Tarix : 2012 Jan 31
Kod 28311

Bizim də təhsil haqqımız var!

Bir məktəblinin diləyi: insan haqları, vicdan azadlığı və təhsil hüququ...
/Aran agentliyi

 

 

Məktəbli qızın bu yazısı düz bir il əvvələ aid olsa da, həmin problem günümüzədək öz həllini tapmayıb və hələ də aktualdır. Bunu nəzərə alaraq 5 fevral 2011-ci il tarixinə aid bu yazını günümüzün aktual problemi kimi oxucularımıza təqdim edirik.

Mən də bir məktəbliyəm və məktəbi çox sevirəm. Dərs oxumaqdan, öyrənməkdən həzz alıram. Əlaçı şagirdlərdənəm. Buna görə Allaha şükürlər edir, müəllimlərim və valideynlərimə minnətdarlığımı bildirirəm.

Mən bir inanclı şagirdəm və öz həyatımı əqidəmə uyğun sürmək istəyirəm. Bu mənim öz seçimimdir. Elə öz seçimimlə mən hicab bağlamışam. Düşünürəm ki, bu, heç kəsə mane olmur və çox istəyirəm ki, ətrafdakı insanlar mənim bu seçimimə hörmətlə yanaşsınlar. Necə ki, mən də onların seçiminə hörmətlə yanaşıram.

Mən əqidəmə görə hicab taxıram və arzum budur ki, yaşadığım cəmiyyət məni belə də qəbul etsin. Küçədə də, parkda da, məktəbdə də! Konstitusiyamıza görə hər bir Azərbaycan vətəndaşının təhsil alma haqqı var. İstisnasız, hər kəsin! Başıaçığın da, hicablının da. İnanclının da, inancsızın da. Elə bir qanunumuz yoxdur ki, hicabla məktəbə getməyi qadağan etsin. Amma, “məktəbli forması” bəhanəsi ilə biz hicablı şagirdlərin təhsil haqqı məhdudlaşdırılıb. Halbuki, biz də məktəbli formasına tam riayət edirik. Sadəcə, forma ilə bərabər başımızı da örtürük. Axı bu, bizim əqidəmizdir. Biz digər şagirdlər kimi sərbəst şəkildə məktəbə getmək, dərs oxumaq istəyirik. Gizlənmədən, parik taxmadan, üzümüz danlanmadan, əqidəmiz aşağılanmadan, sinifdən çıxarılmadan. Ata-analarımız incidilmədən. Axı bütün bunlardan biz stres keçiririk, üzülürük, xəstələnirik, şəxsiyyətimiz aşağılanır. Məktəbin əsas vəzifələrindən biri bizim şəxsiyyətimizi formalaşdırmaq deyilmi? Ailələrimiz gərginlik və stres içində, valideynlərimiz də bizə yardım edə bilmirlər. Axı nə üçün, hansı qabahətimizə görə biz bu qədər çətinlik içində olmalıyıq? Niyə bizim təhsil haqqımız tapdalanmalıdır? Niyə gözümüz yaş içində, ailələrimiz dərd içində olmalıdır? Hicablı şagirdlər Amerikada, Avropada, hətta Rusiyada sərbəst şəkildə məktəbə getdikləri kimi, biz də öz vətənimiz Azərbaycanda sərbəst məktəbə gedib dərs oxumaq, savadlı vətəndaş, azad bir şəxsiyyət kimi yetişmək istəyirik. Bu işdə bizə kömək edə biləcək kimsə varsa, lütfən, yardım etsin!

O.Mustafazadə, məktəbli

FaktXeber

  • Yazılıb
  • da (də) 2012 Jan 31