Bu gün İslamla vuruşanlar cəhalətlə, mövhumatla mübarizə apardıqlarını iddia edirlər
/Aran agentliyi
Bu gün İslamla vuruşanlar cəhalətlə, mövhumatla mübarizə apardıqlarını iddia edirlər. Lakin bu şəxslərin dərdi cəhalət yox, İslamdır. Bunlar Quranın elmlə uzlaşması, elmi olması fikirinə dözə bilmirlər. Çünki cəhalətin yox, İslamın düşmənidirlər.
Məsələnin aydınlaşması üçün bir misal çəkəcəm, Agalar Məmmədovun aşağıdakı sözlərinə diqqət verək:
“Yerli ayətullalardan biri bir dəfə Azadlıq radiosunun efirində mənə deyirdi ki, Quran iqrə sözü ilə başlayır, yəni görürsünüzmü, bizim kitab deyir, gedin kitab oxuyun.
bu adam həyasızcasına yalan deyirdi!
“İqrə” – bu sözün başqa variantı tanıdığımız qiraət sözüdür, yəni bir şeyi karaoke oxuduğumuz kimi ucadan oxumaq, Quran qaresi olmaq deməkdir.
Ərəbcədə bizim mütaliə anlamındakı söz isə “tilavət” sözüdür. Gopa basırlar.”
Gəlin görək həqiqətdə kim gopa basır? Yuxarıdakı cümlələrdə müəllifin demək istədiyi budur ki, Quranın ilk sözü olan “iqrə” adi oxumaq, mütaliə etmək yox, Quran və səmavi kitabları oxumaqdır. Yəni Quran insanları mütaliəyə yox, Quranı, dini mətnləri oxumağa çağırır. Sonra deyir ki, ərəb dilində mütaliə mənasını bildirən kəlmə isə qiraət yox, tilavət kəlməsidir.
Təxminən 10 il bundan əvvəl ərəb ədəbiyyatı kitablarında bu barədə müəllifin dediklərinin tam əksinə olaraq oxumuşdum ki, ərəb dilində “qiraət” kəlməsi bütün oxumaqlara deyilir. Lakin “tilavət” adətən səmavi kitabların oxunması mənasını çatdırır. Bu nöqtəni də nəzərdən qaçırmayaq ki, uyğun kitablar İslamın müdafiəsi üçün yazılmayıb, sadəcə bu iki kəlmənin həqiqi mənalarını izah etməyə çalışıb müəlliflər. Görəsən kim gopa basır? Quranın tərcüməsini oxuyan müəllif, yoxsa ərəb ədəbiyyatı üzrə araşdırmaçılar?
Quranın özündə də, Ağalar Məmmədovun dediyinin əksinə olaraq Quran oxunması barəsində tilavət sözü işlənib: yətlu ələyhim ayatihi; Onun ayələrini tilavət edir (Cümə, 2); yətlu ələykum ayatina; sizə ayələrimizi tilavət edir (Bəqərə,151). Yətlu, tilavət eyni kökdən olan sözlərdi. Və Quranın bir çox ayələrində Quran oxunmasıyla bağlı qiraət yox, tilavət sözündən istifadə olunub.
Xülasə Ərəb ədəbiyyatı ilə maraqlansanız qiraət kəlməsinin mütaliə, tilavət kəlməsinin isə daha çox səmavi kitabların mütaliəsi mənasında işləndiyini görərsiniz. Qiraət ümumi, tilavət isə xüsusi mənadadır.
Kim gopa basır?
Əgər bu şəxslərin problemi cəhalət olsaydı, onlar quranın ilk kəlməsinin “oxu” kəlməsi olduğunu eşitdikdə bunu inkar etməyə çalışmazdılar. Çünki onlar özləri də bunu hamıdan yaxşı bilirlər ki, bir çox insanlar dindən, Qurandan əlçəkəsi deyillər, elə buna görə də ən azından həmin şəxslər üçün bu məsələnin inkarı yox, təsdiqi faydalı olardı (Quranın “oxu” sözü ilə başlanması).
İslamın əleyhinə yazmağa o qədər çox söz var ki, gecə-gündüz yazsan da başa çatmaz. Lakin bu sözlər haqqında Həzrət Məhəmməd özü buyurub:” Mənim adımdan eşitdiyiniz hədislər Quranla düz gəlməsə onları divara çırpın.” İstər Səhihi-Buxaridə, istər Nəhcül-bəlagədə yazılmış olsun.
Bir şəxs İslamın əleyhinə danışır, islamşünas olduğunu iddia edirdi. Ondan soruşuldu ki, nə oxuyub islamşünas olub? İslamın əleyhinə yazılmış bir kitabın adını çəkdi.
Quranın tərcüməsini oxuyub, ərəbcəsini araşdırmaq istəyəndən nə gözləmək olar?
Budur səviyyələri.
Şamxal