/Aran agentliyi
"Zəhmət olmasa, məni qəbul edin, sizə söyləyəcəklərim var”
Məhbus siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı fevralın 1-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məktub alıb. “Media forum” saytına danışan Həcər Pənahlı məktubun məzmununu açıqlayıb: “Yazırlar ki, Nemət Pənahlı 17 saylı Cəzaçəkmə Müəssisəsində daxili intizamı çox pozur və onu 1-2 saatlığına da azadlığa buraxmaq olmaz”.
Həcər Pənahlı Penitensiar Xidmətlə razılaşmadığını bildirib: “Nemət Pənahlı 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləndən nə ona qarşı kiminsə, nə də onun kiməsə qarşı bir iradı olub. Ona qarşı qaydalar pozulmadığı üçün o da kimsəyə qarşı qayda pozuntusuna yol verməyib. Belə bir iş olsaydı, mən bunu mətbuata çıxarardım”.
Penitensiar Xidmətə səslənən Həcər Pənahlı deyib: “Nə üçün Nemət Pənahlı Bakı İstintaq Təcridxanasında 7 ay tək saxlananda - bu, rəisin səlahiyyətlərindən sui-istifadə etməsi idi - sizə ünvanladığımız müraciətlərə heç bir məhəl qoymadınız və bizi beynəlxalq təşkilatlara üz tutmağa vadar etdiniz, bu gün isə müəssisə rəisinin Nemət Pənahlı ilə heç bir problemi olmadığı halda daxili intizamın pozulmasından danışırsınız?
Düzünü deyim ki, bizə çox gözəl dərs verdiniz. Biz kimdən kimə şikayət edirik? Anladıq ki, əslində ilk gündən Nemət Pənahlının həbsi ilə də, səhhəti ilə də, məzuniyyətə buraxılması ilə də bağlı bütün müraciətlərimizi birbaşa dövlət başçısına etməliymişik. Ona görə yox ki, bu ölkədə dövlət məmuru yoxdur, ona görə ki, Nemət Pənahlının hər kiçik problemi üçün təkcə dövlət başçısı izin almaq üçün yuxarılara üz tutmayacaq”.
Həcər Pənahlı açıqlamasını belə yekunlaşdırıb: “Cənab prezident, zəhmət olmasa, məni qəbul edin, sizə söyləyəcəklərim var”.
Xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Yanvar ayında Nemət Pənahlının atası vəfat edib. Ailənin Nemət Pənahlının müvəqqəti azadlığa buraxılması üçün dövlət qurumlarına müraciəti nəticə verməyib. Hazırda Nemət Pənahlının anası xəstəxanada yatır. Nemət Pənahlının anasını yoluxmasına imkan verilməsi üçün edilən müraciətlər də nəticəsiz qalıb.