Son günlər bir neçə nəfər yol polisinin fırıldaqçı hərəkətlərindən şikayətlə Turana müraciət edib
/Aran agentliyi
Son günlər bir neçə nəfər yol polisinin fırıldaqçı hərəkətlərindən şikayətlə Turana müraciət edib. Yol polislərinin hüquqazidd əməlləri avtomobilləri dayandıraraq, sürücülərə dəfələrlə qaydaları pozduqları, müəyyən balı aşdıqları və sürücü vəsiqəsindən məhrum edilə biləcəklərini bildirməkdən ibarətdir. Bu zaman sürücüyə maşının həbs edilərək, cərimə meydançasına göndərilməli olduğu bildirilir.
Belə vəziyyətdə sürücünün ənənəvi reaksiyası polisləri maşında ailə və ya uşaqlar olduğunu, təcili bir yerə getməli olduqlarını nəzərə almağa razı salmaq və ya işi rüşvətlə həll etmək təklifi və araşdırma üçün Yol Polis İdarəsinə gəlmək vədləri olur.
Bir qayda olaraq, polislərin ürəyini yumşaldaraq, ertəsi günü gözləməyə razılaşdırmaq üçün 50 manat kifayət edir. Lakin növbəti gün asayiş keşikçilərinə yaxınlaşan sürücü pozucular siyahısında adını və maşınını görə bilmir.
Sürücü inadkar çıxırsa və cərimə meydançasına getməyə razılaşırsa, pozuntunu onun deyil, bənzər nömrəli avtomobilin sürücüsünün törətdiyi bəlli olur (məsələn, 230 deyil, 250).
Amma bu, yalnız vaxt və əsəb sərfindən sonra müəyyən olunacaq və bu zaman üzrxahlıq olmayacaq, polis isə tövsiyyə verəcək – kompüterlər ədaləti bərqərar edənə qədər maşından istifadə etmə!
Görünür, dövlət başçısı bu yaxınlarda paytaxtda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzini açarkən bu “nailiyyətlərdən” bəhs edirdi.
Həmin vaxt məlumatlı mənbə Turana bildirmişdi ki, DİN funksiyalarının və səlahiyyətlərinin nəqliyyata nəzarətlə bağlı hissəsinin əlindən alınmasından narazı idi.
Başqa sözlə, Yol Polisinin nəqliyyatın idarə edilməsində öz mərkəzi və öz intellekti var. Sürücülər isə yollarda bu cür sürprizlərə hazır olmalıdırlar.
Turan