı həbsxanada 600 nəfər dustaq var idisə, indi məhbusların sayı 800-ə çatıb. Onlara su da verilmir. Məhbuslar iki həftədir çimə bilmirlər. Biz içməli suyu şəhərdən alıb aparırıq”.

B.Abbasova bildirib ki, həbsxanada inanclı məhbusların namaz qılmasına məhdudiyyətlər qoyulub: “Ancaq Turala, Əhəd Məmmədliyə və Bəxtiyar Hacıyevə gündə üç dəfə namaz qılmağa imkan verilir. Başqa məhbuslar namaz qıla bilmirlər. Amma onlar gün ərzində beş dəfə namaz qılmalı olduqlarını deyirlər”.

B.Abbasova deyib ki, cəzaçəkmə müəssisəsinin rəis əvəzi Nazim Kəngərli Tural Abbaslının və Əhəd Məmmədlinin həbsxanadan məktub göndərməsinə imkan vermir.

T.Abbaslı həbsxanadakı şəraitsizliyi və qanunsuzluqları görmələri üçün ədliyyə naziri Fikrət Məmmədovu və Penitensiar Xidmətin rəisi Mədəd Quliyevi 14 saylı cəzaçəkmə müəssisəsinə dəvət edib: “Tural dedi ki, Fikrət Məmmədov və Mədəd Quliyev gəlsin üç gün burda məhbuslarla yaşasın. Burda qalmağın mümkün olub-olmadığını öz gözləri ilə görsünlər”.

T.Abbaslı həbsxanadan “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayevə də mesaj göndərib: “Eynulla Fətullayev 14 saylı cəzaçəkmə müəssisəsinə gələndə Əhəd Məmmədli və mən onunla görüşməkdən imtina etdik. Bizim bu cür qərar verməyimizə səbəb Eynulla Fətullayevin hazırkı mövqeyi ilə razılaşmamağımız olub. Həbsxanaya gedib, şəraitsizliyi tərifləmək hüquq müdafiəçisinə yaraşmaz. Həbsxanaya çəkilən yeni yolları tərifləmək yox, içəridəki çətinliklərdən danışmaq lazımdır. Eynulla Fətullayev mətbuata açıqlamalarında bizim onunla görüşdən imtina etdiyimizi ört-basdır edib. Biz Eynulla Fətullayevdən başqa bütün hüquq müdafiəçiləri ilə görüşməyə hazırıq. İstərdik ki, Novella Cəfəroğlu, Səidə Qocamanlı kimi hüquq müdafiəçiləri ilə görüşək”.

Vicdan məhbuslarının ittihamlarına Eynulla Fətullayevin cavab haqqını tanıyırıq.

Musavat.com

 

  • Yazılıb
  • da (də) 2012 Jan 25