Hesabata görə sərbəst toplaşma azadlığı Azərbaycanda həll olunmamış problem kimi qalmaqdadır
/Aran agentliyi
Hesabata görə sərbəst toplaşma azadlığı Azərbaycanda həll olunmamış problem kimi qalmaqdadır.
Human Rights Watch təşkilatının 2011-ci il üçün açıqladığı ənənəvi illik hesabatda yer alan Azərbaycanla bağlı (http://www.hrw.org/europecentral-asia/azerbaijan) mövzumuzu davam etdirirəm. Sərbəst toplaşma azadlığına toxunan təşkilat ötən il vətəndaşların kütləvi etiraz aksiyaları keçirmə cəhdlərinin Azərbaycanın güc strukturları tərəfindən kobud surətdə qarşısının alınmasına toxunub, mitinqlər zamanı həbslərə məruz qalan gənc fəalların məhkəmə prosesinin siyasi motiv daşıdığını qeyd edib.
Daha yaxşı olardı ki, təşkilat hesabatında konkret olaraq fəal vətəndaşların həbs edilməsində onların ciblərinə narkotik vasitələrin qoyulması və sonradan bunu həmin fəallara qarşı ittiham irəli sürmək üçün istifadə edilməsini qeyd edərdi.
Hər kəs bilir ki, Azərbaycanda vətəndaşların cibinə, evinə silah və narkotik vasitə yerləşdirilib sonradan onları taparaq həmin vətəndaşların özlərinə qarşı istifadə edilməsi təcrübəsi hüquq mühafizə orqanları tərəfindən çoxdan tətbiq edilir. Hesabata görə sərbəst toplaşma azadlığı Azərbaycanda həll olunmamış problem kimi qalmaqdadır.
Həbslərə məruz qalan vətəndaşların təcridxanalarda və həbsxanalarda pis rəftar və işgəncələrə məruz qalması faktları da diqqətdən yayınmayıb. Ötən il belə rəftardan iki nəfərin öldüyü bildirilir. Ancaq məncə bu rəqəm bir neçə dəfə çoxdur. Nəyəsə görə təşkilat yalnız Elvin Əsgərov və Turac Zeynallının adını çəkməklə kifayətlənib. Təşkilat öz hesabatında Azərbaycan cəmiyyəti üçün son 3 ildə ən kəskin və dözülməz problemə çevrilən mülkiyyət hüquqlarının pozulması, insanların evlərinin və mülklərinin əllərindən alınması məsələsinə də diqqət ayırıb. Amma bu diqqət yetərli sayıla bilməz, qeyd olunan problemə təşkilat səthi toxunub və məsələnin kritik və dramatik səviyyəsi reallıqdan çox aşağı göstərilib.
Doğrudur qeyd olunur ki, hökumət məmurları məhkəmənin qərarına məhəl qoymadan və əvvəlcədən xəbər etmədən hüquq müdafiəçisi Leyla Yunus sahib olduğu mülkü dağıdıb. Ancaq iş burasındadır ki, belə durumda Leyla xanım tək deyil axı. Bakının Neftçilər, Heydər Əliyev, Atatürk, Azadlıq prospektlərində, Əlövsət Əliyev, Mirzağa Əliyev və digər onlarla küçələrində saysız hesabsız vətəndaşların evləri uçurdulub.
Bundan başqa Respublikanın rayonlarında da vətəndaşların mülkləri və pay torpaqları əllərindən alınıb. Cəlilabad, Göyçay, Daşkəsən, Kürdəmir rayonlarında ZQAN holdinq kimi məmurların himayəsində olan biznes qrumları vətəndaşların torpaq paylarını əllərindən alıb. Özüdə burda bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, bir çox hallarda vətəndaşların mülklərinin uçurulması və ya mənimsənilməsi heç məhkəmə qərarı olmadan belə aparılır. Yəni hər hansı bir mülkün uçurulması üçün məhkəmə qərarı olanda, bu prosesə bir hüquqi don geydirmək olar, baxmayaraq ki, bu məhkəmə qərarı qeyri konstitsion, ədalətsiz və insan hüquqlarına zidd sifarişli ola bilər. Amma əksər hallarda heç məhkəmə qərarları belə olmadan ZQAN holdinq kimi biznes qrumları vətəndaşların torpaqlarını əllərindən alır, AZİNKO holdinq kimi biznes qrumları vətəndaşların evlərini başlarına uçurdur.
Məhkəmə qərarı olmadan vətəndaşların mülklərinin uçurdulması və özlərinin küçələrə atılması qanunsuzluğun son həddi və kriminaldır. Bu cür hallarla saysız hesabsız sadə vətəndaşlar qarşılaşır və onların səslərini heç kim eşitmir. Hesabatda siyasi motivli ittihamlar əsasında həbsolunmalara da toxunulub.
Bu başlıq əsasən kütləvi etiraz aksiyalarında iştirak edən vətəndaşlar, xüsusilədə fəal gənclərin həbsindən bəs edilir. Burda da sayı bir qədər reallıqdan az göstərilib. Ümumiyyətlə hesabatda rəqəmlər və ifadələr yerli hüquq müdafiə təşkilatlarının raportlarına əsaslanır. Bu səbəbdən yerli hüquqmüdafiəçiləri raportlarından dəqiqliyi qorusalar daha yaxşı olardı.
Din azadlığına da yerə ayıran təşkilatın hesabatında deyilir ki, bütün dini qruplar üzərində məhdudiyyətləri sərtləşdirən hökumət 2010-cu ilin İyun ayında qanunvericiliyə edilən dəyişiklərə əsasən icazəsiz dini fəaliyyətin qarşısını almaq üçün cərimələri nəzərə çarpacaq dərəcədə yuxarı qaldırmış və bütün dini qruplara hər hansı toplantı keçirmək üçün əvvəlcədən hökumətdən icazə alınması tələbini qoymuşdur.
2011-ci ilin İyun ayında Yehova Şahidləri dini icmasının 40 üzvünün iştirakı etdiyi xüsusi yığıncağın qarşısını alan polis saxladığı iştirakçıları təxminən 10 saata yaxın sorğu sual etmişdir. Onlardan 3 nəfəri dini toplantılar haqda qaydaları qozmaqda günahlandırılaraq məhkəmə tərəfindən pul cəriməsi ilə cəzalandırılmışdır. Həmin gün, polis Sumqayıt şəhərində Baptistlərin yığıncağına müdaxilə edərək onların rəhbərinə xəbərdarlıq etmişdir ki, dövlətin icazəsi olmadan ibadət məqsədilə toplaşmasınlar.
Yehova Şahidlərinin Gəncə şəhərindəki icması 2010-cu ildən bu yana ən azından iki dəfə qeydiyyat üçün müraciət etsə də hər dəfə imtina edilmişdir. 2010-cu ilin Dekabr ayında hökumətin məktəb və universitetlərə hicabla getməyi qadağan etməsi minlərlə qız və qadının baş örtüsünü çıxarmasına səbəb olmuşdur.
Məhkəmənin 2011-ci ilin Oktyabr ayında verdiyi qərara əsasən icazəsiz keçirilən aksiyaların təşkil olunmasında və hicab qadağasına etiraz məqsədiylə May ayında keçirilən aksiyada polisə müqavimət göstərməkdə ittiham olunan 5 nəfər 2,6 il müddətədək azadlıqdan məhrum edilmişdir.
2011-cil ilin Yanvar ayında, dövlət qeydiyyatı olmayan İslam Partiyasının sədri Mövsum Səmədov həbs olunmuşdur. Mövsumovun həbsi onun YouTube videopaylaşma portalında yayımlanmış çıxışında prezident Ilham Əliyevi tənqid etdikdən sonra baş vermişdir. Oktyabr ayında Mövsümov dövlət çevrilişinə cəhddə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilmişdir.
Zənnimcə Mövsüm Səmədov və məhbus dindarlara qarşı hakimiyyət tərəfindən həbslər və təqiblərin kəskinliyi kifayət qədər qeyd edilməyib. Onların açıq mətnlə vijdan məhbusu olması hökmən qeyd edilməli idi. Hesabatda ABŞ, AB və beynəlxalq təsisatların Azərbaycan hakimiyyətindən demokratik dəyərlərə əməl etməsi üçün tələblərini qəti surətdə ifadə olunması tövsiyyəsi də qəti vurğulanmır. Hər halda təşkilatın 2011-ci ili üçün hesabatına əsasən Azərbaycan yenə də insan hüquq və azadlıqlarının kobud və kütləvi şəkildə pozulduğu ölkələrin sırasına düşdü.
Islamtimes