Hüseyn Sabirinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ikigünlük işgüzar səfərə gəlib
/Aran agentliyi
Hİran İslam Respublikasının Ərdəbil vilayətinin ostandarı Hüseyn Sabirinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ikigünlük işgüzar səfərə gəlib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ərdəbil vilayətinin ostandarı Hüseyn Sabirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş.
Ali Məclisin sədri Azərbaycan ilə İran arasında tarixi əlaqələrin yeni mərhələdə uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan-İran münasibətlərinin inkişafına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin dərinləşməsi də töhfəsini verir. İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Beynəlxalq statusa malik Culfa və Şahtaxtı dövlət sərhəd buraxılış məntəqələrinin fəaliyyəti, Şahtaxtı-Poldəşt körpüsünün, Culfa-Culfa yeni avtomobil körpüsünün tikilib istifadəyə verilməsi qarşılıqlı münasibətlərin uğurlu inkişafının nəticəsidir. Hazırda vətəndaşlarımız gömrük keçid məntəqələrindən istifadə edərək rahatlıqla gediş-gəliş edə bilirlər.
Ərdəbil vilayəti ilə qurulan faydalı əməkdaşlığın da yüksələn xətlə inkişaf etdiyini deyən V.Talıbov qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. O, Hüseyn Sabirinin Naxçıvana səfərinin əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətini qeyd edib, İranın milli bayramı – İslam İnqilabı Günü münasibətilə İran xalqına təbriklərini çatdırıb.
Ərdəbil vilayətinin ostandarı Hüseyn Sabiri səmimi görüşə görə minnətdarlıq edib, İranın Azərbaycan ilə, eyni zamanda Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. İran prezidenti Mahmud Əhmədinejadın salamlarını Ali Məclisin sədrinə çatdıran qonaq, Naxçıvana ikinci dəfə səfər etdiyini və muxtar respublikada sürətli inkişafın şahidi olduğunu bildirib. Ali Məclisin sədrini münasib bildiyi vaxtda Ərdəbil vilayətinə səfərə dəvət edən Hüseyn Sabiri deyib ki, Ərdəbil vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin dərinləşməsi üçün real imkanlar var. Hər iki tərəfin səyləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə mədəniyyət, turizm, təhsil, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
İranın Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak edib.
Ərdəbil vilayətinin ostandarı Naxçıvana səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, muxtar respublikanın görməli yerləri ilə tanış olacaq.
SalamNews