Tarix : 2012 Jan 29
Kod 28275

QAT ERMƏNİLƏRİ YENƏ HƏDƏLƏDİ

“Onların “Eurovision”da iştirakına yol verməyəcəyik”
/Aran agentliyi

 

 

Ermənistanın “Eurovision-2012" yarışmasında iştirakı bəlli olub. Mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand mətbuat nümayəndələri ilə görüşündə bir daha qətiyyətlə bildirdi ki, Ermənistandan gələn təmsilçilər, nümayəndələr, akreditasiyadan keçən jurnalist və fanatların Azərbaycanda təhlükəsizliyinə baş nazirin sərəncamı ilə təminat var.

Bu arada beynəlxalq yarışmanın keçirilməsi ərəfəsində Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının 30 sutkalıq həbs olunacağı haqda məlumat yayılıb. Akif Nağı isə bunu fərziyyə saydığını və əhəmiyyət vermədiyini deyir. O, əvvəllər olduğu kimi, yenə də ermənilərin Azərbaycana gəlişinə maneə yaradacağını söylədi: “Hazırda mətbuatda əleyhimizə olan çox ifadələrə rast gəlirik. Mən həbs olunsam belə, başqaları əvvəlcədən deyildiyi kimi, tədbirlər görəcəklər. Bizim bu məsələ ilə bağlı çox planlarımız var. Ermənilər hesab edir ki, müharibənin döyüş meydanında olan hissəsini udublar və qələbəni möhkəmləndirmək mərhələsinə daxil olublar və bu mərhələdə onlar xalq diplomatiyası vasitəsilə buna nail olmaq xülyasındadırlar. Prezidentlərin son Soçi görüşündə belə bir bənd əlavə edildi ki, ziyalıların, qeyri-hökumət təşkilatlarının gediş-gəlişinə, xalq diplomatiyasına şərait yaradılsın. Halbuki bu, birbaşa ermənilərin siyasətinə xidmət edən məsələdir. Ona görə də biz indiki mərhələdə ermənilərin Azərbaycana səfərlərinə etiraz edirik”.

Azərbaycan cəmiyyəti işğalçı ermənilərlə barışıb” görüntüsünün yaradılmasına yol verməyəcəyini deyən QAT sədri o qənaətdədir ki, bir damcı qətran bir çəllək balı korladığı kimi, ermənilərin də “Eurovision”da iştirakı belə nəticə verə bilər: “Cəmiyyətimiz üçün ermənilər gözlənilən qonaq deyillər. Bunu onlar başa düşməli və bura gəlməməlidirlər. Əks təqdirdə bu tədbirin təşkilatçıları da peşman olacaq, ermənilər də. Bu proses biabırçı sonluqla bitəcək. Vaxtilə erməni generalların Bakıya gəlişi ilə bağlı NATO-nun baş katibi bizə görə bəyanat ünvanladı, amma nəticəsi nə oldu, onların planı təxirə salındı, Azərbaycan hökuməti də biabır oldu, NATO da”.

musavat.com

  • Yazılıb
  • da (də) 2012 Jan 29