Tarix : 2012 Jan 29
Kod 28267

Əli Kərimli: “Azərbaycanın neft pullarının Qərbin hakimiyyət dəhlizlərinə yolunun qarşısını elə q...

“Ərəb baharı”ndan sonra dünyada cərəyan edən proseslər ABŞ başda olmaqla demokratik dövlətlərin və nüfuzlu dünya təsisatlarının Azərbaycan müxalifətinə də dəstək verəcəyinə ümidləri artırıb
/Aran agentliyi

“Ərəb baharı”ndan sonra dünyada cərəyan edən proseslər ABŞ başda olmaqla demokratik dövlətlərin və nüfuzlu dünya təsisatlarının Azərbaycan müxalifətinə də dəstək verəcəyinə ümidləri artırıb. Hesab olunur ki, dünyada başlayan demokratikləşmə dalğasının Azərbaycandan da yan keçməyəcəyini yaxşı anlayan dünya gücləri burda illərdir cərəyan edən hadisələrdə nəhayət, ədalətli mövqe sərgiləyəcəklər.

 Bu günlərdə Demokratiyaya Milli Dəstək Fondunun təşəbbüsü ilə ABŞ-da “Yalançı demokratiyalarla nə etməli: Azərbaycan nümunəsi” adlı tədbirdə də ölkəmizdəki proseslər, müxalifətin durumu və sair məsələlər müzakirə olunub.
AXCP sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli qəzetimizə müsahibəsində tədbiri təsadüfi saymadığını dedi. Müsahibəni diqqətinizə çatdırırıq:

- Əli bəy, ABŞ-da keçirilən forumdakı müzakirələrdən gəldiyiniz qənaətiniz nədən ibarətdir, 2013-cü il seçkiləri ərəfəsində Amerikadan Azərbaycan müxalifətinə dəstəyin aratacağını gözləmək mümkünmü?

- Biz 2011-ci ildən sonra hamımız dünyadakı dəyişikliklərdən danışırıq və çox zaman insanlar dünyada böyük siyasi dəyişikliklər, qlobal demokratikləşmə deyəndə ərəb ölkələrindəki demokratik inqilabları, bəzi Afrika ölkələrində, qeyri-demokratik ölkələrdəki demokratik dəyişiklikləri nəzərdə tuturlar. Təbii ki, qlobal demokratikləşmə prosesi ilk növbədə həmin inqilablarla özünü ifadə edib. Amma bu dəyişikliklər yalnız həmin qeyri-demokratik ölkələrdə baş verənlərlə məhdudlaşmır. Son illərdə ən böyük dəyişiklik Qərbin siyasi elitasında baş verir. Əgər son illərə qədər xarici siyasət bir qayda olaraq Qərb ölkələrində qapalı bir çevrənin inhisarında idisə və onlar özlərinin hesab etdikləri milli maraqlar baxımından xarici siyasi məsələləri həll edirdilərsə, son illərdə, xüsusilə internetin, sosial şəbəkələrin inkişafından sonra artıq xarici siyasət məsələləri Qərbdə də ümumxalq məsələsinə çevrildi və Qərbin özünün ciddi şəkildə demokratikləşməsinə təkan verdi. Daha geniş informasiyaya sahib olan avropalı, amerikalı vətəndaşlar bir də xəbər tutdular ki, onların demokratik yolla seçdiyi bəzi liderlər hansısa korporativ, şəxsi maraqlarına görə dünyanın ən iyrənc diktatorları, korrupsionerləri ilə sıx əlaqələr saxlayır, onların var-dövlətindən açıq-aşkar bəhrələnirlər. Ona görə də indi həmin o vətəndaşlar öz liderlərinə münasibətdə çox ciddi təzyiq yaradıblar. 
Biz bilirik ki, ərəb inqilabları başlayandan sonra Avropada bir sıra səs-küylü istefalar baş verdi. Məhz həmin o diktatorlarla korrupsiya əlaqələrinə görə bir sıra siyasətçilər öz mövqelərini itirdilər. Bu, o demək deyil ki, daha Avropada korrupsioner liderlərlə oturub-durmağa, onlarla işbirliyində olmağa siyasətçi qalmayıb. Təəssüf ki, hələ də belələri var. Amma onları ilk növbədə Qərbin özünün KİV-ləri çox ciddi şəkildə ifşa edir. Azərbaycan rəhbərliyi də daxil olmaqla bu korrupsioner liderlərlə xüsusi münasibətlərdə olan istənilən siyasətçi, diplomat məhz elə Qərbin öz KİV-lərində qısa müddətdə ifşa olunur. Elə son aylarda Azərbaycanla bağlı beynəlxalq ifşa kampaniyalarını, Azərbaycan üçün çalışan beynəlxalq lobbi qruplaşmalarının Almaniyada, İngiltərədə, ABŞ-da fəaliyyətlərinin ifşa olunmasını xatırlasaq, görərik ki, gerçəkdən də Qərbin özündə böyük dəyişikliklər baş verir. Artıq Qərb ölkələrinin azad vətəndaşları hətta istəsələr belə, öz siyasi liderlərinə o şansı tanımırlar ki, onlar uzun illər boyu xalqlarının qanını soran və hakimiyyəti qorumaq üçün istənilən zorakılığı məqbul sayan qaniçən liderlərlə xüsusi dostluq münasibətlərində olsunlar. 
Ona görə də bu tendensiya davam edəcək. ABŞ-dakı toplantı, orada həqiqi idealist demokratlar tərəfindən verilən bəyanatlar məhz bu tendensiyanı göstərir. Bunu hər kəs başa düşməlidir ki, bu qlobal demokratikləşmə prosesi qarşısıalınmaz bir prosesdir, bütün ölkələri əhatə edəcək. Bu baxımdan haqqında danışdığınız toplantı nəinki təsadüf deyil, qanunauyğunluqların biridir. Hazırda ictimai inkişaf məhz bu istiqamətdə gedir və gedəcək. Demokratiyaya dəstək hər gün artacaq.

 

- Konkret olaraq Azərbaycan müxalifəti ABŞ başda olmaqla demokratiya paytaxtlarından hansı istiqamətdə dəstək gözləyir?

- Biz mövqeyimizi çox açıq şəkildə həm Azərbaycan ictimaiyyəti, həm də həmin ölkələrin diplomatları ilə söhbətdə ifadə edirik. Əvvəla, bizim xalqımız demokratik idarəetməyə hazır və layiqdir. İkincisi, bütün başqa xalqlarda olduğu kimi, biz özümüz mübarizə ilə lazımi əziyyətini çəkərək demokratiyanı ölkəmizdə bərqərar etməliyik və edəcəyik. Bu prosesdə bizim Qərb ölkələrindən umduğumuz ondan ibarətdir ki, öz prinsip və dəyərlərinə sədaqətli olsunlar. Bu, ilk növbədə o deməkdir ki, Azərbaycanda, digər avtoritar rejimli ölkələrdə insan hüquqları tapdalananda, demokratiya məhdudlaşanda, orta əsrlər üsul-idarəsini xatırladan idarəetmə ilə bağlı addımlar atılanda Qərb paytaxtlarında heç kim hansısa strateji, iqtisadi, təhlükəsizlik maraqlarını bəhanə edib buna, birinci, göz yummasın. İkincisi, Qərb ictimaiyyətinə bizim mütəmadi çağırışımız olur ki, öz sıralarına baxsınlar, aralarında olan, diplomatik xidmətdə olan, siyasətlə məşğul olan, dövlət xidmətində çalışan müəyyən əliəyri adamlar var ki, onlar öz ölkələrində ona görə rüşvət almırlar ki, onlara bu rüşvəti verən yoxdur. Amma onlar Şərq korrupsionerləri ilə təmasa girən kimi qısa müddətdə varlanmaqdan özlərini saxlaya bilmirlər və Azərbaycan kimi peşəkar korrupsioner hakimiyyətlər də bu fürsətdən dərhal istifadə edirlər. Ona görə də bizim ikinci gözləntimiz bundan ibarətdir ki, Azərbaycanın neft pullarının Qərbin hakimiyyət dəhlizlərinə yol tapmasının qarşısını elə qərblilər özləri almalıdır. Onlar necə ki, öz ölkələrinin daxilində korrupsiyaya münasibətdə amansızdırlar, sərt qanunlarla korrupsiyanın qarşısını öz ölkələrində alırlar, eləcə də xaricdəki korrupsiyaya da eyni prinsipiallıqla münasibət bildirməlidirlər. Həmin adamlara təkcə bizim tərəfimizdən nəzarət olunmamalıdır. 
Nəhayət, dünyada qlobal demokratikləşmə prosesinə mənəvi cəhətdən dəstək olsunlar. Söhbət hansısa siyasi qüvvələrə, hansısa şəxslərə dəstəkdən getmir, biz bunu məqbul hesab etmirik. Amma bütövlükdə insanlıq naminə ümumbəşəri dəyərlərin dünyanın hər yerində dəstəklənməsi bizim də, o cümlədən Qərb ölkələrinin azadlıqsevər vətəndaşlarının da mənəvi borcudur. Dünyanın hər yerində haqla bərabər olmaq, zalımın qarşısında olmaq, haqqı tapdananı müdafiə etmək hər kəsin mənəvi borcu olmalıdır.

- “Ərəb baharı”ndan əvvəlki dövrlə müqayisədə Qərbin demokratik dairələrinin Azərbaycanda demokratikləşmə prosesinə və müxalif qüvvələrə münasibətinin dəyişdiyini demək olarmı?

- Mən yuxarıda dünyanın, Qərbin demokratiya və insan haqlarına daha sayğılı olması ilə bağlı tendensiyaları ümumi şəkildə danışırdım. Bu tendensiyalar konkret Azərbaycanda iqtidar və müxalifətə münasibətdə də özünü göstərir. 2011-ci ili götürsək, görərik ki, keçən il bir tərəfdən bütün il ərzində dünyanın ən aparıcı KİV-ləri, ən aparıcı beynəlxalq ictimai təşkilatlar Azərbaycan hakimiyyətini ardıcıl olaraq korrupsiyada, insan haqlarını pozmaqda, qeyri-demokratik idarəetmədə ittiham və ifşa ediblər. Həmçinin il ərzində Azərbaycan vətəndaşlarının pozulan konstitusion hüquqlarını müdafiə bəyanatları verilib. Azərbaycanda fəaliyyət göstərən nüfuzlu Qərb ölkələrini və təşkilatlarını təmsil edən diplomatlar il ərzində dəfələrlə İctimai Palata ilə görüşləri zamanı, görüşlərdən kənarda siyasi məhbusların müdafiəsi, sərbəst toplaşma azadlığı ilə bağlı mövqelərini açıq ifadə ediblər. Bu mənada biz də bu prosesi hiss edirik. Bizim yanaşmamıza görə, hələ də bu proses situasiyaya adekvat deyil, hələ də bir çoxlarına konkret olaraq strateji, iqtisadi, təhlükəsizlik maraqları Azərbaycan hakimiyyətinin əməllərinə münasibət bildirməyə imkan vermir... Amma biz onlara təklif edirik ki, xüsusilə demokratik ölkələr gərək çox düzgün balans tapsınlar. Bir tərəfdən öz milli, iqtisadi maraqlarını təmin etmək, digər tərəfdən ümumbəşəri dəyərləri ayaq altına salmadan, ümumbəşəri dəyərlərin tapdanmasına göz yummadan bunu etmək lazımdır. Bax, bu, əsl məharət, diplomatik bacarıq, siyasi səbat tələb edir.(musavat.com)

  • Yazılıb
  • da (də) 2012 Jan 29