Azərbaycan rəhbəri Israil, Fransa və Rusiyaya qoşulub ABŞ və Türkiyəyə qarşı oynamağa cəhd edir Növbəti dəfə “Eşşəyi qaçırdıb, palanı döyəcləyir”ik
/Aran agentliyi
Azərbaycan rəhbəri Israil, Fransa və Rusiyaya qoşulub ABŞ və Türkiyəyə qarşı oynamağa cəhd edir
Növbəti dəfə “Eşşəyi qaçırdıb, palanı döyəcləyir”ik. Söhbət Fransa Senatının məlum qərarından sonra bu ölkənin ATƏT-in Minsk Qrupunda davam edib edə bilməyəcəyi diskussiyasından gedir. Azərbaycanda nədənsə həmişə belə olur, qar yağanda şəhər təsərrüfatı yada düşür, sel gələndə kanalizasiya, biri çaşıb, ya da düşünüb bir fikir səsləndirsə, işğal olunmuş torpaqlar. Azərbaycan cəmiyyətinin bəzi element və ünsürləri isə mövsümi olaraq bu cür mövzulardan dividend götürməyə, hakimiyyətin qaranlıq işlərinin qabağında tozu dumana qatıb onların bəd əməllərini pərdələməyə görə yaşayırlar desək, yanılmarıq. Biz isə növbəti dəfə bu mövzunun üstündən necə soyuq su içildiyinə dair soyuq təhlilimizi sizə təqdim etməyə çalışacağıq.
Aldanmaq istəyi Bakınındır...
Amma bir məsələ də açıq qalır ki, Azərbaycan hökuməti, ümumiyyətlə, bu məsələdə kimin tərəfində olduğunu ortaya qoymadıqca biz rəsmi siyasətin yalnız ayrı-ayrı məmurlar səviyyəsində görsənən qanad-quyruğunu gözdən keçirə biləcəyik. Daha konkret desək, hazırkı konyunktur ab-hava rəsmi Bakının iki yalan arasında seçim etməyə üstünlük verərək həqiqətə yaxın gəlməmək həvəsini göstərir. Bu iki yalandan BIRI odur ki, Sarkoziyə yaxın olan şirkətlər və siyasilər ona hakimiyyətini uzatmaq üçün kömək edəcəklərini boyun olurlar. Bunun üçünsə Ilham Əliyev “genosid” məsələsində “təmkin”li davranmalı və Sarkozinin hakimiyyətdə qalmasına kömək etməlidir ki, “əl əli yusun, əl də üzü”.
IKInci yalanı isə Israil və Moskvadakı bəzi qruplar sırımaqdadır. Onların versiyasına görə, Türkiyə və ABŞ müttəfiqliyi artıq bitmək üzrədir. Iran məsələsi Israilin yenidən güclü kart kimi ortaya çıxmasına kömək edəcək. Yeri gəlmişkən, onlar həm də belə əsaslandırırlar ki, Fransanın məlum addımı Türkiyəni bu regionda bir qədər passivləşdirdiyi üçün ABŞ bunu Israil vasitəsi ilə kompensasiya etməyə məcburdur və buna görə də Türkiyə artıq əsas oyunçu olmaq şansını itirir. Belə olan şəraitdə Əliyev öz hakimiyyətini qorumaq üçün Israil və Moskva ilə yaxınlaşmalı və Ankaranın onsuz da “sıradan çıxarılmaqda” olan tendensiyalarına qoşulmamalıdır. Bu planın daha təsirli və açıq yeri isə Azərbaycan hakimiyyəti üçün həm də həyati əhəmiyyət daşıyan siyasi kartı - Qarabağ məsələsinin hansı istiqamətə üz tutacağı və ya bu status-kvonun necə qorunub saxlanacağıdır.
Beləliklə, bu həngamənin Qarabağa nə dəxli?
Türkiyə bilir ki, onun Minsk Qrupuna həmsədr olması real deyil. Amma onu da bilir ki, bunun real olmadığı qədər də Fransanın bu qurumda bu səlahiyyətdə qalması bizim üçün əfəllik, qanun və məntiq baxımından isə absurdun dözülməz və görünməmiş formasıdır. Fransa son addımı ilə Türkiyənin Azərbaycan üçün etmədiyini etdi. Bu vəziyyətə adekvat reaksiya təbii ki, ATƏT-in bir təsisat kimi Fransanın səlahiyyətlərinə son verməsi olardı. Amma bu olmadı. Onda Türkiyənin addımı daha məntiqlidir, çünki Fransanın bu cür davam etməsi məntiqi zorlayır. Bu zorlanmış məntiqin fəsadlarından xilas olmaq üçün mütləq adekvat reaksiyaya ehtiyac var. Azərbaycan hakimiyyəti isə Türkiyənin bu qurumda fəaliyyətini ona görə arzulamır ki, Türkiyə diplomatiyası ilə ayaqlaşmayacağını bilir. Daha doğrusu, indiki danışıqlar prosesinin sərhədlərindən kənara çıxacaq istənilən yeni addımın vəziyyəti dəyişə biləcəyindən ehtiyat edir. Bu isə hakimiyyət üçün siyasi kart olan Qarabağ məsləsinə Türkiyənin də nəzarət imkanı olması deməkdir. Yəni, Ilham Əliyev hakimiyyəti üzərində oturduğu daşın altına Türkiyənin ling salmasından çəkinir və buna imkan vermir.
Azadlıq