Tarix : 2012 Jan 30
Kod 28290

''AZƏRBAYCANDAN SÖZ YOX, HƏRƏKƏT GÖZLƏMƏK HAQQIMIZDIR''

Davudoğlu: ''Ya Fransa həmsədrlikdən çəkilməli, ya Türkiyə də həmsədr olmalıdır''
/Aran agentliyi

Davudoğlu: "Ya Fransa həmsədrlikdən çəkilməli, ya Türkiyə də həmsədr olmalıdır"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu CNN-Türk-də məşhur jurnalist Taha Akyolun "Əyrisi-doğrusu" proqramına qonaq olub və Azərbaycanın Fransa Senatının qərarına münasibətinə dair fikirlərini də açıqlayıb.

Xarici işlər naziri bildirib ki, bu kimi məsələlər milli məsələlərdir və belə məsələlərdə Türkiyə-Azərbaycan söhbəti ola bilməz: "Türkiyə Azərbaycanda bir yarpaq tərpənsə, o yarpağın haqqını vermək üçün hər şeyini səfərbər edər. Məsələn, Qarabağ məsələsi başladığı vaxt ən konkret addımları atdı, sərhədlərini bağladı.Çünki ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdilər. Bu işğal edilən torpaqlar bizim topraqlarımızdır. Biz elə görürük. Bu məsələ ilə bağlı mövqeyimiz də konkret və açıqdır. Mən Azərbaycan ictimaiyyətinin, azərbaycanlı dostlarımızın da türklərin ittiham edildiyi məsələni də ortaq, ümummilli məsələ kimi gördüklərinə əminəm. Ancaq bunu da söyləməliyik -mən bunu hörmətli dostum Elmar bəyə də, Rusiyada hörmətli Lavrova da dedim. 1992-ci ildə qurulan Minsk Qrupunun 20 -ci ili tamamlanır. Biz də Misnk qrupunun üzvüyük. Minsk qrupuna ABŞ, Rusiya və Fransadan ibarət həmsədrlər seçilməsi o vaxt da, indi də mənim izah tapmaqda çətinlik çəkdiyim bir məsələdir. Misnk Qrupunun digər üzvləri bu prosesdə aktiv iştirak edə bilmirlər. Yenə də Rusiyanı anlayırıq, müəyyən coğrafi yaxınlıq var, bu məsələlər də Sovetlər Birliyinin dağılmasıyla ortaya çıxan məsələlərdir. Amerikanı da anlayırıq, 90-cı illərin önəmli supergücüdür. Fransanın burada hansı rolu oynadığını soruşmalıyıq? Mən bunu yalnız Azərbaycan xarici işlər nazirinə də, Rusiya xarici işlər nazirinə də dedim. Bu ixtilafa bu və ya digər şəkildə dəxli olan iki millət varsa, biri ruslar, biri də türklərdir. Bu baxımdan Rusiyanı anladıq. Amma Türkiyə bu prosesin içində yoxdur. Fransa var, Türkiyə yoxdur. Sarkozi gedəcək Azərbaycanda bir neçə saat, Ermənistanda iki gün qalacaq, tərəf olduğunu nümayiş etdirəcək, sonra türk torpaqlarına dönüb həddi olmadan Ağrı dağını göstərəcək, sonra da həmsədr olaraq vasitəçilik rolu oynayacaq. Mən vasitəçilik etmiş biriyəm. Fransanın bu halda vasitəçilik missiyasını yerinə yetirməsi mümkündürmü?"

Davudoğlu bu məsələni bundan sonra da müzakirə edəcəklərini deyib: "Öz parlamentində belə bir qərar qəbul edən bir hökumətin belə bir rolu necə oynadığını soruşacağıq. Hər şeydən əvvəl Minsk Qrupunun üzvü olaraq soruşacağıq. Sonra da topraqlarının 20 faizi işğal edilən qardaş Azərbaycanın hüququ adına soruşacağıq".

Misnk Qrupunun heç bir nəticəyə nail olmadığını bildirən Davudoğlu qeyd edib ki, son dövrdə Qarabağ məsələsində iki dəfə hərəkətlənmə olub: "Bunun biri protokolların imzalandığı dövr idi. 2009-cu ilin dekabr ayında Afinadakı ATƏT toplantısında uzlaşmaya ən yaxın nöqtəyə gəlindi. İkincisi isə Medvedevin son dövrdə apardığı diplomatiyadır. Bundan əlavə heç bir şey olmadı. Bu vəziyyətdə bizim bu məsələni müzakirə etməmiz təbiidir. Yoxsa mən Azərbaycan rəsmilərinin də, Azərbaycan xalqının da bu qanundan zərər çəkdiklərini, açıqlamalarda bunu ifadə etdiyini bildirirəm. Fransada Senatın toplantısından əvvəl vətəndaşlarımızın Parisdə keçirdiyi mitinqdə Azərbaycan bayraqları da, Əlcəzair bayraqları da, Fələstin bayraqları da vardı. Hamısına minnətdarıq".

Xarici işlər naziri ən sonda Azərbaycana hər hansı bir ölkə kimi baxmadıqlarını deyib: "Ancaq bunu da bilməliyik ki, artıq bu kimi məsələlərdə bir millət olaraq hamımızın taleyimiz ortaqdır. Bu məsələlərdə necə davranmaq məsələsində də birlikdə planlaşdırmalar aparıb, müzakirələri davam etdirməliyik".

Əhməd Davudoğlu söz, bəyanat səviyyəsində deyil, hərəkət səviyyəsində reaksiya gözlədiklərini deyib: "Əgər bu qanun qüvvəyə minərsə, Türkiyə söz səviyyəsində deyil, hərəkət səviyyəsində addımlar atacaq. Buna kimsənin şübhəsi olmasın. Hər hansı tərəddüdümüz olduğu düşünülməsin. Hərəkət səviyyəsində eyni mövqeni Azərbaycanlı dostlarımızdan gözləməyimiz də təbiidir. Konkret hərəkətin ən bariz göstəricisi isə Minsk Qrupu həmsədrliyinin diskussiyaya açılmasıdır. Tərəfsizliyini itirmiş bir həmsədr var. Türkiyəni niyə həmsəsdrliyə qəbul etmirsiniz deyildiyi zaman "Türkiyə bir tərəfə yaxındır" deyirdilər. İndi Fransa nədir? Ya Türkiyə də həmsədr olaraq orada olmalıdır, ya da Fransa da olmamalıdır. Bizim mövqeyimiz budur. Bunu Məmmədyarova, Lavrova da söylədim, Amerikada Klintona da deyəcəm. Bizim bölgəmizdə, bizi maraqlandıran bir məsələdə bizim sözümüzün olmadığı, amma məsələ ilə heç bir əlaqəsi olmayan və tərəf tutan bir ölkənin sözünün olduğu bir konyukturanı qəbul edə bilmərik. Bunu açıq şəkildə dilə gətirəcəyik. Bu bizim haqlı və təbii gözləntimizdir. Əminəm ki, Azərbaycan xalqı və dövləti də bu məsələdə konkret mövqe göstərəcək".

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Jan 30