AİP Fransa Senatının “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılacağı barədə qanunu qəbul etməsini pisləyən bəyanat yayıb
/Aran agentliyi
AİP-dən İslamazeri.az-a daxil olan bəyanatda deyilir: “Fransa Senatının qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılacağı barədə qanunu qəbul etməsi tərəqqipərvər bəşəriyyətin ciddi etirazına səbəb olub. Dünyada özünü insan hüquqlarının müdafiəçisi kimi göstərməyə çalışan Qərb, o cümlədən Fransa, yəni işğalçı rejimləri müdafiə və himayə edən ölkələrin atdığı addımlara qarşı açıq mübarizə aparmağın vaxtıdır.
İrqçi rejimlərin niyyəti bizə bəllidir. Onlar sivilizasiyalararası inteqrasiyadan, xüsusən də dünyada İslam dininə insanların artan rəğbətindən və meylindən ciddi narahatçılıq keçirirlər. Fransanın atdığı bu qeyri-insani, söz, vicdan və əqidə azadlığına qarşı addım irqi ayrı-seçkilik salmağa xidmət edir. AİP bir daha bəyan edir ki, Fransanın bu cəhdi ayrı-ayrı müsəlman ölkələrindən düşmən obrazı yaratmaq arzusundan irəli gəlir. Əslində müsəlman ölkələrinin bu və ya digər şəkildə, dünyanın ayrı-ayrı qütblərində hədəfə çevrilməsi onların vəhdətindəki soyuqluqdan yaranır. Belə ki, bəzi qüvvələrin hakimiyyət maraqları müsəlman cəmiyyətlərinə və xalqlarına arxadan zərbələr vurmaq, onların malik olduqları təbii sərvətlərdən, digər resurslardan bəhrələnərək özlərinin iyrənc maraqlarını həyata keçirmək istəyənlərə münbit şərait yaradır.
Bu gün hər bir müsəlman ölkəsi, o cümlədən İslam dünyasının bir parçası olan Azərbaycan Fransa, Amerika kimi istismarçı, bünövrəsi işğalçılıq və talançılıqla qoyulan rejimlərə sözünü açıq deməlidir. Ölkəmizin taleyüklü məsələlərinin etibar olunduğu Fransa və ABŞ, türk xalqına qarşı açıq düşmənçilik siyasəti aparır, digər müsəlman ölkələrinin sürətli inkişafına hər vəchlə mane olmağa çalışır. Xüsusən də, Dağlıq Qarabağ probleminin həllinin həvalə olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın vasitəçiliyindən birdəfəlik imtina olunması vacib məsələdir. Biz düşmənin məkrli siyasətinə qarşı müsəlman dövlətlərinin birgə mübarizə aparmasını istəyirik və bu vəhdət əldə olunmayınca, düşmənin məkrli hiyləsindən qurtulmağın mümkünsüzlüyünü bəyan edirik”.
islamazeri.az