Yanvarın 26-dan vəkil Ramil Məmmədov və baş redaktor üç gün ərzində iş materialları ilə tanış ola biləcəklər
/Aran agentliyi
Yanvarın 26-dan vəkil Ramil Məmmədov və baş redaktor üç gün ərzində iş materialları ilə tanış ola biləcəklər
Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan “İslamazeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun istintaqı yekunlaşıb. Yanvarın 26-dan vəkil Ramil Məmmədov və baş redaktor üç gün ərzində iş materialları ilə tanış ola biləcəklər. Ramil Məmmədov verdiyi məlumata görə, bu gün hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb: “Səhhəti və saxlandığı yerlə bağlı heç bir şikayəti yoxdur”.
Vəkil əlavə edib ki, iş materialları ilə tanışlıq bitəndən sonra məhkəmə təyin olunacaq.
Qeyd edək ki, Ramin Bayramov ötən ilin avqustunda həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.
Xatırladaq ki, Respublika Narkoloji Dispanseri Ramin Bayramov haqqında rəy verib. Rəyə görə, o, narkotik maddə istifadəçisi deyil.
Qeyd edək ki, Yanvarın 9-da istintaq Ramin Bayramovun sonuncu dindirməsini həyata keçirib. Heç bir ağırlaşdırıcı ittiham olmayıb.