Tarix : 2012 Jan 28
Kod 28258

Azərbaycanda da “Ərəb baharı” baş verəcək

Arç Paddinqton: «Ərəb baharı» göstərdi ki, ən repressiv şəraitdə belə, insanlar gec ya tez ayağa qalxır»
/Aran agentliyi

Arç Paddinqton: «Ərəb baharı» göstərdi ki, ən repressiv şəraitdə belə, insanlar gec ya tez ayağa qalxır»

«Bakıdakı aksiyaların yatırılması üçün istifadə olunan repressiyalar Misirdə olsaydı, bütün dünya qəzəblənərdi»

Freedom House-un vitse-prezidenti Arç Paddinqton “Turan”a müsahibəsində Azərbaycanda insan hüquqları sahəsində cari vəziyyəti təhlil edib.

 

- Təşkilatınızın “Dünyada azadlıq” adlı məruzəsi göstərir ki, 2011-ci ildə Azərbaycanda insan hüquqları sahəsində vəziyyət pisləşib. Sizin fikrinizcə, ölkə bu göstəricilərlə haraya gedir və niyə beynəlxalq qurumların və qərb hökumətlərinin tənqidi vəziyyəti yaxşıya doğru dəyişmir?

- Iraq və Meksika kimi insan hüquqlarının hökumətin təsir dairəsində olmadığı bir sıra ölkələrdə cinayətkar qruplar  çox güclüdür. Lakin Azərbaycanda Əliyev hökuməti ölkəyə tam nəzarət edir və bu sahədə vəziyyətin pis olmasına görə cavabdehdir. On il əvvəl Azərbaycan “Freedom House”un təsnifatına görə qismən azad ölkələr sırasında idi. Həmin vaxtdan vəziyyət durmadan pisləşib və Ilham Əliyev hakimiyyətə gəldikdən sonra bu proses daha da sürətlənib. Azərbaycanın demokratik normaları pozması demək olar ki, hər yerdə pislənib, amma hökumətlərin, o cümlədən ABŞ-ın diqqətini çox az çəkib. Bu, Azərbaycanda enerji resurslarının çox olması ilə əlaqədardır.

Neft və qaz sayəsində Rusiya, Səudiyyə Ərəbistanı və Qazaxıstan, bir qayda olaraq, nefti və qazı olmayan ölkələrdən fərqli standartlarla mühakimə olunur.

Azərbaycan pozuntuları demokratik ölkələr tərəfindən ya diqqətə alınmayan, ya da kiçildilən ölkələrdən biridir.

 

- 2012-ci il üçün proqnozlarınız necədir?

- Prezident Ilham Əliyev öz ünvanına tənqidi azaltmaq, rəqiblərinin KIV-ə çıxışını məhdudlaşdırmaq üçün böyük resurslar ayırır. Əliyev müxalifətin zəif olduğunu, dağınıq olduğunu və onun rejimi üçün ciddi problem yaratmaq iqtidarında olmadığını nümayiş etdirir. Lakin ötən yazda Bakıda etiraz aksiyalarının yatırılması üçün istifadə olunan repressiyalar Misirdə olsaydı, bütün dünya qəzəblənərdi. Lakin Azərbaycanda enerji resurslarının olması sayəsində bu repressiyaları heç kim “görmədi”. 2012-ci il üçün proqnoz verməkdə çətinlik çəkirəm, amma deyərdim ki, ərəb baharı ən repressiv şəraitdə belə, insanların gec ya tez ayağa qalxdığını və dəyişikliklər tələb etdiyini göstərdi.

Bu, Azərbaycanda da baş verəcək, sadəcə, məhz nə zaman olacağını bilmirik.

 

- Insan hüquqları haqqında danışan Azərbaycan məmurları adətən bütün ittihamları təkzib edir, bunu ölkənin gənc olması ilə əsaslandırırlar. Eyni zamanda, ciddi insan hüquqları pozuntuları olduğu halda, ölkə bu il BMT-nin Təhlükəsizlik Şurasına seçilib və “Eurovision”u qəbul edəcək. Bu ziddiyyəti necə izah edərdiniz? Azərbaycanın dünyadakı real imici necədir?

- Azərbaycan enerji resurslarına görə dünyada xeyli müsbət nüfuz qazanıb. Bundan başqa, hökumət ABŞ və digər demokratik ölkələrlə müsbət münasibətləri stimullaşdırmaq üçün enerjidən istifadə edir. Rejim repressiyaları “şüurlu” şəkildə tətbiq edir və özünü Belarusda Lukaşenko kimi aparmır. Əliyev Putinin Rusiyada etdiyi kimi digər ölkələri qıcıqlandırmır. Azərbaycan mümkün olduğu hər yerdə mübahisələrdən qaçır. Bu, Dağlıq Qarabağ məsələsində də baş verir. Baxmayaraq ki, Əliyev Azərbaycanın işğal edilmiş ərazilərini qaytarmaq niyyətində olduğunu aydın söyləyir.

 

- Ərəb baharında Internet və sosial şəbəkələr hansı rolu oynadı? Azərbaycanda “onlayn” hərəkatın perspektivlərini necə səciyyələndirərdiniz? Hökumətin veb-səhifələri bağlaması və fəal blogerləri həbs etməsi kimi təhlükə var.

- Əliyev hökuməti Internet-kontentlə mübarizə səylərini gücləndirib. Bununla belə, veb-saytlar, bloqlar və sosial media alternativ fikirlərin ifadə olunması üçün mühüm alətdir. Əliyev hökuməti yeni idarəetmə elementləri tətbiq etməyə və cinayət mühakiməsi sistemini dəyişməyə çalışır. Lakin digər ölkələrin təcrübəsi göstərir ki, hakimiyyətin yeni medianın senzurası üçün böyük resurslar xərcləməyə hazır olduğu Çindən başqa, bir qayda olaraq, Internetlə mübarizə səyləri effekt vermir. Blogerlər Adnan Hacızadə və Emin Millinin azad olunması insan hüquqlarının pozulması ilə bağlı hökumətə qarşı beynəlxalq tənqidlərin yumşalmasına gətirib çıxardı. Lakin blogerlərə və sosial mediada iştirak edənlərə qarşı repressiyaların bərpa edilməsi, şübhəsiz, beynəlxalq təzyiqi gücləndirəcək.

Azadlıq

 

  • Yazılıb
  • da (də) 2012 Jan 28