TƏHSIL IŞÇILƏRI ICRA BAŞÇISININ KÜÇƏLƏRI TƏMIZLƏMƏ TAPŞIRIĞINI YERINƏ YETIRMƏKDƏN IMTINA EDIR
/Aran agentliyi
Xəbər verdiyimiz kimi, Sumqayıtda müəllimlərə İcra Hakimiyyətinin binasının qarşısı və bəzi küçələrin qardan təmizlənməsi üçün göstəriş verilib. PİA.AZ-a daxil olan məlumatdarda deyilirdi ki, icra başçısı Eldar Əzizovun göstərişi əsasında həyata keçirilən işlər dünən gün ərzində davam edib.
Aldığımız son məlumatlara görə isə dünəndən etibarən bir çox orta məktəblərin müəllimləri Eldar Əzizovun tapşırığını yerinə yetirməkdən imtina edib. Həmin bilgilərdə vurğulanır ki, Sumqayıt müəllimləri küçə süpürməyin onların işi olmadığını deyərək, bunu icra etməyəcəklərini bəyan ediblər. «Təhsil Nazirliyindən dünən Sumqayıt orta məktəblərinin hamısına məktub gəlib. Həmin məktubda vurğulanır ki, Prezident Adminstrasiyasından tapşırıq var ki, bütün müəllimlər sabah (bu gün-red.) küçələrə əllərində süpürgə çıxaraq, təmizləmə işləri aparmalıdırlar. Bunun nə dərəcədə real bir şey olduğunu deyə bilmərik. Amma vəziyyət qeyd olunduğu kimi acınacaqlıdır».
Mənbə bildirir ki, müəllimlər isə bu tapşırıqdan boyun qaçıraraq, bu gün şəhərin küçələrini təmizləməyə çıxmayacaqlarını deyirlər. Hətta onlara bununla bağlı təzyiq olunarsa, mətbuata müraciət edərək, məsələni ictimailəşdirəcəklər.
Bu əsnada Sumqayıt təhsilində daha bir dəyişiklik edilib. PİA.AZ-a çatan xəbərlərdə vurğulanır ki, icra başçısı Eldar Əzizov özünün həmyerlisi və dostunu Sumqayıt şəhər 9 saylı orta məktəbə direktor təyin edib. Şəhər sakinləri deyirlər ki, həmin şəxs icra başçısı ilə hər gün birlikdə yeyib-içirlər və xeyli vaxtdır dostluqları var. Deyilənlərə görə, problem ondadır ki, yeni məktəb direktorunun ayıq vaxtı olmur. Nəticədə isə müəllimlərə dərs saatı verilməsi prosesi tamamilə yaddan çıxıb.
Ancaq Sumqayıtın bir başqa problemi də dünən üzə çıxıb. Daha doğrusu, 17 gündür davam edən məsələdən dünən xəbər tutulub. Verilən məlumata görə, Sumqayıtın Mərkəzi Muzeyi 17 gündür işıqsız qalıbmış. Orada işləyənlərdən birinin verdiyi məlumata görə, muzey işçiləri soyuqdan donsalar da, prezident İlham Əliyevin bu günlərdə Sumqayıta gəlişi ilə əlaqədar olaraq, işdən bir dəqiqə də yayına bilmirlər. Həmin məlumatlara görə, soyuq otaqlarda oturduqlarından artıq muzeyin bir neçə qadın işçisi xəstələnib.