Nəqliyyat Nazirliyi tam özbaşına addım atıb, öncə qanunlara dəyişiklik etmək lazımmış
/Aran agentliyi
Müzəffər Baxışov: «Normal ölkədə belə göstəriş verən naziri cinayət məsuliyyətinə cəlb edərlər»
Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin taksilərlə bağlı qoyduğu normalar qanunsuzmuş. Mütəxəssislər hesab edir ki, Nəqliyyat Nazirliyi hər hansı bir norma və qaydalar müəyyənləşdirmək səlahiyyəti yoxdur. Bunun üçün öncə qanunvericilik bazası olmalıdır. Lakin «Avtomobil nəqliyyatı haqqında» Qanunda taksi xidməti ilə bağlı qaydalar göstərilməyib.
Doğrudur, Nəqliyyat Nazirliyi sürüclərin etirazlarından sonra müəyyən güzəştlərə getdi. Lakin avtomobilin rəngi yalnız ağ və ya bənövşəyi olmalıdır. Sovet istehsalı olan minik avtomobilləri də taksi xidmətləri üçün yararlı sayılmır. Ekspertlər düşünür ki, hər bir məhdudiyyət qanunveriliyə istinad olmalıdır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayevin «Mediaforum»a açıqlamasında deyir ki, Nəqliyyat Nazirliyinin bəyan etdiyi texniki normalar qanunsuzdur: «Nə 2008-ci ilin iyulundan qüvvədə olan «Avtomobil nəqliyyatı haqqında» qanunda, nə də Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il qərarı ilə təsdiqlənən «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları»nda Nəqliyyat Nazirliyinin bəyan etdiyi texniki standartlar barədə məlumat yoxdur. Məsələn, «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları»nda iki qapılı, fərdi konstruksiya əsasında hazırlanan, əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, eləcə də əllə idarə olunan əlil avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilməməsi, taksi minik avtomobillərinin taksometrlə təchizatının vacibliyi, oturacaqların sayının 9-dan çox olmaması norma kimi müəyyən edilib. Yaxud avtonəqliyyat vasitələrinin daşımalara yararlı olması üçün Nəqliyyat Nazirliyi və yol polisinin birgə yoxlamasından keçirilməsi, lisenziya alması da məcburi normalardır. Amma maşının rəngi, markası və istismar müddəti barədə həmin sənədlərdə heç bir icbari hüquqi tələb yoxdur».
Ekspertin fikrincə, Nəqliyyat Nazirliyi bunu şifahi formada və ya özünün hansısa daxili təlimatı əsasında həyata keçirirsə, bu, ciddi qanun pozuntusudur: «Çünki sərnişin daşıma qaydalarına dəyişiklik Nazirlər Kabinetinin müstəsna səlahiyyətlərinə aiddir. Konstitusiya normativ hüquqi aktların hüquqi qüvvə qazanması üçün onların rəsmi təsdiqlənməsini və çap olunmasını tələb edir. Nazirlər Kabinetinin qərarlarının normativ hüquqi akt olduğunu nəzərə alsaq, sərnişindaşımaya dair qərara hansı tarixdə dəişiklik edildiyi və harada çap olunduğu ictimaiyyətə elan olunmalıdır».
Rövşən Ağayev hesab edir ki, Nəqliyyat Nazirliyi özfəaliyyətlə məşğuldursa, Konstitusiya Məhkəməsi və Nazirlər Kabineti buna rəsmi mövqe bildirməlidir.
Hüquqşünas Müzəffər Baxışov da «Bizim Yol»a şərhində bildirib ki, bu məsələ ilə bağlı öncə qanun olmalıdır: «Həmin qanunda taksi fəaliyyəti ilə bağlı bütün detallar göstərilməlidir. Yəni hansı markalı, hansı rəngli, hansı dövlətin istehsalı olan avtomobillərdən ancaq taksi fəaliyyəti kimi istifadə etmək olar. Qanun mövcud olandan sonra Nazirlər Kabineti prosedur qaydalarını müəyyən edə bilər. «Avtomobil nəqliyyatı haqqında» Qanun var və orada belə bir qayda yoxdur. Əgər orada qaydalar göstərilsəydi, onun tətbiqi ilə bağlı Nazirlər Kabineti və Nəqliyyat Nazirliyi norma və hüquqi aktlar qəbul edə bilər. Həmin təlimatlar da «Avtomobil nəqliyyatı haqqında» Qanuna uyğun olmalıdır. Heç bir qurum Qanunun müddəalarından kənara çıxmaqla hər hansı bir məhdudiyyəti genişləndirə və ya məhdudlaşdıra bilməzlər».
M.Baxışovun fikrincə, Nəqliyyat Nazirliyi tam qanunsuz bir göstəriş verib: «Ümumiyyətlə, bununla bağlı qanunda da məhdudiyyətlər qoymaq olmaz. Konstitusiyanın 71-ci maddəsinə görə, insanların hüquq və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdırmaq olmaz. 2002-ci ildə bu istiqamətdə Konstitusiya qanunu qəbul olundu. Burada hüquq və azadlıqların qanunla məhdudlaşdırılması istiqamətləri göstərildi. Konstitusiyanın 94-cü maddəsinə görə, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması qanunla müəyyən oluna bilər. Ona görə də şəxslərin taksi fəaliyyəti ilə məşğul olması qanunla tənzimlənən məsələdir. Qanuna əhəmiyyət verməyən Nəqliyyat Nazirliyi səlahiyyətindən sui-istifadə etməklə taksilərlə bağlı qaydalar və normalar tətbiq edib. Bu, sırf qanunsuzluq və özbaşınalıqdır. Sivil ölkələrdə belə bir əmr imzalayan naziri cinayət məsuliyyətinə cəlb edərlər. Təəssüf ki, Azərbaycan hüquqi dövlət olmadığına görə, məmurların özbaşınalığı elə bir həddə çatıb ki, vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran qərarlar qəbul edirlər. Belə bir məhdudiyyət qoymağa heç prezidentin də səlahiyyəti yoxdur».
Məsələni aydınlaşdırmaq üçün Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla da əlaqə saxlamağa çalışdıq. İki günlük axtarışımıza baxmayaraq, N.Həsənovun telefonları cavab vermədi.
Bizim Yol