Tarix : 2012 Jan 31
Kod 28326

“Əhəd Pənahlı: Nə edirsən et, Nemətlə məni görüşdür, halallaşaq”

Oğlunun başına açılan oyunlara ürəyi tab gətirməyən qayınatam Əhəd Pənahlı məni çağırıb dedi ki, nə edirsən et, Nemətlə məni görüşdür, halallaşaq
/Aran agentliyi

Məhbus siyasətçi Nemət Pənahlının xanımı Həcər Pənahlı yanvarın 31-də açıqlama göndərib

O yazır: “19 gün bundan öncə idi. Oğlunun başına açılan oyunlara ürəyi tab gətirməyən qayınatam Əhəd Pənahlı məni çağırıb dedi ki, nə edirsən et, Nemətlə məni görüşdür, halallaşaq. Zarafata salıb könlünü aldım, amma dərhal da qaynım Səməd Pənahlıya xəbər verdim. O da təcili Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ərizə ilə müraciət etdi ki, Nemətə 1-2 saatlığına izin versinlər, atası ilə vidalaşa bilsin. Qayınatam mömin idi. Həm də əsl mömin. Onun atası da ayaq üstə gəzə-gəzə ölübmüş. Bu gün öləcəyini də evdə hər kəsə xəbər veribmiş. Bəlkə də inanmazsınız, mollasını da özü gətiribmiş. Qayınatam da belə oldu. Gülə-gülə dedi ki, bala, məni çağırırlar, dalımca gəliblər. Həyatı boyu cüməsini keçirməzdi. Təkidlə dedi ki, hamamı hazırlayın, cümə qüsulumu verim. Neylədik, bizə məhəl qoymadı. Yuyundu, pal-paltarını dəyişdi. Hiss edirdim ki, gedəcəyi yeri ona göstəriblər. Çox rahat idi çünki. Qəribə tərzdə gülümsünürdü. “Mənim həkimlik işim qalmayıb” dedi. Biz, övladları təkid etdik. Təcili yardım çağırıb onu xəstəxanaya aparmağa hazırlaşdıq. Başının üstündə ağlamaqdan özümüzü saxlaya bilməyəndə deyirdi ki, bala, ağlamayın, hamınıza öz ölümüm kimi ölüm arzulayıram. Nemət həbs olunandan nisgilli idi qayınatam. Amma bu dəfə üzündə o nisgili görmədim. Qapıdan çıxarmağa hazırlaşanda əli ilə işarə etdi, əyildim, qulağıma bunları pıçıldadı: “Mənə görə üzülməyin. Məni çağırırlar, yerimi də göstəriblər”. Dedi, sonra da güldü, gözlərindən iki gilə yaş damcıldadı. Onu heç belə görməmişdim. “Nemətdən nə qədər narahat olsam da, əminəm ki, oğlum bu sınaqdan da çıxacaq” dedi. Xəstəxanaya çatan kimi, cümə günü keçindi. Ertəsi gün, imamın qırxı günü dəfn olundu. Elə həmin gün Mədət Quliyevə növbəti ərizəni ünvanladıq. Xahiş etdik Nemət Pənahlını atasının dəfninə buraxsınlar. Yenə də Penitensiar Xidmətdən səs çıxmadı. Dəfnimizi etdik. Üstündən 17 gün keçdi.

Yanvar ayının 30-u axşam saat 8 radələrində qapımızı döyüb bizə bir məktub verdilər. Penitensiar Xidmətdən gələn məktubda yazılır: “Hörmətli, Səməd müəllim, sizin 13.01.2012-ci il tarixli ərizənizə baxdıq (Neməti atası ilə görüşdürməklə bağlı verilən ərizə - Həcər Pənahlı). Xahiş edirik bu məsələ ilə bağlı cəzaçəkmə müəssisəsinin müdiriyyətinə müraciət edəsiniz”. Açıqlamasını Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciətlə davam etdirən Həcər Pənahlı yazır: “Yanınıza ilk dəfə şikayətə gələndə mənə də, mətbuata da bir cavab verdiniz: “Nemət Pənahlı daxili intizamı pozur və ona görə də cəzalandırılır”. Nemət Pənahlı ən pis halda bu günahı boynuna götürə bilər və adi bir təcridxananın intizamını pozmuş olar. Bəs siz? Qarşınıza qoyduğum bu faktlarla bütöv bir ölkənin daxili nizamını hansı haqla pozursunuz? Sizmi səlahiyyətinizdə olan şeyləri bilmirsiniz, ya sizə tabe olan işçiləriniz dünyadan xəbərsizdir? Bu nə ilə əlaqədardır ki, sizə ərizə yazdığımız gün cəzaçəkmə müəssisəsinin rəisinə də ərizə yazdığımızdan xəbəriniz yoxdur? Adam rəhmətə gedəndən 20 gün sonra işçiləriniz bizə ərizəmizi cəzaçəkmə müəssisəsinin rəisinə yazmağı tövsiyə edirlər. Cənazəmizi ortalıqda qoyub hər vəchlə sizinlə əlaqə yaratmağa çalışanda katibiniz Vüqar müəllim bizə dedi ki, mənim generala məruzə etməyə vaxtım yoxdur. “Bəs sabah?” soruşduq. “Sabah da olmayacaq, birisigün də” dedi. İndi mənim qayınanam xəstəxanada can çəkişir. Amma mən sizə artıq müraciət etmirəm. Mən müraciətimi sizi bu günə salan rejimə edirəm. Böyük İsgəndərin belə bir adəti varmış. Həmişə məhkəmələrdə bir qulağını bərk-bərk qapayarmış. Günlərin birində ondan bunun səbəbini soruşurlar. Belə cavab verir: “Qapadığım qulağımı ittiham olunanı dinləmək üçün saxlayıram”.

Mənim yox, böyük İsgəndərin tövsiyəsinə qulaq asın. Heç olmasa bir qulağınızı açıb ittiham olunan tərəfi də dinləyin ki, bu məmləkətin qəhrəmanları yalnız cinayətkarlardan ibarət olmasın. Çünki bir məmləkətin cinayətkarlarını qəhrəmana çevirmək o məmləkətə ən böyük xəyanətdir. Bu mənim sözüm deyil, rəhmətlik Heydər Əliyevin sözüdür. Bəs görəsən, bir ölkənin azadlıq mücahidlərini xuliqan kimi təqdim etmək nədir?”


“Media forum”

  • Yazılıb
  • da (də) 2012 Jan 31